Hindistan səfiri: “Dünyada sülhə ən böyük hədə zorakı ekstremizm və fanatik dini cərəyanlardır”
27 Aprel 2016 11:42 DünyaBakıda keçirilən BMT Sivilizasiya Alyansının 7-ci Qlobal Forumu çərçivəsində Dostlar Qrupunun yüksək səviyyəli toplantısı bu gün də davam edib. APA-nın məlumatına görə, alyansa üzv olan müxtəlif ölkələrin nümayəndələri çıxışlarını davam etdiriblər. Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova ölkəsinin alyansın əsas prinsipləri olan təhsil, mətbuat, miqrasiya və gənclərlə iş sahəsindəki fəaliyyətləri dəstəklədiyini bildirib: "Mədəniyyətlərarası dialoq və tolerantlıq bundan sonra da inkişaf etməlidir. Dövrümüzdə çox sayda gənclər ekstremist qruplar tərəfindən istismar edilir. Bolqarıstan alyansın bu sahədəki fəaliyyətinə önəm verir". Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qaiser Pakistanın əməkdaşlıq və dialoqu gücləndirməklə bütün dinlərə tolerantlığı və insana hörməti təşviq etdiyini deyib: "Dini, irqçi fərqlərə tolerant yanaşma dostluq üçün vacib amildir. Pakistan alyansın apardığı fəaliyyəti dəstəkləyir. Pakistan həmçinin multikultural səyləri dəstəkləyir. Hamımız bu platformaya siyasi dəstəyimizi artırmalıyıq ki, mədəniyyətlərarası dialoq inkişaf etsin, sülh və əmin-amanlığa yol açılsın". Hindistanın Azərbaycandakı səfiri Sancay Rana ölkəsinin müxtəlif din, kasta və dillərlə fərqlənən ölkə olduğunu deyib: "Lakin insanlar hər zaman inklüziv cəmiyyətlərə ehtiyatla yanaşıblar. Biz dünyəvi ölkə, plüralist ölkə prinsiplərinə sadiqliyimizi qoruyuruq. Sülh və qarşılıqlı anlaşma bir-birini dəstəkləyən məfhumlardır. Son terror aktları onu göstərdi ki, dünyada sülhə olan ən böyük hədə zorakı ekstremizm və fanatik dini cərəyanlardır. Dini səhv təqdim edənlər buna məsuliyyət daşımalıdırlar. Biz istərdik ki, bütün mədəniyyət üzvləri arasında qarşılıqlı əlaqə artsın. Hökumətlər çalışmalıdır ki gənclər arasında ədavət hissləri yayılmasın". Cənubi Koreyanın Azərbaycandakı səfiri Kim Çan Qyu Azərbaycanda müxtəlif dinlər arasında qarşılıqlı hörmətin formalaşdığını deyib: "Bu səbəbdən biz düzgün məkanda toplaşmışıq. Beynəlxalq ictimaiyyət müxtəlif çağırışlarla üzləşir. Bu, dünya qarşısında böyük təhdiddir. Hazırda böyük miqrasiya böhranı baş verib. Zorakı ekstremizm get-gedə güclənir. Bu isə beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir". İƏT-in Mədəniyyət, sosial və ailə məsələləri departamentinin baş direktoru Mehna Talebna təşkilat adından bu mövzuda tədbirin təşkili üçün təşəkkür edib.