“Blackberry” smartfon istehsalından imtina etdi

"Blackberry" şirkəti tam olaraq smartfon istehsalından imtina edib. İKT.lent.az-ın "runews24.ru" saytına istinadən məlumatına görə, şirkət diqqətini korporativ proqram təminatının yaradılmasına cəmləməyi planlaşdırır. Qərbin ixtisaslaşmış KİV-nin məlumatına görə, şirkətin rəhbəri Karl Vayz özünün sonuncu çıxışı zamanı söyləyib ki, son zamanlar "BlackBerry" şirkətinin proqram təminatı satışları gözləntiləri ötüb. "Ötən il konfransda maliyyə analitiklərinin bütün sualları telefonlarla bağlı idi. O zaman da biz elan etdik ki, proqram təminatından 500 milyon dollar gəlir əldə etmək istəyirik. Həmin vaxt hər kəs bizi dəli sayırdı. Bu gün biz öz məqsədlərimizə çatmışıq və hazırda analitiklərin sualları ancaq proqram təminatı ilə bağlıdır", - deyə o bildirib. Xatırladaq ki, "BlackBerry" şirkəti 2007-ci ildə "Apple" korporasiyasının ilk "iPhone" smartfonu çıxana qədər smartfon bazarında lider mövqelərə malik idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00