Qərblə körpüləri yandıran Rusiya yeni müttəfiq axtarışında
Kremlin ümidlə baxdığı Pekin və Astana da Moksvadan daha çox Qərbə üstünlük verir
28 Aprel 2016 14:58 DünyaBu günlərdə Rusiya Federasiyasının paytaxtı Moskvada 5-ci Təhlükəsizlik Konfransı keçirilib. Kreml bu konfransı məşhur Münhen təhlükəsizlik konfransına bənzətmək istəyib. Ancaq Rusiyanın istəyinə rəğmən budəfəki konfransa NATO ölkələrindən heç kim qatılmadı. Halbuki, birinci konfransda Qərb ölkələrinin təmsilçiləri də iştirak edib və tədbir maraqlı diskussiya ilə yadda qalmışdı. Budəfəki konfransda isə çıxışların çoxu monoloq xarakteri daşıyıb. Rəsmi Moskvanın dəvətinə Avropanın rədd cavabı verməsinin əsl səbəblərini təhlil edən "Atlas" Araşdırmalar Mərkəzi hesab edir ki, Rusiyanın Krımı işğal etməsi NATO ölkələrinin Moskva konfransına marağını azaldıb. Konfransda yalnız Avrasiya ölkələrinin nümayəndələri iştirak ediblər. İran, Suriya, Pakistan, Əfqanıstan və Çinin nümayəndələri isə Moskvada qlobal təhlükəsizlikdən daha çox başqa ölkələrə qarşı iddialar səsləndirirdilər. Məsələn, Moskvada çıxış edən İran nümayəndəsi bütün problemlərin kökündə sionizmin dayandığını iddia edib. Halbuki, Rusiya hakimiyyəti İsraillə sıx münasibətlərə malikdir və İsrail əleyhinə belə çıxışlar Kremldə diskomfort yaratmalıdır.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə konfransındakı çıxışında ABŞ və NATO-nu tənqid etdikdən sonra Qərbin təzyiqlərinə alternativ yol göstərib: "Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində hərbi əməkdaşlığı genişləndirmək və təşkilatda hərbi məsləhətçilər institutu yaratmaq lazımdır". Mərkəz hesab edir ki, Sergey Şoyqunun bu ideyasının reallaşması problematikdir. Çünki Krımın işğalından sonra Rusiyadan nəinki Qərb dövlətləri, öz müttəfiqləri də ehtiyat edirlər. Şanxay Əməkdaşlıq Təşkilatında Rusiyadan başqa digər əsas iki dövlət - Çin və Qazaxıstan da yer alır. Astana və Pekin Rusiya ilə iqtisadi və ticarət əlaqələrini genişləndirmək, o cümlədən birgə regional layihələr həyata keçirmək istəyirlər. Ancaq nə Astana, nə də Pekin Kremlin hərbi avantüralarına şərik olmaq istəmirlər. Qazaxıstan və Çin Rusiyadan fərqli olaraq Qərb ölkələri ilə körpüləri yandırmır, tam əksinə Vaşinqton və Brüssellə müxtəlif iqtiqamətlərdə əməkdaşlıq etməkdə maraqlıdırlar. Rusiya Şanxay Əməkdaşlıq Təşkilatını hərbi bloka çevirməkdənsə, "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı niyə yararsızdır" sualına cavab axtarmalıdır. Sualın cavabı isə yenə Rusiyanın xarici siyasətində, Moskvanın Krımı işğalında və ətrafdakı separatçılara verdiyi dəstəkdədir. Ona görə də heç bir dövlət Rusiya ilə hərbi müttəfiq olmaq istəmir. İki il əvvələ qədər Ukrayna və Türkiyə Rusiyanın strateji tərəfdaşları idi. İndi isə Rusiya hər iki ölkəni özünə düşmən edib.
Rusiya rəsmiləri və ekspertləri aprelin 2-dən bu yana eyni ittihamı təkrarlayırlar: "Dağlıq Qarabağda müharibəni Türkiyə qızışdırıb, Ankaranın məqsədi Rusiyaya Cənubi Qafqazda problem yaratmaqdır". Bu məntiqsiz açıqlamanı başqa şəkildə
belə oxumaq lazımdır: "Türkiyə Azərbaycan vasitəsilə cəbhə bölgəsində atəşkəsi pozub". Türkiyəli rəsmilər günlərdir Moskvanın bu ittihamına susdular, səbr nümayiş etdirdilər, indi isə türkiyəli rəsmilər və diplomatlar qarşılıqlı açıqlamalar səsləndirirlər. Bakıda BMT-nin Qlobal Forumunda çıxış edən Türkiyənin Avropa Birliyi məsələləri üzrə keçmiş naziri Egemen Bağış dedi ki, Ermənistan müstəqil dövlət deyil, qərarlar Moskvada verilir. Bunun əksini sübut etmək çətindir. Rusiyalı rəsmilər Eğemen Bağışın doğru demədiyini sübut etmək üçün gərək Ermənistanın müstəqil dövlət olduğunu, bu ölkədə başqa dövlətin hərbi bazalarının olmadığını, sərhədi Ermənistan sərhəd qoşunlarının qoruduğunu, silah almaq üçün başqa dövlətdən 200 milyon dollar dilənmədiyini, əsas fabrik və zavodlarını isə Ermənistana məxsus olduğunu sübut edələr.
Kamal