İran İraqa olan təyyarə reyslərini təxirə saldı
Belə bir qərarın verilməsinə səbəb Bağdadda baş tutan kütləvi nümayişlərlə əlaqədardır.
1 May 2016 20:01 Dünyaran İslam Respublikası Bağdada bu günə olan təyyarə reyslərini ləğv edib. ANS PRESS-in məlumatına görə, bu barədə İRNA agentliyi məlumat yayıb. Həcc və digər ziyarətlərinin təşkilatçısı Səid Oxadi bildirib ki, belə bir qərarın verilməsinə səbəb Bağdadda baş tutan kütləvi nümayişlərdir.
"Artıq qonşu ölkədə olan zəvvarların təhlükəsizliyi təmin edilib".
"Şübhəsiz ki, hadisələrin hazırki inkişafı bizim üçün problemlər yaradır. Buna görə də, Bağdada iranlı zəvvarları daşıyan təyyarələrin uçuşlarını dayandırmaq qərara alınıb", -deyə S. Oxadi bildirib.
Təşkilatçı onu da bildirib ki, qonşu ölkədə olan zəvvarların təhlükəsizliyi artıq təmin edilib. "Hal-hazırda 300 iranlı zəvvar ölkədə baş verən nümayişlərə görə paytaxta gedə bilmir. İran İslam Respublikası hakimiyyəti onların ölkəyə qayıdış problemini həll etməyə çalışır".
Ötən gün İraqda hökumətin təsdiq etdiyi yeni deputatlara qarşı etiraz edən aktivistlər parlament binasına hücüm edib. Yüzlərlə etirazçı kordonları yararaq zorla Bağdad parlament binasının "yaşıl zonasına" daxil olublar.
Deputatları mühasirəyə alan etirazçılar onları binadan buraxmamağa çalışıblar. Millət vəkilləri etiraz edənlərin təhqiredici qışqırıqları altında ehtiyat çıxışından istifadə edərək qaçmağa məcbur olublar. Parlamentin bəzi deputatları nümayişçilərin hücumu nəticəsində xəsarət alıb.
Binaya daxil olan etirazçılar ətrafda olan stol, stul və mebeli dağıtmağa başlayıb. Parlament qarşısında polisin sayı gücləndirilib.