24 aprel- erməni iftirası

Soyqırıma məruz qaldığını iddia edən ermənilər əslində özləri türklərə qarşı soyqırım həyata keçiriblər

Ermənilərin uydurduqları "soyqırım" iddiaları 100 ildən çoxdur ki, davam edir. Təəssüf hissi ilə etiraf etmək lazımdır ki, ötən 100 il ərzində ermənilər öz yalan və uydurmalarına dünyanın bir çox ölkələrini inandıra biliblər. Hər zaman türk dünyasına, tükçülüyə qarşı barışmaz mövqedə dayanan, onu addım başı əzməyə, yox etməyə səy göstərən xristian dünyası isə bu yalanın ayaq açıb yeriməsində ermən ilərə dəstək olub. Nəticə etibarilə onlarla ölkənin qanunverici orqanı qondarma soyqırımı tanıyan qərarlar qəbul edib. Ötən 100 ilə yaxın müddətdə ermənilər öz yalanlarını dünyaya çatdırmaq istiqamətində aktiv olub diplomatiya, lobbiçilik sahəsində uğurlara imza atsalar da, lakin son illər ərzində başda Türkiyə və Azərbaycan olmaqla Türk dünyasının erməni yalanlarına qarşı apardığı işlər öz müsbət bəhrəsini verir. Bir müddət əvvəl Azərbaycan və Türkiyə qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə yaradılan İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumunda əsas məqsədlərindən biri erməni yalanlarını ifşa etmək, 1915-ci ildə baş erən hadisələrin gerçəkdə necə olduğunu, hansı zərurətdən meydana gəldiyini üzə çıxarmaqdır.

Forumun üzvü, Dünya Azərbaycanlıları Konqresinin və Beynəlxalq Diaspor Mərkəzinin İcra Aparatının rəhbəri Samir Adıgözəlli deyir ki, uzun illərdir erməni separatçıları 24 aprel tarixini sözdə "erməni soyqırımı" günü elan edərək dünya ictimaiyyətini bu yalana inandırmağa çalışırlar. Onun sözlərinə görə, əsl həqiqətdə isə erməni şovinist şəbəkəsi 100 ildən artıqdır türk dünyasına qarşı həyata keçirdikləri soyqırım cinayətlərini ört-basdır etmək üçün iftira təbliğatını Türkiyəyə qarşı başlatmışdır: "Dünya ictimaiyyəti isə bilməlidir ki, 1905-1918-ci il qırğınları ermənilərin türklərə qarşı törətdikləri çoxsaylı soyqırım aktlarından biridir. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri beynəlxalq səviyyədə öz siyasi-hüquqi qiymətini almamış bu qanlı soyqırım tariximizin açılmamış səhifələrindəndir. Tarixi sənədlər sübut edir ki, 1918-ci ildə Cənubi Qafqazdakı öz dədə-baba yurdlarında etnik təmizləmə və soyqırım siyasətinə məruz qalan yüz minlərlə Azərbaycan türkləri erməni daşnakları tərəfindən kütləvi surətdə qətllərə məruz qalmış və yaşadıqları ərazilərdən (indiki Ermənistan Respublikası) deportasiya olunmuşlar. Tarixi faktlar göstərir ki, 1918-ci ilin martında Urmiya, Xoy, Maku, Salmas, Bakı, İrəvan, Zəngəzur, Göyçə, Vedi, Pəmbək, Dərələyəz mahalları, Gəncə, Naxçıvan, Lənkəran, Şamaxı, Quba, Kürdəmir və s. şəhərlərdə yüz əlli mindən çox soydaşımız ermənilər tərəfindən qətlə yetirilib. Təkcə Urmiyada bir günün içərisində ABŞ, Fransa, Rusiya konsullarının gözləri qarşısında on mindən çox adam ermənilər tərəfindən öldürülüb". DAK rəsmisi deyir ki, mart qırğınları erməni şovinistlərinin xalqımıza qarşı böyük miqyaslı və diqqətlə düşünülüb hazırlanmış etnik təmizləmə siyasətinin tərkib hissəsi idi: "1918-ci ildə ermənilər tərəfindən Bakıda həyata keçirilən soyqırım zamanı on səkkiz minə qədər Azərbaycan türkü qətlə yetirilmişdi. Türkiyənin Qars, Van, Ərzurum və s. bölgələrində də erməni terrorçuları tərəfindən silahsız insanlara qarşı amansız qətliam zamanı minlərlə adamı quyulara toplayaraq yandırmışdılar". Samir Adıgözəlli bildirib ki, XX əsrin əvvəllərində xalqımıza qarşı törətdikləri qətllərin və soyqırımların davamı olaraq 1992-ci ilin fevral ayının 26-da Azərbaycan Respublikasının Xocalı şəhərində erməni hərbi birləşmələri tərəfindən dinc əhaliyə qarşı soyqırım həyata keçirildi: "Erməni şovinistləri 1988-ci ildən başlayaraq Azərbaycan Respublikasının 20 faiz ərazisini işğal edərək bu gün də dinc əhalimizə qarşı terror fəaliyyətini davam etdirməkdədir. Bütün bu işğalçılıq və terror fəaliyyətləri Ermənistan hakimiyyəti və onun başçısı Serj Sərkisyanın birbaşa rəhbərliyi ilə həyata keçirilməkdədir. Bütün dünya ictimaiyyəti bilməlidir ki, Azərbaycan və Türkiyəyə qarşı Ermənistan və onun daşnak törtöküntüləri tərəfindən yüz ildən artıqdır baş verən təcavüz bu gün də davam etməkdədir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00