Ermənistan dinc əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə edir
Bu beynlxalq konvesiyaların pozulması deməkdir
27 Aprel 2016 13:18 DünyaCəbhə xəttində döyüş əməliyyatlarının dayandırılması barədə tərəflər arasında əldə edilmiş razılaşmanı Ermənistan silahlı qüvvələri növbəti dəfə kobudcasına pozub. Bununla kifayətlənməyən Ermənistan hətta dinc əhaliyə qarşı beynəlxalq konvesiyalarla qadağan edilmiş silahlardan da istifadə edir. Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri mövqelərimizi və təmas xəttinə yaxın yaşayış məntəqələrini beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş sursatlardan istifadə etməklə atəşə tutub: "Bildiririk ki, cəbhə xəttində təxribatlar törətməklə düşmən Azərbaycan tərəfini aktiv hərbi əməliyyatlara təhrik etməyə çalışır. Bu cür hadisələr zamanı baş verənlərə görə bütün məsuliyyət hər zaman olduğu kimi yenə də Ermənistanın cinayətkar hərbi-siyasi rejiminin üzərinə düşür". Məlumat üçün qeyd edək ki, Azərbaycan tərəfi isə atəşkəs rejiminə riayət etməklə yanaşı, silahdan istifadə zamanı bütün beynəlxalq sənədlərə riayət edir. Xarici İşlər Nazirliyinin məlumatına görə, Azərbaycan Respublikası adi silahlara nəzarət üzrə bütün müqavilə və sazişlərin üzvüdür. Azərbaycan Avropada Adi Silahlı Qüvvələr haqqında Müqaviləyə (AASQM) və Vyana Sənədinə 1992-ci ildə qoşulmuşdur. 1999-cu ildə Azərbaycan Avropada Adi Silahlı Qüvvələr haqqında Uyğunlaşdırılmış Müqaviləni, eləcə də Yüngül və Atıcı Silahlar üzrə Sənədi imzalamışdır. Respublikamız informasiya mübadiləsi sahəsində özünün müxtəlif öhdəliklərini yerinə yetirməkdə davam edir. Azərbaycan Respublikası şəffaflığı təmin etmək məqsədilə özünün silahlı qüvvələri barədə hərtərəfli məlumat mübadiləsində iştirak edir, iştirakçı dövlətlərin müfəttişlərini qəbul edir və iştirakçı dövlətlərdə müfəttiş rolunda çıxış edir. Azərbaycan Avropada Adi Silahlı Qüvvələr haqqında Uyğunlaşdırılmış Müqaviləni 1999-cu ildə İstanbul Sammitində imzalamışdır. Bu müqavilənin Azərbaycan Respublikası tərəfindən ratifikasiyası iştirakçı dövlətlər öz öhdəliklərini yerinə yetirdikdən sonra baş verəcək. Bu müqavilənin qüvvəyə minməsinin ləngidilməsi narahatlıqlara səbəb olur.Vyana Sənədindən irəli gələn öhdəliklər sülh şəraiti üçün nəzərdə tutulmuşdur. Bu öhdəliklərin Dağlıq Qarabağda və onun ətrafında nizamlanmamış münaqişə şəraitində tam olaraq yerinə yetirilməsi çətin olaraq qalır. Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfində işğal olunmuş 20 % torpaqlarında adi silahlara aid öhdəliklərin yerinə yetirilməməsi Azərbaycan Respublikasını narahat edir. Bu ərazilərdə yerləşdirilmiş çoxlu sayda silah və sursat nəzarətdən kənardır və regionda sülhə ciddi təhlükə yaradır. Beynəlxalq təşkilatların köməkliyi ilə Azərbaycan Respublikası bu qüvvələrin həmin ərazilərdən çıxarılması və müvafiq olaraq silah və sursatların azaldılması naminə öz səylərini davam etdirir. Hələ 14 iyun 2007-ci il tarixində Rusiya Federasiyasının təkidi ilə çağırılmış Fövqəladə Konfrans zamanı Azərbaycan Respublikası Ermənistan tərəfindən işğalın və işğal altındakı ərazilərdə külli miqdarda nəzarətsiz silah və texnika (UTLE) cəmləşdirməsinin davam etməsi faktorunun, eləcə də Rusiyanın AASQM-dən çıxmasının regiondakı vəziyyətə çox böyük təsiri olması ilə əlaqədar olaraq özünün "fors-major" şəraitdə olmasını bəyan etmişdir.
Yüngül və atıcı silahlar
Yüngül və atıcı silahların qeyri-qanuni ötürülməsinin ümumi təhlükəsizlik və sabitliyə ciddi hədə törətməsi barədə beynəlxalq ictimaiyyətin fikri ilə Azərbaycan tamamilə şərikdir. Yüngül silahların asanlıqla əldə edilməsi və onların ziyanları beynəlxalq ictimaiyyətin yeni minillikdə üzləşəcəyi ciddi problemdir. Heç şübhəsiz ki, yüngül və atıcı silahlar probleminin Cənubi Qafqaz regionuna xüsusilə aidiyyəti var. Yüngül və atıcı silahların konflikt zonasında cəmlənməsi bu konfliktlərin danışıq yolu ilə həll edilməsi imkanlarına ciddi şəkildə maneçilik törədir və qonşu dövlətlər arasında etibarın formalaşmasına mənfi təsir göstərir. Azərbaycan inanır ki, yüngül silahların satışındakı şəffaflığın artırılması Cənubi Qafqaz regionunda təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verə bilər. 1994-cü ilin may ayında Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə olunmasından etibarən Rusiyadan Ermənistana qeyri-qanuni şəkildə çoxlu sayda silahın ötürülməsinə Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmişdir. Nəticə etibarilə, bütün bu silahlar Azərbaycanın işğal olunmuş torpaqlarında yerləşdirilir. Konflikt regionunda hal-hazırkı vəziyyət mürəkkəbdir, belə ki, işğal nəticəsində Azərbaycanın İranla dövlət sərhədlərinin 130 km-lik hissəsinə hal-hazırda işğalçılar tərəfindən nəzarət edilir. Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın işğal olunmuş torpaqları terrorist və cinayət qaçaqmalçılıq fəaliyyətləri üçün "azad zonaya" çevrilmiş və xüsusilə yüngül silahlar və narkotiklər daxil olmaqla, müxtəlif növ malların qeyri-qanuni ötürülməsi və ticarəti üçün istifadə edilir. Azərbaycan beynəlxalq təşkilatlarda Yüngül və Atıcı Silahların yayılması probleminin həllinə cəlb edilmişdir. Regional səviyyədə Azərbaycan bütün növ qeyri-qanuni ötürülmə hallarının qarşısını almaq məqsədilə region dövlətləri ilə birlikdə əməkdaşlığı gücləndirmək üçün əlindən gələni edir. Azərbaycan çoxtərəfli çərçivədə GUAM dövlətləri ilə bu növ əməkdaşlığı inkişaf etdirir. 2000-ci ildə etibarən Azərbaycan Respublikası yüngül və atıcı silahların istehsalı, toplanması, ötürülməsi və qeydiyyatı sahəsində öz öhdəliklərini yerinə yetirir və illik məlumat mübadiləsində iştirak edir. Azərbaycan daim vurğulayır ki, Yüngül və Atıcı Silahların yayılmasının azaldılması sahəsində səmərəli rejimin Cənubi Qafqazda yaranması o vaxt mümkün olacaq ki, regionun bütün dövlətləri beynəlxalq hüquqa hörmətlə yanaşsın, qonşu dövlətlərə ərazi iddialarından əl çəksin və separatçı və terroristləri dəstəkləməyi dayandırsın.
Yayılmama hərəkatı
Azərbaycan Respublikası kütləvi qırğın silahlarının yayılması ilə mübarizə sahəsini özünün xarici və təhlükəsizlik siyasətinin prioritet məsələlərindən biri kimi qəbul edir. O, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması üzrə Müqavilə və Nüvə Silahlarının Yayılmaması Müqaviləsi kimi bu sahəyə aid olan beynəlxalq sənədləri imzalamış və ratifikasiya etmiş, eləcə də ballistik raketlərin yayılmasına qarşı mövcud mexanizmlərin yerinə yetirilməsi sahəsində beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyir. Azərbaycan nüvə silahlarının tamamilə aradan qaldırılması sahəsində son məqsədə nail olmaq üçün bütövlükdə nüvə silahlarının yayılmasının qarşısının alınması, nüvə tərksilah prosesinə və beləliklə də beynəlxalq sülh və təhlükəsizliyin qüvvətlənməsinə səmərəli şəkildə səy göstərir. Azərbaycan, həmçinin nüvə təhlükəsizliyi sahəsində beynəlxalq rejimin bütövlükdə yerinə yetirilməsi üçün beynəlxalq ictimaiyyətin məqsədyönlü şəkildə səylərinin artırılmasına fəal şəkildə cəlb olunmağa cəhd edir. Geniş qonşuluqda nüvə silahlarının, onların tərkib hissələrinin və texnologiyalarının mövcudluğu Azərbaycanı bütün müvafiq razılıqların yerinə yetirilməsində fəal iştiraka məcbur edir. Şərqlə qərb və şimalla cənub arasında əsas kommunikasiyaların kəsişmə nöqtəsində, eləcə də gərgin münaqişə regionunda yerləşmiş Azərbaycan Respublikası kütləvi qırğın silahlarına aid olan material, texnologiya və bütövlükdə tərkib hissələrinin, eləcə də onların daşınması vasitələrinin öz ərazisi vasitəsilə mümkün ötürmələrin qarşısını almaq məqsədilə bütün vacib praktiki və qanunvericilik vasitələrindən istifadə edir. Bu regionun geo-strateji mövqeyini və mövcud konfliktləri nəzərə alaraq, Azərbaycan prezidenti 1997-ci ildə Daşkənddə Beynəlxalq Konfransda Cənubi Qafqazda nüvə silahlarından azad zonanın yaradılması təşəbbüsü ilə çıxış etdi. Azərbaycan bu təşəbbüsü dəstəkləmək üçün beynəlxalq ictimaiyyəti daim köməyə çağırır. Təəssüf ki, regiondakı "dondurulmuş konfliktlər" və Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20% ərazisinin işğalının davam etməsi nüvə silahlarının yayılmaması sahəsində bu səyləri, eləcə də digər beynəlxalq səylərin həyata keçirilməsinə başlıca maneədir. Bu işğalın nəticəsində ərazinin əhəmiyyətli hissəsi və beynəlxalq sərhədlər Dövlətimizin nəzarəti altında deyil və bu öz növbəsində qeyri-sabit regionda nüvə materiallarının qeyri-qanuni ötürülməsi təhlükəsini artırır.
Kütləvi qırğın silahlarının yayılması ilə mübarizə Kütləvi qırğın silahlarının və əlaqədar komponentlərin yayılmasının qarşısının alınması üzrə Azərbaycan ABŞ-la uğurlu əməkdaşlığa malikdir. Qeyd olunan sahədəki ikitərəfli əməkdaşlığın hüquqi əsasını 28 sentyabr 1999-cu il tarixində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasında əməkdaşlıq və müdafiə sahəsində tədbirlər haqqında Saziş" ("Çətir Sazişi") təşkil edir. 1999-cu il "Çətir Sazişi" çərçivəsində aşağıdakı hüquqi sənədlər imzalanmışdır: "Azərbaycan Respublikası Nazirlər Kabineti və Amerika Birləşmiş Ştatlarının Müdafiə Departamenti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasında əməkdaşlığa dair Saziş", 2 yanvar 2004-cü il; "Azərbaycan Respublikası Nazirlər Kabineti və Amerika Birləşmiş Ştatları Müdafiə Departamenti arasında bioloji silahların inkişaf etdirilməsində istifadə edilə bilən texnologiya, patogenlər və təcrübənin yayılmasının qarşısının alınması sahəsində əməkdaşlıq haqqında Saziş", 6 iyun 2005-ci il; "Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Amerika Birləşmiş Ştatlarının Energetika Departamenti arasında nüvə və digər radioaktiv maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasında əməkdaşlığa dair İcra Razılaşması", 8 dekabr 2005-ci il. Sözügedən hüquqi sənədlər üzrə Azərbaycan-ABŞ əməkdaşlığı Bioloji Təhlükənin Birgə Önlənməsi Proqramı, Müdafiənin İkinci Xətti, İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi və digər əlaqədar yayılmama proqramları çərçivəsində uğurla həyata keçirilir.
Kimyəvi Silahlar Konvensiyası
1992-ci ildə BMT-nin 47-ci Baş Assambleyasında Konvensiyanı imzalamaq təklif edilmişdir. İmzalanma mərasimi Fransa Prezidentinin təşəbbüsü ilə Parisdə 13 yanvar 1993-cü ildə həyata keçirildi. Ötən dövr ərzində Azərbaycan (13 yanvar 1993-cü il) da daxil olmaqla 160 dövlət konvensiyanı imzalamışdır. Azərbaycan konvensiyaya 9 noyabr 1999-cu ildə qoşulmuş və o 30 mart 2000-ci ildə konvensiya Azərbaycanda qüvvəyə minmişdir. Konvensiyaya üzv dövlətlərin hər biri heç zaman və heç bir şəraitdə kimyəvi silahları artırmamaq, istehsal etməmək, əldə etməmək və ehtiyatda saxlamamaq barədə öhdəlik götürmüşlər. Konvensiya 2-10 il dövr ərzində kimyəvi silahların və onların məhsullarının tamamilə məhvi üçün nəzərdə tutulmuşdur. Konvensiya çərçivəsində qadağan olunmayan hallar, sülh məqsədləri üçün vasitələr, yəni sənaye, kənd təsərrüfatı, əczaçılıq, tibbi və digər vasitələr istisna olmaqla, hərbi sursatlar ilə birlikdə zəhərli kimyəvi maddələrin və onların məhsullarının məhv edilməsi konvensiyada nəzərdə tutulmuşdur.
Alim