Qarabağda səngər qazan erməni əsgərlər tarixi əşyalar tapdılar
10 May 2016 11:49 Dünya"Aprel döyüşləri"ndən sonra Qarabağdakı mövqelərini dəyişməyə məcbur qalan erməni əsgərlər yeni səngərlər qazarkən tarixi əşyalar tapıblar. Modern.az bildirir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıblar. Qarabağdakı separatçı rejimin "rəsmiləri" dərhal hərəkətə keçərək, tapılan antik əşyaları qədim erməni mədəniyyətinin nümunələri kimi təqdim ediblər.
Qeyd edək ki, hadisə Dağlıq Qarabağın şərq istiqamətində qeydə alınıb. İşğalçı ordunun əsgərləri mühəndis-istehkam işləri gördükləri zaman antik dövrə aid 2 bütöv kuzə, fincan və 4 boşqab aşkar ediblər. "Hazırda tapılmış abidələr tarixi departamentdə saxlanılır və təmizlənəcək", - deyə separatçı rejimin "rəsmisi" Diana Miricanyan deyib. Tapıntıların aşkar edildiyi ərazidə yeni arxeoloji qazıntıların başlanacağı gözlənilir.