İran XİN: ABŞ Ali Məhkəməsinin qərarı etimadsızlıq və gərginliyin davam etməsi barədə mesajdır

İran Ərak ağır su reaktorunun məhlulunun qalanını Rusiyaya satmaq üçün müzakirələr aparır. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari deyib. O bildirib ki, Ərak ağır su reaktorunun 70 tondan artıq ağır su məhlulu var ki, satılmalıdır. H. Cabiri Ənsari ABŞ Ali Məhkəməsinin İranın dondurulmuş aktivləri ilə bağlı çıxardığı qərara da toxunub. O qeyd edib ki, hüquqi baxımdan Amerika Ali Məhkəməsinin çıxardığı qərar beynəlxalq qanunlara ziddir: "Bu qərarda Amerika öz daxili  qanunlarını beynəlxalq qanunlardan üstün tutub ki, bu da beynəlxalq normalara ziddir". İran XİN-in sözçüsü qeyd edib ki, bu qərarla İran xalqına iki ölkə arasında etimadsızlıq və gərginliyin  davam etməsi mesajı verilib: "Bu kimi səhv addımların atılması üçün şərait yaradılmamalıdır". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00