Ermənilər orduda xidmətdən qaçırlar

Cılız erməni əsgərlərinin mükafatlandırılması bir tamaşadır. Məqsəd isə getdikcə artan hərbi çağırışdan yayınma və orduda fərariliyin qarşısını almaqdır. Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə sosial şəbəkələrdə Ermənistan prezidenti Serj Sarqsyanın Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz səfəri və səfər çərçivəsində bir neçə Ermənistan əsgərini təltif etməsi barədə yayılan məlumat və şəkillərə münasibətində belə deyib.

Millət vəkili qeyd edib ki, şəkillərlə tanışlıq onda iki məsələdə qətiyyət yaradır:

"Birincisi, Sarqsyanın təltif etdiyi əsgərlərin heç biri fiziki göstəricilərinə görə orduya çağırıla bilməz. Alcaq boylu və arıq gənclərin Ermənistan ordusuna çağırılması düşmən ölkənin ciddi canlı qüvvə çatışmazlığı yaşadığı və məcburiyyətdən artıq xəstə və fiziki cəhətcə problemli gəncləri hərbiyə çağırdığını göstəirir.

İkincisi isə, bu zəif gənclərin qəhrəmanlıq göstərməsi inandırıcı görünmür. Çünki onların ağır çəkili silahları daşıması və istifadə etməsi mümkün deyildir. Bu tamaşanı qurmaqda məqsəd isə hərbi çağırışdan canını qurtarmaq istəyən sağlam erməni gənclərini həvəsləndirmək və haradasa utandırmaqdır. Heç kəsə sirr deyil ki, Ermənistanda gənclər nəinki Dağlıq Qarabağda hərbi qulluqdan, hətta hərbi xidmətdən yayınmaq üçün bütün üsullardan istifadə edirlər".

A.Mirzəzadə əlavə edib ki, ermənilərin bu təbliğatının heç bir səmərəsi olmayacaq: "Ermənistan təbliğat maşını hansı üsuldan istifadə etməsindən asılı olmayaraq, uduzmaqda davam edəcəkdir. Azərbaycan qəti şəkildə öz ərazi bütövlüyünü bərpa etmək əzmindədir və son hadisələr ölkəmizin bu məsələdə ciddi hazırlığını göstərir".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00