Parqalı İbrahim Paşanın edamında Qızılbaş izi - İlginc tarixçə

Əkbər Nəcəf

Tarix üzrə fəlsəfə doktoru

Osmanlı dövlətinin ən böyük sədrəzəmlərindən (baş vəzir) olan Parqalı İbrahim Paşanın öldürülməsinə səbəb Azərbaycan səfəri göstərilir. Parqalının bu səfər zamanı məsuliyyətsizliyi, dəfdərdar İskəndər Çələbini haqsız yerə edam etdirməsi, ordudakı böyük itki və özünü "səraskər sultan" elan etməsi paşanın Qanuni Sultan Süleyman tərəfindən edam edilməsilə nəticələnmişdir.

Parqalı İbrahim Paşanın sədrəzəmliyi Osmanlı tarixi üçün bir dövrün sonu, yeni dövrün başlanması mənasına gəlir. Onun hakimiyyətə gəlməsi Osmanlıda türk sədrəzəmlər dövrünün sona çatması, "devşirmə" adlanan sədrəzəmlər dövrünün başlangıcıdır. Bu cəhətdən, həm Osmanlı müəllifləri, həm də müasir türk tarixçiləri tərəfindən İbrahim Paşa sevilməyən biri olmuşdur. Misal üçün, İsmail Hami Danişmənd paşanın edamını "doğru verilmiş qərar" hesab edərək, onun nəslini də "avara" adlandırmışdı. Müəllif onu "Firəng İbrahim Paşa" adı ilə təqdim etmişdir.

"Əfrənciyyül-əsl"

Parqalı İbrahim Paşanın mənşəyi mübahisəlidir. Onun firəng, italyan, rum (yunan) və arnavut (alban) əsilli olduğu haqqında müxtəlif fikirlər səslənib. Osmanzadə Tayib Ahmed "Hadikat-ül vüzəra" adlı əsərində İbrahim Paşanı "əfrənciyyül-əsl" (firəng əsilli) adlandırmışdı. Onun "İstanbul qala divarlarının əfsanəvi ustası Yanko ibn Madyan nəslindən" olduğunu da iddia etmişdi. Eyni məlumat avropalı məşhur Osmanlı tarixçisi İorqanın əsərində də yer alır. İsmail Hami Danişmənd isə paşanın ailəsinin "Genuyalı bir italyan olduğunu" iddia etsə də, haqqında rum və xorvat olduğu rəvayətləri də dilə gətirmişdi. Avropanın ilk Osmanlı tarixçisi Hammer Pruqstalla görə, "İbrahim Paşa rum əsilli" idi. İslam Ensiklopediyasında "İbrahim Paşa" maddəsini yazan Tayyib Gökbilgin sədrəzəmin 1493-cü ildə anadan olduğunu bildirir. Anadan olduğu yer indiki Yunanıstanda Parqa adlanan bölgəyə bağlı bir kənd idi. Atası və ailəsi balıqçı olmuşdu.

Onun Osmanlı sarayına necə gəlməsi də mübahisəlidir. Qərb mənbələri İbrahimin altı yaşında türk dəniz quldurları tərəfindən oğurlanıb manisalı bir qadına satıldığını iddia edirlər. Osmanlı mənbələri isə İbrahimin Sultan II Bəyazid dövründə Bosniya bəylərbəyi İskəndər Paşa tərəfindən hücum zamanı ələ keçdiyini, istedadlı uşaq olduğundan, Kəfə (Krımda) sancaq bəyi Süleymana hədiyyə edildiyi bildirilir. Amma bu məlumat şübhəlidir. Belə ki, Süleyman 1509-cu ildə Kəfə sancaq bəyliyinə təyin edilmişdir. Halbuki o tarixdə İbrahim 16 yaşında idi. İbrahimin altı yaşında Osmanlıların əlinə əsir düşdüyünü nəzərə alsaq, bu hadisə 1499-cu ildə olmuşdur. Süleyman isə ondan iki yaş kiçik olub 1494/95-ci il, noyabrın 6-da İstanbulda dünyaya gəlmiş və 1509-cu ilə qədər paytaxtı tərk etməmişdir.

Kaman səsi

Parqalı İbrahimin türk dəniz quldurları tərəfindən ələ keçrilib manisalı bir qadına satıldığı iddiasının doğruluğu aydındır. Oğurluq hadisəsi, ehtimal ki, İbrahimin atası ilə birlikdə balıq ovuna çıxdığı zaman meydana gəlmişdi. Quldurların İbrahimi satdıqları türk qadının dul xanım olduğu iddia edilir. Bu qadın İbrahimə oğlu kimi baxmış, onu qul hesab etməmişdi. İbrahimin uşaq yaşlarından türklərin kamança adlandırdıqları skripka çaldığı qeyd edilir. 1512-ci ildə Sultan Səlim Yavuz Osmanlı taxtına çıxınca, oğlu şahzadə Süleymanı Manisa valisi təyin etdi. Süleyman atasının 1520-ci ildə vəfatına qədər Manisanı idarə etmişdi. Süleyman Manisadakı vaxtının çoxunu ov, şeir və musiqi şənliklərində keçirirdi. Bir gün Süleyman meşədə gəzinti zamanı kaman səsi eşidir. Bu musiqi aləti ilə maraqlanan şahzadə İbrahimlə tanış olur və bu tanışlıq İbrahimin edamına qədər davam edən dostluğa çevrilir. Elə həmin tarixdən etibarən İbrahim Süleymanın xidmətinə girir.

Dostluq

Mənbələr İbrahimin istedadlı və səriştəli dövlət adamı olduğunu, amma bütün bunların onun sədrəzəm dərəcəsinə yüksəlməsi üçün kifayət etmədiyini bildirirlər. İbrahimin yüksəlişinin yeganə səbəbi Süleymanla dostluğu olmuşdur. İsmail Hami Danişmənd, paşanın yüksəliş səbəbini "onun intriqaçı və yaltaq şəxsiyyətinə" bağlayır. Süleyman 1520-ci ildə taxta çıxdıqdan sonra İbrahimi "xas-odabaşısı" elan etmiş, iki il sonra isə onu sədrəzəm təyin etmişdi. Sədrəzəm kimi paşanın çox təcrübəsiz olduğu qeyd edilir. Hətta divanı idarə edə bilmədiyi və bu səbəbdən şikayətlərin artdığı vurğulanır. Paşanın vəziyyətini nəzərə alan Sultan Süleyman, Cəlalzadəni onu xüsusi katibi təyin etmişdi. Tarixçi İsmail Hakkı Uzunçarşılıya görə, divanda Cəlalzadə əlini qələmə atdığı zaman sədrəzəm İbrahim həmin məsələ haqqında qərar verilməsi gərəkliyini başa düşürdü. Bu, katiblə sədrəzəm arasında divan məclislərində xüsisi xəbərləşmə forması idi.

İbrahimin toyu

Mənbələrdə, açıq olmasa da, İbrahimin Sultan Süleymanin bacısı ilə evləndiyi iddia olunur. Osmanlı müəllifi Pəçəvi bu hadisəni öz əsərində "Vəzir-i əsəm İbrahim Paşanın padişahın qızı ilə evlənmə düyünü" başlığı ilə təqdim edir. Amma türkiyəli məşhur Osmanlı tarixçisi İsmail Hakkı Uzunçarşılı "Qanuni Sultan Süleymanın vəzir-i azamı makbul və maktul İbrahim Paşa padişahın damadı (kürəkəni) deyildir" başlığı altında müstəqil bir məqalə qələmə almış və Xədicə Sultan ilə İbrahimin evləndiyi haqqında məlumatın doğru olmadığını bildirmişdi. Sultan Süleymanın dostu və vəziri İbrahim paşaya 15 günlük toy təşkil etdiyi bildirilir. Toy məclisində Xəyali, Zati və Fəqani kimi dövrün məşhur şairləri də iştirak etmiş və qəsidələr oxumuşdular. İbrahim Paşa toyundan dörd ay sonra Misirə səfər etmək məcburiyətində qalmış və bu səfər zamanı Süleyman sədrəzəmi özü yola salmışdı. İbrahim Paşa Misirdən qayıtdıqda isə padşah İstanbula dörd günlük məsafədə onu qarşılamışdı. Qarşılama mərasimi zamanı meydana gələn bir hadisə bir çoxlarının diqqətindən yayınmamışdır. Padşah sevdiyi vəzirinə bir hədiyə bağışlamışdır. Buna müqabil, İbrahim Paşa da sultana eyni dəyərdə "sərpuş" (papaq) hədiyyə etmişdi. Padşahın hədiyyəsinə hədiyyə ilə qarşılıq vermək ancaq padşahlara məxsus idi.

İbrahimin Azərbaycan səfəri

İbrahim Paşanın sədrəzəmliyi on ildən çox davam etmişdi. Vəzirliyinin son ilində sultan onu Azərbaycan səfərinin başına gətirdi. Bu səfər sultan ilə sədrəzəm arasında iplərin qopduğu an hesab edilir. Səfərdə Qanuni özü də iştirak etmişdi. Səfər Qızılbaş hökmdarı Şah Təhmasibin Şərqi Anadoludakı hücumlarının qarşısını almaq məqsədi daşıyırdı. Ordunun hərəkəti Diyarbəkr-Mosul-Bağdad istiqamətində planlaşdırılmış və rəhbərlik İbrahim Paşa ilə dəfdərdar İskəndər Çələbiyə tapşırılmışdı. Amma gözlənilməyən hadisələr meydana gəldi. İbrahim Paşa ilə dəfdərdar İskəndər Çələbi arasında ixtilaflar ortaya çıxdı. Bir-birini sevməyən bu iki dövlət adamı arasında qısqanclıq hakimdi. Misal üçün, İbrahim paşa özünün şəxsi qullarının 400 olduğu halda, dəfdərdar İskəndər Çələbinin qullarının sayının 6200 olmasından çox narahat idi. İbrahim Paşa İskəndər Çələbidən ona 110 qul bağışlamasını istəmiş, Çələbi ona ancaq 30 kölə göndərmişdi. Bu da paşanı çox hiddətləndirmişdi. İskəndər Çələbi paşanı səfər haqqında səhv məlumatlandıraraq onun uğursuzluğa düçar olmasını istəyirdi. Bu məqsədlə sədrəzəmi birbaşa Təbrizə hücum etməyə razı saldı. Digər tərəfdən, İskəndər Çələbinin yerinə keçmək istəyən Suriya dəfdərdarı Əli Bəy ilə İbrahim Paşa onu xəzinə dəvələrini yağmalamaqda ittiham etmək üçün intriqalara başlamışdılar. Tarixçi Pəçəvi, İbrahim Paşanın Təbrizə hərəkət etməkdə narahat olduğunu və bu məqsədlə "Hafiz Şirazi divanından fala baxdırdığını, falın yaxşı çıxmasından sonra Təbrizə hərəkət etdiyini" bildirir. Qızılbaş hökmdarı Şah Təhmasb bu vaxt Xorasanda özbəklərə qarşı səfərdə olduğundan, Təbriz müqavimətsiz alındı. Amma Osmanlı ordusunun itkiləri çox ağırdı. Qızılbaşlar Təbrizi müqavimətsiz tərk etsələr də, yol boyu osmanlılar üçün böyük təhlükələr və çətinliklər yaratmışdılar. Azərbaycandakı vəziyyəti bilmədən ordunun belə bir macəraya sövq edilməsi bir tərəfdən İskəndər Çələbi ilə Uləma Paşa, digər tərəfdən isə İbrahim Paşa ilə Əli Bəy arasında ciddi ixtilaflara səbəb olmuşdu. Nəticədə İbrahim paşa Süleymanı inandıraraq İskəndər Çələbini edam etdirmişdi. Amma bu, problemin başlanğıcı idi. Osmanlı ordusunun Təbrizdən Bağdada gəlməsi əvvəlkindən iki dəfə böyük itkiyə səbəb oldu. Belə ki, osmanlı ordusu Qızılbaşların paytaxtı Sultaniyəyə hərəkət etmək istəmiş, amma qarşılaşdıqları qida qıtlığı səbəbindən Dərcəzinəyə geri dönərək buradan Həmədan yolu ilə Bağdada getmişdilər. Həmədan yolunda qızılbaşlar osmanlıları təqib etmiş və vaxtaşırı onlara böyük çətinliklər törətmişdilər. Osmanlı ordusunda meydana gələn aclıq minlərlə əsgərin və heyvanın tələf olmasına səbəb olmuşdu. Ordunun sürətlə hərəkət etməsi üçün Sultan Süleyman silahların böyük hissəsini düşmənin əlinə keçməməsi üçün torpağa basdırılmasını əmr etmişdi. Qışın tez gəlişi də osmanlılara ağır zərbə vurmuşdu. Osmanlıların yüzlərlə topu bu şəkildə itirdikləri qeyd edilir. Osmanlılar Bağdada çatmamış Təbriz yenidən qızılbaşların əlinə keçmişdi. Osmanlılar 1534-cü ilin dekabrın 1-də Bağdada girdilər. Sultan Süleyman və İbrahim Paşa burada dörd ay qaldılar. Bu vaxt qızılbaşların Van qalasında Uləma Paşa başçılığındakı osmanlı ordularının əsas hissəsini mühasirəyə aldığını eşidən Süleyman 2 aprel, 1535-ci ildə Bağdaddan ayrılmışdı. Çıxılmaz vəziyyətdə qalan Sultan Süleyman təcili geri çəkilməyə başladı. Belə ki, qızılbaşlar əvvəlcə Vanı, daha sonra da Ərcişi ələ keçirdilər. Üstəlik, osmanlı ordusunu Ərzincana qədər təqib etdilər. Beləcə, Azərbaycan səfəri rüsvayçılıqla nəticələndi. Bu səfərdə əldə edilən tək qazanc Bağdadın Osmanlıların əlinə keçməsi oldu.

Parqalının sonu

Bu dövrün ən mühüm mənbəsi hesab olunan "Tarixi Pəçəvi" əsərində Təbrizdə imzalanan bəzi fərmanların ortaya çıxması ilə İbrahim Paşanın sonunun çatdığı qeyd edilir və bu fərmanların "qızılbaş tayfasının oyunu" olduğu bildirilir. Belə ki, Sultan Süleymana təqdim olunan bu fərmanlarda İbrahim paşa özünü "səraskər sultan" (ordunun sultanı) adlandırmışdı. Yəni sədrəzəmin edamında dolayısı ilə qızılbaşların əli vardı. Səfəvi mənbələri Sultan Süleymanın səfəvilərlə sülh bağlamaq tərəfdarı olduğunu, amma İbrahim paşanın buna imkan vermədiyini iddia edirlər. Buna görə də paşa qızılbaş casusların hədəfində idi. İbrahim Paşa Təbriz və Bağdadda olduğu zaman osmanlı hakimiyyətini qəbul edən qızılbaş əmirləri ona "səraskər sultan" titulu ilə fərman imzalatmışdılar. Bundan başqa, İbrahim paşa hələ Təbrizdə olarkən qızılbaş casusları onun haqqında "səraskər sultan" şayiəsini yaymışdılar və bu da İskəndər Çələbi ilə sədrəzəm arasında sərt mübahisələrə səbəb olmuşdu. Sultan Süleyman İstanbula gəldiyi zaman bir gecə yuxusunda İskəndər Çələbinin onun üstünə yeridiyini görmüş və "onu haqsız yerə niyə edam etdirdiyini" soruşmuşdu. Bu hadisə Süleymanı çox narahat etmişdi. Bundan bir müddət sonra isə Osmanlı sarayında İskəndər Çələbinin ölməzdən əvvəl sultana yazdığı məktub ortaya çıxdı. Məktubda Çələbi, İbrahim Paşanın iraqlılarla razılaşdığını və sultanı ortadan qaldırmaq istədiyini xəbər verirdi. Bütün bunlara sarayda Xürrəm sultanın yaydığı söz-zöhbətlər də əlavə edilincə, Qanuni Sultan Süleyman 1535-ci ilin 17 mart tarixində İbrahimi edam etdirdi. İbrahimin "ordunun sultanı" adlandırılması Süleymanın maddi və mənəvi şəxsiyyətinə vurulmuş zərbə idi. Cünki Qızılbaşlar bununla Osmanlıların bir devşirmə tərəfindən idarə edildiyinə eyham vurmuşdular. Sultan Süleyman, İbrahim haqqında edam qərarını verərkən özünün və dövlətinin etibarını xilas etmək istəmişdi. Bu səbəbdən də osmanlı mənbələri paşanı "makbul və maktul" (qəbul edilən və qətl edilən) sədrəzəm adlandırmışdılar. İbrahimə hörmət əlaməti olaraq, sultan onun boğularaq öldürülməsini əmr etmişdi. Bu məqsədlə Süleyman onu öz sarayına dəvət etmiş və gecə yatağı yerdə edam etdirmişdi. Türklərdə ancaq hökmdar qanı daşıyanlar boğularaq öldürülürdü. Buna görə də İbrahim devşirmə odluğundan, meydanda boynu vurularaq edam edilməsi lazım idi. Amma Süleyman onu boğdurmaqla, dostuna verdiyi qiyməti göstərmişdi...

Parqalının məzarı üzərində türbə qoyulmadı və İstanbulun Fındıqlı məhəlləsindəki qəbri baxımsız haldadır.

TURKUSTAN.info
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00