Stalinin Türkiyəni parçalamaq siyasətinin pərdarxası məqamları

Sovetlər İttifaqının 1940-cı illərdə Türkiyəyə qarşı apardığı ərazi iddiaları siyasəti son aylarda rus mətbuatında mütəmadi olaraq ortaya atılmaqdadır. Türkiyə ilə Rusiya arasındaki münasibətlərin sərinləşməsi, keçmişdə qalan bir çox mübahisəli məsələlərin yenidən tozlu rəflərdən qaldırılmasına səbəb oldu. Hətta çox gülməli görünən "Konstantinopolu bizə geri qaytarın" kimi iddiaların canlanmasına gətirib çıxardı. Bu iddiaların fonunda İosif Vissarionoviç Stalinin Türkiyənin Şərqindəki əraziləri asanlıqla ələ keçirə biləcəyi cəhdinin hekayəsi də bir tarixi örnək təşkil edə bilər. Bu məqama tarixi faktları xatirlatmaq yerinə düşərdi. Bildiyimiz kimi hal hazırda mövcud olan Türkiyənin Şimal-Şərq sərhəddi türk-erməni müharibəsindən sonra 1921 ci ildə imzalanan Qars və Moskva sazişləri nəticəsində çəkilmişdir. Bütün mübahisənin başlamasının səbəbi o oldu ki, Antanta ilə Osmanlı arasında imzalanan Sevr anlaşmasının şərtlərindən ruhlanan erməni daşnak rejimi tələsik olaraq bu şərtlərə görə onlara verilə biləcək türk torpaqlarını ilhaq etməyə cəhd etdilər. Ermənilərə Antanta tərfindən hədiyyə ediləcək ərazilərdə isə Van, Trabzon, Ərzurum kimi şəhərlər yerləşirdi. 1877-1878-ci il Rus-Türk müharibəsi nəticəsində isə Rusiya İmperatorluğunun əlinə keçən və "Anadolunun açarı" olan Qars o zaman ermənilərin işğalı altında idi. 20 sentyabr 1920-ci il tarixində Movses Silikyan və Darstamat Kənənyanın komandanlıq etdiyi 30 minlik erməni ordusu Qarsla Ərzurum arasında yerləşən Oltu qəsəbəsini işğal etdilər. Ancaq burada ermənilərin qarşısına tərkislilah edilmiş Osmanlı ordusunun qalıqları deyil, Türkiyə Böyük Millət Məclisinə (TBMM) tabe olan Kazım Karabəkir Paşanın tam təchiz edilmiş nizamlı ordusu çıxdı. TBMM və Atatürk Sevr andlaşmasının bütün şərtlərini rədd edərək, Sovet Rusiyası ilə əməkdaşlıq etməyə başlamışdılar. Leninə o zaman Qərbin böyük bir qismini öz üzərinə çəkən və rəşadətlə vuruşan bir müttəfiq lazim idi və ATATÜRK də belə bir müttəfiq idi. Kazım Karabekirin rəhbərlik etdiyi birliklərin əks hücumu nəticəsində 1920-ci ilin sentyabr-oktyabr aylarında türklər Sarıqamış, Ərdəhan, Qars, Gömrü şəhərlərini erməni işğalından azad etdilər. Darmadağın olan daşnak rejimi Ankaradan sülh istəmək məcburiyyətində qaldı və Aleksandranapol (Gömrü) andlaşmasına görə Qars Türkiyənin nəzarətinə keçdi. Sazişin maddələrinə görə ermənilərə 1500 nəfərlik ordu saxlamaq haqqı verilirdi, Naxçıvan və Qarabağ isə Türkiyənin müvəqqəti idarəsinə verilridi. Bu hadisələrin cəryan etdiyi vaxtda XII ordu Azərbaycanı işğal etdi və İrəvan bolşeviklərin nəzarətinə keçdi. Bolşevik höküməti Aleksandranapol sazişini tanımadığını bəyan etdi və 1921- ci ildə Türkiyə ilə Sovet Rusiyası arasında Moskva və Qars andlşamaları imzanadı. Yuxarıda qeyd etdiyimiz kimi, bu sazişlər nəticəsində müasir Türkiyənin Şərq hüdudları formalaşdı. 1925-ci ildə isə Türkiyə ilə SSRİ arasında dostluq və bitərəflik haqqında saziş imzalandı. İkinci dünya müharibəsi zamanı Türkiyə Almaniya, İngiltərə və ABŞ-la iqtisadi əməkdaşlıq etsə də, bitərəf mövqe tutmaqda idi. 1942-ci ıldə Stalınqardda qızğın döyüşlərin getdiyi zamanda Türkiyə SSRİ ilə olan Şərq sərhədinə böyük bir ordu birləşməsi yerləşdirmişdi. Hər kəs haqqında mənfi düşünən Stalinin o günlərdə səksəkə içində hər an Türkiyənin Cənubdan hücumunu gözlədiyi də sirr deyildir. Ancaq Rusiya ilə müqayisədə 1925-ci il andlaşmasına sadiq qalan Ankara SSRİ-yə hücum etmədi. 1942-ci ildə Türkiyə Cənubdan SSRİ-yə hücum etsəydi İkinci Dünya Müharibəsinin nəticəsi dəyişə bilərdi. Lakin 1945-ci ilin fevral ayında Türkiyə Almaniyaya müharibə elan etdi. 1945-ci ilin fevral ayında Yalta konfransında Stalin müttəfiqlərinə Türkiyənin siyasətindən ciddi narazı olduğunu bəyan etdi. O, Ankaranı siyasi alverçilikdə və gözləyici mövqe tutmaqda ittiham edirdi. Ancaq Stalinin bu demarşı müttəfiqlərin, əsasən də Uinston Çörçillin ciddi etirazına səbəb oldu. Buna baxmayaraq, Moskva 1925-ci il sazişini birtərəfli qaydada pozduğunu bəyan etdi. Yalta konfransından bir neçə ay sonra isə Stalin Kremlin ən mənfur simalarından olan Mikoyanın tövsiyyəsi ilə ermənilərin katalikosunun muavini olan arxiyepiskop Qevorgx Çeorekçiyanı qəbul etdi. Arxiyepiskop Stalindən bir çox imtiyaz istəyərək sədaqət andları içdi. Az bir zaman içində Eçmiadzin kilsəsi açıldı, katalikos SSRİ-yə döndü və erməni keşişlərinə misli görünməyən imtiyazlar verildi. Eyni zamanda erməni milli şurası BMT nin qurulması üçün çağırılan San-Fransisko konfransına "Erməni Xalqının Məsələsi" memorandumu ilə müraciət etdi. Memorandumda ermənilər "ana vətənlərinə " dönmək istədiklərini bəyan edərək, dünya ictimayətindən "ədalət" istəyirdilər. 7 iyun 1945-ci il tarixində Xarici İşlər Komissarı Vyaçeslav Molotov Türkiyənin Moskvadaki səlahiyyətli səfiri olan Səlim Sarperi Komissarlığa çağıraraq bir çox əsassız tələb ilə çıxış etdi. Tələbə görə, Türkiyə SSRİ ilə sərhəddlərini 1914-cü ildən əvvəlki vəziyyətə çəkməli, İstanbul və Dardanel Boğazlarında SSRİ-nin hərbi dəniz bazaları açmasına razılıq verməli, boğazların nəzarəti qismən Moskvaya verilməli idi. Molotov 1921-ci ilin andlşamalarının ədalətsiz olduğunu bildirərək, SSRİ-nın ciddi ərazi itkilərinə məruz qaldığını iddia etmişdir. O, Ankaranı Moskvanın o zamandaki çətin vəziyyətindən istifadə edərək Qars və Əradahanı zəbt etməkdə təqsirləndirmişdi. Molotovun iddialarına cavab verən S.Sarper Kremlin Türkiyədəki nüfuzunun ciddi zədə alacağını bəyan edərək Molotovu yerinə oturdur. 18 iyun 1945 tarixində səfir S.Sarperlə Molotovun ikinci görüşündə Molotov Türkiyədən almaq istədikləri ərazilərin Ermənistan və Gürcüstana veriləıcəyini açıqca ifadə edir. Moskvanın planına görə yeni ilhaq edilən ərazilərin 80% ermənilərə və 8% gürcülərə verilməli idi. Lakin Moskvanın təcavüzkar siyasətinə cavab olaraq Ankara Stalinin bütün iddialarına rədd cavabı verərək dünya ictimayətinə müraciyyət etdi.
Məsələyə ilk reaksiya verən Böyük Britaniya oldu. London Moskvaya etiraz notası göndərərk SSRİ-nin ərazi iddialarının əsassız olduğunu ifadə etdi. Potsdam konfransında İngilis Xarici İşlər Naziri Entoni İden ilə görüşən V.Molotov ərazi iddialarını bu gülünç dəlillər ilə əsaslandırmağa cəhd etmişdir: "1921-ci ildə Türklər SSRİ- nin zəifliyindən istifadə edərək Sovet Ermənistanının ərazisinin bir hissəsini ilhaq ediblər. Sovet İttifaqında yaşayan ermənilər haqqlarının qəsb edildiklərini düşünürlər. Bu səbədən Sovet rəhbərliyi bu məsələni qaldıraraq SSRİ-yə aid olan ərazilərin geri qaytarılmasını tələb edir". 6 iyul 1945 tarixində Ermənistan SSRİ-nn rəhbərliyi Stalin və Molotova Türkiyəyə qarşı olan ərazi iddiaları ilə bağlı müraciyyət etdi. Bu arada Ermənistan və Gürcüstan arasında "yeni birləşdiriləcək" ərazilər uğrunda soyuq müharibə gedirdi. Gürcüstan SSR MK birinci katibi K. Çarkvianı Artvinin Batumun və Ərzurumun bir hissəsinin tarixi gürcü torpağı olduğu iddiası ilə çıxış edərək, bu ərazilərin mütləq şəkildə Gürcüstana verilməsini tələb edirdi.1945-ci ilin noyabr ayında Ümumi İttifaq Kommunist Bolşeviklər Partiyası MK Bürosu xaricdə yaşayan ermənilərin geri dönüşü haqqında qərar çıxardı. Bir neçə gün sonra isə bütün ermənilərin katalikosu Gevorqx VI SSRİ, ABŞ və Böyük Britaniya hökümətlərinə müraciət edərək guya Türkiyənin zəbt etdiyi erməni torpaqlarının geri qaytarılmasında yardım istədi. Bununla bərabər SSRİ Nazirlər Soveti "Xaricdə yaşayan ermənilərin Ermənistan SSR-də yerləşdirilməsi haqqında "qərar çıxardı. Qərarda Bolqarıstan, Rumıniya, Livan, İran Suriyadan gələn ermənilərin Ermənistanda yerləşdirilməsi haqqında təlimat verilmişdi. Sovet Ermənistanına xaricdən 300-400 min erməninin gəlməsi təxmin edilirdi. "Pravda", "İzvestiya", "Trud" və "Krasnaya Zvezda" qəzetlərində Türkiyəyə qarşı ərazi iddialarının haqlı olduğu əsaslandılırdı. Sovet İttifaqının Türkiyəyə qarşı irəli sürdüyü ərazi iddiaları Qərbi də ciddi narahat etməyə başlamışidı. ABŞ-ın Ankaradaki səfiri Edvin Vilson dövlət katibi Corc Marşalla yazığı məktubda bu məqama diqqət çəkmişdi: "SSRİ-nin Türkiyə ilə əlaqədar əsas hədəfi sadəcə Boğazlara hakim olmaq deyildir. Moskvanın əsas məqəsdi bütün Türkiyəni öz nəzarətinə almaqdır. Sovetlərin əsas hədəfi müstəqil türk dövlətini parçalayaraq özündən asılı olan vassal bir dövlət qurmaqdır". Bunun ardından martın ilk günlərində İstanbul Boğazına ABŞ Donanmasının flaqmanı olan Missuri linkoru gəldi. Bu ABŞ hökümətinin Türkiyəyə hərbi-siyasi dəstək aktı kimi qəbul edildi. 1947-ci ildə isə Ağ Ev Amerikan Konqresindən Türkiyəyə hərbi yardım üçün 150 million dollar ayrılmasını tələb etdi. Türkiyə artıq Qərb ilə hərbi-siyasi əməkdaşlıq etməyə başlamışdı. Bu arada xaricdən erməni gətirmə kampaniyası da demək olar ki, fiasko ilə nəticələndi. Gözlənilən 300-400 min erməninin yerinə sadəcə 51 min nəfər SSRİ-yə gələ bildi. Maraqlısı odur ki, repatrisaiyaya ən çox əngəl çıxaran da mənfur Daşnaksyutun patiyası idi. Az bir zaman içində isə Kreml bir məsələni başa düşdü ki, hədə-qorxu ilə Türkiyədən torpaq qoparmaq baş tutmayacaq və 1949-cu ildə xaricdən erməni idxalı dayandırlıdı. Stalin öləndən sonra isə Kreml bu məsələni rəfə qaldırmağı qərarlaşdırdırdı. 30 may 1953cu il tarixində Molotov Türkiyənin Moskvadaki səfiri F. Hozarı XİN-ə dəvət edərək belə bir bəyanatla çıxış etdi:"İki ölkə arasında dostluq və qonşuluq münasibətlərinin mühafizəsi üçün təhlükıəsizlik və sülhün qorunması naminə Ermənistan və Gürcüstan Türkiyəyə olan ərazi iddialarından imtina etmişdir. Boğazlar məsələsi ilə əlaqədar olaraq isə Sovet höküməti bu məsələni müzakirə edərək belə bir qərara gəlmişdir ki, SSRİ-nın Boğazlarla əlaqədar təhlükəsizlik məsələləri Türkiyə tərəfindən hər iki tərəf üçün müsbət bir şəkidə təmin ediləcək. Sovet höküməti bu bəyanatla Türkiyəyə olan ərazi iddialarından da imtina etdiyini bildirir". Bu bəyanatın verildiyi tarixdən bir neçə ay əvvəl Türkiyə NATO ya tam hüququlu üzv olaraq qəbul edimişdir və SSRİ- nın bu ölkəyə hücum etməsi artıq mümkün görünmürdü. 1957-ci il oktyabr plenumunda Molotovu tənqid edən N. Xruşev fikrini bu şəkildə ifadə etmişdir: "Bizim türklər ilə çox gözəl səmimi münasibətlərimiz var idi. Almanlara qalib gəldik başımızı itirdik və qərara gəldik ki, hədə-qorxu gəlsək türklər o saat bizə Dardanelləri verəcəklər. Belə bir axmaqlıq olmaz. Dardanellər Türkiyə demək deyildir, orada bir çox böyük dövlətin maraqları var. Qəsdlə nota verdilər biz dostluğu pozuruq və dostluğun içinə tüpürdülər. İndi bizdən soruşurlar niyə dostluğu məhv etdiniz? Bu axmaqlığın nəticəsində dost bir ölkəni itirdik və indi Cənubumuzda amerikan hərbi bazaları yerləşib və bizim cənub hüdudularımızı hədəfdə tuturlar."


Mehdi Səlimov

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00