Türk əsilli qız milyonları riqqətə gətirdi VIDEO
10 May 2016 11:50 Dünya"Bu video Avropaya üz tutan qaçqınların, miqrantların yaşadıqları həyatı, onların məruz qaldıqları faciələri əks etdirir". Beynəlxalq "Safe the Children" təşkilatının Şimali Afrika və Yaxın Şərq ölkələrindən Avropa Birliyinə axışan miqrantların problemlərinə diqqəti cəlb etmək üçün çəkdiyi "Hər şeyə rəğmən, şoka salan ikinci gün" (Still The Most Shocking Second A Day) adlı reklam videosu milyonlarla insanı riqqətə gətirib. Videonun "qəhrəman"ı kiçik qardaşı ilə Avropaya sığınan qızdır. Bu qız obrazını İngiltərənin Esseks qraflığındakı Harlou şəhərinin sakini, 13 yaşlı Lili-Rouz Aslandoğdu oynayır. "Still The Most Shocking Second A Day" videosu "Save The Children"in 2014-cü ildə hazırladığı "Most Shocking Second a Day Video"nun davamıdır. "Most Shocking Second a Day Video" videosuna indiyədək 53 milyon insan baxıb. İlk videoda Lili-Rouzu və kiçik qardaşını anası bombalanan, viran qoyulan şəhərdən çıxarır. Bu zaman onlar ölüm təhlükəsi ilə üzləşirlər, atəşə tutulurlar, ananı və balalarını öldürmək istəyirlər. Fəqət, ana övladlarını Avropaya çatdıra bilir. İkinci videoda isə artıq ana yoxdur: 13 yaşlı qız və qardaşı Avropada tənha qalıblar. Lili-Rouzun canlandırdığı obraz kiçik qardaşına analıq etmək istəyir. Video qızın qaçqın düşərgəsindəki ad günü ilə başa çatır. Humanitar təşkilatın mənsubu olan qadın qızdan "Valideynlərinin adları nədir?" deyəndə Lili-Roruz susaraq kədər dolu nəzərlərlə kameraya baxır. Sonda deyilir: "Bu, hazırda yanınızda baş vermirsə, o demək deyil ki, ümumiyyətlə baş vermir". Lili-Rouzun dediyinə görə, video çəkilərkən o, Britaniyaya sığınmış suriyalı qaçqınlarla görüşüb. "Yaşıdlarımı gördüm və onlar kədər, qəm içindəydilər. Onlar dəhşətlə qarşılaşmışdılar, əzablar yaşamışdılar. Özümdən utandım, çünki onların yanında özümü çox rahat həyat yaşayan insan kimi hiss etdim", - Lili-Rouz söyləyib.

