Rusiyalı hakerlər 272 milyondan çox elektron poçtu sındırıb
6 May 2016 19:15 DünyaPopulyar elektron poçt xidmətindən istifadə edən 272.3 milyon istifadəçinin məlumatları rusiyalı kibercinayətkarlar tərəfindən oğurlanıb. İKT.lent.az-ın NTV-yə istinadən xəbərinə görə, bu barədə "Hold Security" şirkətinin təhlükəsizlik üzrə aparıcı mütəxəssisi Aleks Holden açıqlama verib. Onun sözlərinə görə, "Hold Security"nin mütəxəssisləri forumlardan birində rusiyalı hakerin özündə elektron poçt istifadəçilərinin login və parollarını saxlayan məlumat bazasını 50 rubla satın almağı təklif etməsi halı ilə rastlaşıblar. Daha sonra rusiyalı haker bu məlumatı internetdə pulsuz dərc etməyə razılaşıb. Haker əvvəlcə 1.17 milyard elektron poçt hesabına müdaxilə edilməsi ilə bağlı məlumat versə də, "Hold Security" şirkətinin mütəxəssisləri dublikatları sildikdən sonra məlum olub ki, 300 milyondan az hesab ələ keçirilib. A.Holden məlumat verib ki, hakerlər aylıq 64 milyon abunəçisi olan "Mail.ru" servisində 57 milyon elektron poçt qutusuna müdaxilə ediblər. Bundan başqa, "Yahoo!" poçt xidmətində 40 milyon, "Microsoft Hotmail"də 33 milyon, "Google"da 24 milyon elektron poçt qutusunun parol və logini hakerlər tərəfindən ələ keçirilib. Ekspertlər bu məlumatların sonrakı müdaxilə və ya fişinq hücumlarında istifadəsindən narahatdırlar. "Mail.ru" servisindən isə qeyd ediblər ki, ələ keçirilən login və parollar aktiv istifadəçilərə məxsus deyil.