“Apple”dan elektromobil layihəsi üçün önəmli transfer

"Apple" korporasiyası "Tesla Motors"un elektromobil modellərinin işlənib hazırlanması üzrə keçmiş vitse-prezidenti Kris Porritti transfer edib. İKT.lent.az-ın "Electrek" portalına istinadən verdiyi məlumata görə, K. Porrittin "Apple"ın avtomobil layihəsinə rəhbərlik edəcəyi gözlənilir. O, bu vəzifədə Stiv Zadeskini əvəz edəcək. "Apple"ın elektromobil istehsalı üzrə layihəsi "Project Titan" adlanır. Lakin şirkət hələlik bu barədə hər hansı rəsmi açıqlama verməyib. K. Porritt daha əvvəl "Land Rover"də çalışıb və "Aston Martin"in baş mühəndisi olub. O, "One-77", "V12 Zagato" və "DB9" kimi avtomobil modellərinin hazırlanmasına məsul olub, "Tesla"da isə S, X və 3 modelləri üzrə fəaliyyət göstərib. Analitiklər "Apple"ın 2019-cu ildə elektromobil yaratması ehtimalını 50-60% həddində qiymətləndirirlər. İnnovasiyanın əsas xüsusiyyətləri unikal dizayn, mobil qurğularla əlaqəli iş və avtopilot funksiyası olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00