Rusiya Təhlükəsizlik Şurasının katibi: "Bu, yeni müharibələrə səbəb olur"
27 Aprel 2016 12:30 Dünya"Rusiya və ABŞ-ın qarşılıqlı işbirliyi terrorizmlə mübarizədə effektiv əməkdaşlığın ən bariz nümunəsidir". Qafqazinfo bildirir ki, bu sözləri Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Beynəlxalq Təhlükəsizlik üzrə V Moskva konfransında çıxışında deyib: "Bir çox ölkələr öz imkanlarını müstəqil qərarlar verməyə sərf edirlər, bununla da, rəngli inqilablar üçün şərait yaranır. Bu da yeni müharibələrə aparıb çıxarır". Rusiya Müdafiə naziri Sergey Şoyqu isə Suriya prezidenti Bəşər Əsədin postunu tərk etməsi ilə ölkədə qanlı toqquşmaların bitəcəyinə inanmadığını bildirib: "Tez-tez qərbli həmkarlarımızdan eşidirk ki, Bəşər Əsəd gedəcək və Suriyada qanlı toqquşmalar bitəcək. ABŞ-ın rəhbərlik etdiyi koalisiya isə o zaman Rusiyanı dəstəkləyəcək. Bu "xoş niyyətə" inanmaq çətindir. Sual yaranır: İraq və Liviyada Səddam Hüseyn və Müəmmar Qəzzafinin aradan götürülməsindən sonra sülh və qayda-qanun yaradılmasına kim mane oldu?". Rusiya XİN rəhbəri Sergey Lavrov isə qeyd edib ki, Rusiya olmadan Avropada təhlükəsizliyin etibarlı arxitekturasını yaratmaq mümkünsüzdür. Lavrov, həmçinin, bildirib ki, Moskva terrorçulardan regionda güc balansını dəyişmək üçün istifadə edilməsini çox təhlükəli hesab edir.