Aişəyə (r)atılan böhtan
14 İyul 2012 00:29 DinŞriftin ölçüsü:
13.07.2012 23:29 | 1421 dəfə oxunub
Hicrətin altıncı ilində baş verən Müstəliq yürüşü zamanı Aişə(r) haqqında uydurulmuş böhtan.
İbn İshaq bildirir: "Bu hadisə barəsində bizə Əlqəmə bin Vəqqas, Səid bin Cübeyr, Ürvə bin Zübeyrə [o da Übeydullah bin Abdullah bin Ütbəyə ] istinadən Zühri danışıb. Zühri deyib: "Bu adamların hər biri mənə hadisənin müəyyən qismini söyləyiblər, bəzilərini bu haqda eşidib yadda saxlayanlar danışıblar. Mən də sənə bildirmək üçün eşitdiklərimi bir yerə topladım".
Muhəmməd bin İshaq bildirir: "[Bu barədə] Yəhya bin Übbad bin Abdullah bin Əz-Zübeyr atasından, o da Aişədən(r) eşitdiyini mənə danışıb. İftiraçılar Aişə haqqında şayiələr yaydıqları vaxtlarda onun özünün danışdıqlarını isə Abdullah bin Əbu Bəkr, Əmrə bint Əbdürrəhmandan mənə danışıb. Burada onların hər birinin danışdığı bütün əhvalatlar toplanıb, biri digərini təkrarlamır, hər biri etibarlıdır, çünki hamısını Aişədən(r) eşidiblər.
Aişə(r) isə bunları danışıb: "Hər dəfə səfərə hazırlaşarkən Allahın Elçisi(s) xanımları arasında püşk atar və püşk kimə düşərdisə, onu özü ilə götürərdi. Müstəliq üzərinə yürüşünə də hazırlaşarkən Allahın Elçisi(s) adəti üzrə püşk atdı və püşk mənim qismətimə düşdü. Beləcə, Allahın Elçisi(s) səfərə məni götürdü.
O zaman qadınlar az, əsasən göy-göyərti yeyər, ət yeməzdilər, ona görə də çəkiləri yüngül olurdu; Mən [adətən uzaq bir yerə gedərkən] öz kəcavəmə oturar, məni səfərə götürəcək adamlar kəcavəni qaldırıb dəvənin belinə qoyar və kəndirlə bərkidər, sonra dəvənin ovsarından tutub aparardılar.
... [Bu dəfə də] səfərini başa vuran Allahın Elçisi(s) artıq geri dönürdü. O, Mədinəyə xeyli qalmış düşərgə salıb gecələmək qərarına gəldi. Bir müddətdən sonra isə adamları qaldıraraq yola düşmək göstərişini verdi. Bu zaman mən öz [təbii] ehtiyacıma görə düşərgədən aralanmışdım. Boynumda əqiqdən qiymətli boyunbağı vardı. İşimi bitirdiyim zaman boyunbağı açılıb düşmüş, mənim isə [bundan] xəbərim olmamışdı. Düşərgəyə çatanda onun boynumda olmadığını hiss edib əlimi sinəmə atdım. Boyunbağı həqiqətən də, yox idi. Adamlar yola düşməyə artıq hazır idilər. Buna baxmayaraq, mən bir az əvvəl olduğum yerə qayıdıb boyunbağını axtarmağa başladım və onu tapdım. Dəvəmi yola hazırlayanlar [isə] işlərini bitirib kəcavəmin dalınca gəlmişdilər. Həmişəki kimi mənim kəcavədə olduğumu zənn edib onu götürmüş, dəvənin belinə bərkitmiş, ovsarından tutaraq yola düşmüşdülər. Mən isə düşərgəyə döndüyüm zaman artıq bir kimsə yox idi-hamı çıxıb getmişdi.
[Belə olduqda] əbama bürünüb yerə uzandım-bilirdim ki, itdiyimi öyrənən kimi dalımca mütləq adam göndərəcəklər. Yerdə xeyli müddət uzanmışdım ki, birdən yanımdan Səfvan bin əl-Müəttəl əs-Səlminin keçdiyini gördüm. O da hansısa işdən ötrü qoşundan ayrılmış və müsəlmanlar düşərgə salıb gecələdikləri zaman onların yanında olmamışdı. O, uzaqdan bir qaraltı-məni görmüş və yaxınlaşaraq başımın üstündə dayanmışdı. Qadınlara hələ hicab vacib olmamışdı deyə [üzüm açıq olduğundan o məni tanıyıb ] ucadan söylədi: "İnnə lilləh va innə ileyhi raciunə"-"Biz hamımız Allaha məxsusuq və sonda hamımız Ona qayıdacağıq! İlahi! Bu ki, Peyğəmbərin kəcavədəki xanımıdır?!" Səfvan bin əl-Müəttəl soruşdu: "Allah günahından keçsin, sən niyə qoşundan dala qalmısan?" Mən dinmədim. O dəvəsini yaxınlaşdırıb dedi: "Dəvəyə min!" Özü isə məndən bir az aralıda durdu. Mən dəvəyə mindim, bundan sonra o, dəvənin ovsarından tutub qoşuna tez çatsın deyə sürətlə getməyə başladı. Allaha and olsun, biz yalnız səhərə yaxın qoşuna yetişdik. Qoşundakılar mənim yoxa çıxdığımı bilib dayanmışdılar. Üzərində oturduğum dəvənin yiyəsi Səfvan bin əl-Müəttəl əs-Səlmi onlara yaxınlaşdı. Adamlar arasında dedi-qodunu ağzıgöyçəklər elə bu zaman yaymağa başladılar. Mənim özümün isə bu barədə, Allaha and olsun, heç xəbərim yox idi.
...Biz Mədinəyə yetişdik və az keçmədi ki, möhkəm xəstələndim. İftiralar haqqında mənə bir kimsə bir söz söyləmirdi. Amma bu söz-söhbət Allahın Elçisinin(s), eləcə də valideynlərimin qulağına çatmışdı, ancaq onlar da bu haqda danışmırdılar. [Lakin] hiss etmişdim ki, Allahın Elçisi(s) mənə qarşı əvvəlki kimi mehriban deyil. Əvvəllər xəstələnəndə mənə qayğı göstərər, mülayim, xoş davranardı. Bu dəfə [isə] elə deyildi. İndi mən onun tərəfindən qayğı və nəvaziş görmürdüm. Anam daim yanımda olur, mənə qulluq edirdi. Allahın Elçisi(s) məni yoxlamağa gələndə anamdan soruşurdu: "O, necədir?" Vəssalam! Bundan artıq bircə kəlmə də demirdi".
İbn Hişam bildirir: "Aişənin anası Əbdü Dəhmənin qızı Ümm Ruman ləqəbli Zeynəbdir. Əbdü Dəhmən isə Firas bin Ğənəm bin Malik bin Kinanə qəbiləsindən idi".
İbn İshaq bildirir: "[Aişə deyir:] "Onun [Rəsulullahın(s)] bu cür soyuqluğunu görüb ürəyimdə narahatlıq keçirməyə başladım və bir gün ona dedim: "Ey Rəsulullah! Mənə daha rahat qulluq etsin deyə, icazə ver, anamgilə köçüm". Allahın Elçisi(s) cavab verdi:"Özün bilərsən". Mən də atam evinə köçdüm, hələ də bütün dedi-qodulardan xəbərsizdim. İyirmi gündən sonra sağaldım.
...Biz ərəblərin evində yadellilərin evlərində olan ayaqyolu yox idi. Bunu qətiyyən qəbul etmirdik. Ehtiyacımızı ödəməkdən ötrü Mədinənin çöllərinə gedərdik, qadınlar öz ehtiyaclarına görə oralara əsasən gecələr üz tutardılar. Bir gün mən də ehtiyacıma görə çölə çıxdım. Ümm Mistəh bint Əbu Rühm bin əl-Müttəlib bin Əbdü Manaf da mənimlə idi. Onun anası Səhr bin Amir bin Kəb bin Təymin qızı, atam Əbu Bəkr əs-Siddiqin(r) xalası idi.
O, mənim arxamca gəlirdi. Birdən ayağı paltarının balağına dolaşdı və o, ucadan dedi: "Lənətə gələsən, ey Mistəh!"-Mistəh-ləqəbdir, onun adı isə Övfdür. -Mən təəccüblə ona üzümü tutub: "Allah günahından keçsin, sən mühacirlərdən olan və Bədr vuruşunda iştirak etmiş adam haqqında niyə belə pis danışırsan?"-dedim. O da təəccüblə: "Məgər sənin xəbərin yoxdur, ey Əbu Bəkrin qızı?"-söylədi. Soruşdum: "Nədən?" Bu zaman Ümm Mistəh ağzıgöyçəklərin yaydığı dedi-qoduları mənə danışdı. Mən təəccüb içində: "Ola bilməz, bu, doğrudanmı, belədir?"-deyə soruşdum. O cavab verdi: "Bəli, Allaha and olsun, bu, həqiqətən də, belədir".
Allaha and olsun, mən ehtiyacımı [belə] ödəmədən hönkürtü ilə ağlaya-ağlaya geri döndüm. Hətta fikirləşirdim ki, indi [həyəcandan] ciyərim partlayacaq. Anama dedim: "Allah günahından keçsin! İnsanlar mənim barəmdə müxtəlif [çirkin] söz-söhbətlər yayır, sən isə bu haqda mənə heç nə demirsən?!" O, cavab verdi: "Sakit ol, qızım. Bu cür dedi-qodulara fikir vermə. Vallah, başqa arvadlar arasında əri tərəfindən gözəlliyinə görən ən çox sevilən az qadın tapılar ki, onun barəsində dedi-qodu danışılmasın".
İftiralarla bağlı Allahın Elçisinin (s) insanlar arasında xütbə ilə çıxış etməsi
Allahın Elçisi(s) bu dedi-qodularla bağlı hətta camaat qarşısında xütbə ilə çıxış da etmişdi, lakin mən bu haqda [da ] bir şey bilmirdim. O, Allaha həmd və səna etdikdən sonra söyləmişdi: "Ey insanlar! Mənim əhli-əyalım haqqında nahaq sözlər danışmaq, bununla da mənə acı çəkdirmək sizə yaraşmaz! Allaha and olsun, mən əhli-əyalımdan çox razıyam. [Mənim yaxşı] tanıdığım insan haqqında da bu cür nahaq sözlər söyləyirlər. Allaha and olsun, mən ondan yalnız yaxşılıq görmüşəm. O, heç zaman heç bir evimə mənsiz girməmişdir!"
...Bu dedi-qoduları ən çox Abdullah bin Übeyy bin Səlul və Xəzrəc qəbiləsindən olan adamlar yayır, bununla belə, onlar Mistəhin və Həmnə bin Cəhşin söylədiklərini təkrar edirdilər. Çünki Həmnənin bacısı Zeynəb bint Cəhş də Peyğəmbərin(s) xanımı idi. Rəsulullahın(s) xanımları arasında onun sevgisini qazanmaqdan ötrü yalnız Zeynəb mənimlə rəqabət aparırdı. Zeynəbin özü isə mənim barəmdə ancaq yaxşı sözlər danışırdı, çünki yalan danışmağa onun imanı yol vermirdi. Həmnə bint Cəhş isə bacısı Zeynəbə görə məndən qisas almaq məqsədilə bu cür [çirkin] söz-söhbətlər yayırdı. Lakin sonralar o, bu əməlinin cəzasını çəkdi.
Allahın Elçisinin(s) xütbəsindən sonra müsəlmanlar arasında baş verənlər
Allahın Elçisi(s) sözünü bitirdikdən sonra Üseyd bin Hüdeyr soruşdu: "Ey Rəsulullah! Əgər bu söz-söhbətləri yayanlar Övs qəbiləsinin adamlarıdırsa, o zaman onların cavabını verməyə hazırıq, yox, əgər Xəzrəc qəbiləsindən olan qardaşlarımızdırlarsa, onda əmr ver, boyunlarını vurum. Allaha and olsun, onlar boyunları vurulmağa layiqdirlər!"
Bu zaman indiyə qədər sakit və mülayim adam təsiri bağışlayan Səd bin Übadə ayağa qalxaraq dedi: "Yalan danışırsan! Allaha and olsun, biz onların boyunlarını vurmayacağıq. Onların Xəzrəc qəbiləsindən olduqlarını bilirsən deyə, belə deyirsən. Əgər o adamlar sənin qəbiləndən olsaydılar, bu cür danışmazdın". Üseyd cavab verdi: "Sən özün yalan danışırsan, Allaha and olsun! Axı, sən münafiqsən, ona görə də münafiqləri müdafiə edirsən!" Adamlar bir-birləri ilə mübahisə etməyə başladılar. Övs və Xəzrəc qəbiləsindən olan bu adamlar arasında mübahisə az qala şərə çevriləcəkdi. Bu zaman Allahın Elçisi(s) minbərdən enərək yanıma gəldi.
Allahın Elçisinin(s) Əli və Üsamə ilə məsləhətləşməsi
Allahın Elçisi(s) Əli bin Əbu Talibi(r) və Üsamə bin Zeydi yanına çağıraraq onlarla məsləhətləşməyə başladı. Üsamə məni təriflədikdən sonra dedi: "Ey Rəsulullah! Vallah, biz sənin əhli-əyalın haqqında yalnız yaxşı şeylər bilirik". Əli isə belə dedi: "Ey Rəsulullah! Qadından çox qadın. Sən çətinlik çəkmədən onun yerinə başqasını ala bilərsən. Cariyyədən soruş, o, sənə düzünü söyləyər". Rəsulullah(s) cariyyəm Büreyrəni yanına çağırdı. Bu zaman Əli bin Əbu Talib yaxınlaşıb onu bərk vurdu və dedi: "Allahın Elçisinə(s) həqiqəti söylə!" Büreyrə dedi: "Allaha and olsun, Aişə barəsində yaxşılıqdan savayı bir şey bilmirəm, bir cəhətindən başqa: bir neçə dəfə yoğurduğum xəmirə baxmağı ondan [xahiş] etmişdim. Lakin Aişə xəmirə baxmayıb yatmış, qoyun da gəlib xəmiri yemişdi. Aişə sadəcə, səhlənkardır, vəssalam".
Aişənin günahsızlığına dair Quran ayələrinin nazil olması
Bundan sonra Allahın Elçisi(s) yanıma gəldi. Valideynlərim də mənimlə birgə idilər. Onlardan başqa yanımda bir ənsar qadın da vardı. Mən ağlayır, o qadın da mənimlə bərabər ağlayırdı. Allahın Elçisi(s) əyləşdi və Allaha həmd və səna dilədikdən sonra söylədi: "Ey Aişə! Sənin adamların danışdığı dedi-qodudan xəbərin var. Allahdan qorx! Əgər həqiqətən də, adamların dediyi kimi piş iş tutmusansa, onda Allahın qarşısında tövbə et! Həqiqətən də, Allah Öz bəndələrinin tövbəsini qəbul edəndir". Allaha and olsun, o bu sözləri söyləyib qurtaran kimi göz yaşlarım qurudu. Mən valideynlərimin mənim əvəzimə cavab verəcəklərini gözləyirdim, onlar isə... susurdular.
Allaha and olsun, Rəbbimdən günahsız olduğumu sübut edəcək ayələr göndərməsini, insanların da məscidlərdə ibadət edərkən onları oxumasını arzulasam da, buna layiq olmadığımı fikirləşir və özümü buna görə olduqca kiçik bir varlıq hesab edirdim. Amma çox arzulayırdım ki, günahsızlığımı bilən Allahın üzərimdən böhtanları götürməsi haqqında Rəsulullah(s) ya bir yuxu görsün, ya da bu barədə ona bir xəbər verilsin. Barəmdə Quran ayələrinin nazil olmasına gəldikdə isə, buna özümü layiq hesab etmirdim. Valideynlərimin hey susub bir söz deməmələrini görüb onlardan soruşdum: "Siz Allahın Elçisinə(s) [nəhayət] bir cavab verəcəksiniz, ya yox?" Onlar dedilər: "Vallah nə deyəcəymizi bilmirik". Allaha and olsun, o günlər Əbu Bəkrin ailəsi qədər zülm çəkən ikinci bir ailə tanımıram. Valideynlərimin dodaqları altında nə isə anlaşılmaz sözlər söylədiklərini görüb ağlamağa başladım və Allahın Elçisinə(s) dedim: "Mən dediklərin sözlərə görə Allahım qarşısında heç zaman tövbə etməyəcəyəm, çünki bilirəm ki, bu halda adamların yaydığı böhtanı təsdiq etmiş, olmayan şeyi söyləmiş olacağam. Onsuz da Allah Özü bilir ki, Onun qarşısında günahsızam. Əgər adamların söylədiklərini inkar etməyə başlasam, bu halda da siz mənə inanmayacaqsınız".
Bu zaman mən Yəqub [Peyğəmbərin] adını yadıma salmağa çalışdım, lakin heç cür xatırlaya bilmədim. Söylədim: "Mən Yusifin atasının dediyi kimi deyirəm: "...Mənə yalnız gözəl [tükənməz, dözümlü] səbr gərəkdir. Söylədiklərimizdən ötrü kömək diləniləsi Allahdır!"("Yusif"surəsi; ayə 18).
...Allahın Elçisi(s) hələ də evimizdə idi. Elə bu zaman onun halı dəyişdi. O belə vəziyyətə adətən, ona vəhy nazil olan zaman düşürdü. Peyğəmbərin(s) üstünü örtdülər, başının altına isə dəridən bir yastıq qoydular. Onun bu halını gördükdə nə qorxdum, nə də ki, narahat oldum, çünki onun qarşısında təmiz [günahsız] olduğumu bilirdim, Uca və Qüdrətli Allahın da məni tək qoymayacağına əmin idim.
Valideynlərimə gəlincə, Aişənin canı əlində olan tək o Allaha and olsun, onlar Allahın Elçisinin(s) evimizə qədəm qoyduğu andan hələ də özlərinə gəlməmişdilər. Allah-Təala tərəfindən gələ biləcək vəhyin adamların yaydığı söz-söhbətləri təsdiq edəcəyindən qorxurdular... Bir azdan Allahın Elçisi(s) özünə gəldi və yerindən qalxaraq oturdu. Qış vaxtı olmasına baxmayaraq, onun alnından mirvari dənələri tək iri tər damcıları axırdı. O alnındakı təri silib dedi: "Sevin, ey Aişə! Allah-Təala sənin günahsız olduğunu xəbər verdi". Mən söylədim: "Şükür Allaha!" Bundan sonra o, xütbə ilə adamların qarşısına çıxdı və Allah-Təalanın Quranda bu barədə nazil etdiyi ayələri onlara oxudu. Daha sonra Allahın Elçisi(s) dedi-qodu yaymış Mistəh bin Üsasənin, Həssan bin Sabit və Həmnə bint Cəhşin gətirilməsini əmr etdi və onları qamçılanmaqla cəzalandırdı".
Əbu Əyyubun Aişənin gunahsızlığını xanımına deməsi
İbn İshaq bildirir: "Atam İshaq bin Yasər Nəccar qəbiləsindən olan bəzilərinin sözlərinə istinadən mənə danışmışdı ki, Əbu Əyyub Xalid bin Zeydin xanımı Ümm Əyyub ondan soruşmuşdu: "Ey Əbu Əyyub! Aişə haqqında danışılan söz-söhbətlər barəsində eşitmisən?" Əbu Əyyub cavab vermişdi: "Eşitmişəm, [amma] bu , açıq-aşkar bir böhtandır. Ümm Əyyub, səndəmi danışırdın?" Xanımı cavab vermişdi: "Yox, Allaha and olsun. Mən heç nə danışmamışam!" Əbu Əyyub söyləmişdi: "Aişə, Allaha and olsun, səndən də yaxşıdır!"
Bu barədə Quranda nazil olmuş ayələr
İftira dolu söz-söhbətləri uydurub yayan insanlar haqqında nazil olmuş ayələrdə Allah-Təala buyurur:
* "Həqiqətən, [Aişə] barəsində yalan xəbər gətirənlər öz içərisindən olan bir zümrədir [münafiqlərdir]. Onu [o xəbəri] pis bir şey zənn etməyin. O, bəlkə də, sizin üçün xeyirlidir. O zümrədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. Onlardan günahın böyüyünü öz üstünə götürəni-İbn Hişama görə, bunlar, Abdullah bin Übeyy və onun dostlarıdırlar-isə [Qiyamət günü] çox şiddətli bir əzab gözləyir!"
* "Məgər onu [o yalan sözü] eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində [özləri haqqında yaxşı fikirdə olduqları kimi dostlarının da əhli-əyalı barəsində] yaxşı fikirdə olub: "Bu, açıq-aydın bir böhtandır!"-deməli deyildilərmi?"
* "[Aişəyə iftira yaxanlar] nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allahın yanında əsl yalançıdırlar!"
* "Əgər Allahın dünyada və axirətdə sizə neməti və mərhəməti olmasaydı, o yalan sözünüzə görə sizə şiddətli bir əzab toxunardı".
* "Çünki o zaman siz [münafiqlərin yaydığı] yalanı dilinizə gətirir, bilmədiyiniz sözü ağzınıza alır və onu yüngül [insana günah gətirməyən] bir şey sanırdınız, halbuki bu, [Peyğəmbərin əhli-əyalı haqqında nalayiq söz danışmaq] Allahın yanında çox böyük günahdır!"
* "Məgər siz onu eşitdiyiniz zaman: "Bizə bunu [bu yalanı] danışmaq yaraşmaz. Aman [Allah]! Bu çox böyük bir böhtandır"-deməli deyildiyinizmi?
* "Allah sizə öyüd-nəsihət verir ki, əgər möminsinizsə, bir daha belə şeylər etməyəsiniz".
* "Və Allah sizin üçün ayələrini [belə ətraflı, açıq-aydın] izah edir. Allah [hər şeyi] biləndir, hikmət sahibidir!"
"Möminlər arasında [onları nüfuzdan, hörmətdən salmaq məqsədilə] pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. [Hamının əməlini, yayılan şayiələrin, atılan böhtanların doğru olub-olmadığını] ancaq Allah bilir, siz bilməzsiniz!"
* "Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, Allah şəfqətli, rəhmli olmasaydı [halınız necə olardı]? [Dediyiniz yalanlara, yaxdığınız iftiralara görə sizi dərhal məhv edərdi]"
* "Ey iman gətirənlər! Şeytanın yolunu tutub getməyin! Kim Şeytanın getdiyi yolla getsə, o, [insanlara] çirkin, pis işlər görməyi [zina etməyi, yalan danışmağı, özgələrə böhtan atmağı] əmr edər. Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt [günahdan] pak olmazdı. Lakin Allah dilədiyini [günahdan] pak edər. Allah [hər şeyi] eşidəndir, biləndir!" ("ən-Nur" surəsi; ayə 11-21).
Aişə haqqında böhtan uydurub yayanlar barəsində bu ayələr nazil olarkən kasıb olduğuna görə Mistəhə yaxın qohumu kimi daim əl tutan Əbu Bəkr demişdi: "Allaha and olsun, Aişə haqqında bu cür böhtan uydurub yaydığına və bizə bu qədər acı çəkdirdiyinə görə bundan sonra Mistəhə əl tutmayacağam!"
Əbu Bəkrin bu sözləri barəsində Allah-Təala bu ayəni nazil etmişdir: * "Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrabaya, miskinlərə, Allah yolunda hicrət edənlərə [mallarından heç bir] şey verməyəcəklərinə dair and içməsinlər. [Onları] əfv edib, [cəzalandırmaqdan] vaz keçsinlər! Məgər siz [bu yaxşılıq müqabilində] Allahın sizin [günahlarınızı] bağışlamağını istəmirsiniz? Allah [bəndələrini] bağışlayandır, rəhm edəndir!" ("ən-Nur" surəsi; ayə 22).
İbn İshaq bildirir: "Bu ayələr nazil olduqdan sonra Əbu Bəkr: "Bəli, Allah-Təalanın mənə qarşı mərhəmətli olmasını istəyirəm"-demiş, əvvəlki kimi Mistəhə yardımçı olmaq qərarına gəlmişdi: "Allaha and olsun, bundan sonra da Mistəhə əl tutacağam".
İbn İshaq bildirir: "Səfvan bin əl-Müəttəl Həssanın öz şeirində onun haqqında böhtan yaydığını eşidib əlində qılınc Həssan bin Sabitin qarşısını kəsmişdi:-Həssan öz şeirində İbn əl-Müəttəli və İslamı qəbul etmiş Mudar qəbiləsindən olan ərəbləri tənqid etmişdi. Səfvan bin əl-Müəttəl onu qılıncla vurmuş, sonra da Yəqub bin Ütbənin mənə dediyinə görə, bu şeiri söyləmişdi:
Təhqir olunduğumu bilib qılınc aldım əlimə,
Axı mən çox cavanam, şeir gəlməz dilimə.
İbn İshaq bildirir: "Muhəmməd ibn İbrahim ibn əl-Haris ət-Teymi mənə danışıb ki, Həssanı qılıncla vurduğunu görən Sabit bin Qeys əş-Şəmmas Səfvan bin əl-Müəttəlin üzərinə atılıb əllərini kəndirlə boynuna bağladı, sonra Haris bin Xəzrəc tayfasının yurduna götürdü. Bu zaman onun qarşısına çıxan Abdullah bin Rəvahə soruşdu: "Bu nədir belə?" Sabit bin Qeys cavab verdi: "Heç bilirsənmi bu nə edib? Həssanı qılıncla vurub! Allaha and olsun, özümü vaxtında yetirməsəydim, onu öldürəcəkdi". Abdullah bin Rəvahə soruşdu: "Allahın Elçisinin(s) sənin bu hərəkətlərindən xəbəri varmı?" Sabit cavab verdi: "Yox, vallah". Abdullah: "Sən çox böyük səhv etmisən. Burax onu!"- dedi. Sabit Səfvanın əl-qolunu açdı. Bundan sonra onlar birlikdə Allahın Elçisinin(s) yanına gəlib baş verənləri ona bildirdilər Allahın Elçisi(s) Həssan bin Sabitlə Səfvan bin əl-Müəttəli yanına çağırdı. Əl-Müəttəl dedi: "Ey Allahın Elçisi! O məni öz şeirində təhqir edib, mən də qəzəbimdən onu vurdum". Allahın Elçisi(s) buyurdu: "Ey Həssan! Allah-Təala mənim qövmümü İslama hidayət etdikdən sonra onların arasında qarışıqlıq yaratmaq istəyirsən?" Peyğəmbər(s) bir az susub, sonra buyurdu: "Səni vuranı bağışla!" Həssan da: "Onu sənə görə bağışlayıram, ey Rəsulullah!"-deyə cavab verdi".
İbn Hişam bildirir: "Deyilənlərə görə, Allahın Elçisi(s): "Allah-Təala mənim qövmümü..." yox, "Allah-Təala sizi İslama hidayət etdikdən sonra..."- demişdi".
İbn İshaq bildirir: "Bunu mənə Muhəmməd bin İbrahim danışıb: "Allahın Elçisi(s) Həssan bin Sabitə, Səfvan bin əl-Müəttəl onu vurduğuna görə Birha qəsrini hədiyyə etdi. Mədinədə, Hideyl qəbiləsinin yurdunda olan Birha qəsri indi də qalır. Həmin qəsr əvvəllər Əbu Təlhə bin Səhlə məxsus idi. Əbu Təlhə onu Allahın Elçisinin (s) Əhli-beytinə hədiyyə etmişdi. Həmin o qəsri Allahın Elçisi(s) qılınc zərbəsinə görə Həssana verdi. Bundan əlavə Allahın Elçisi(s) Həssan bin Sabitə Sirin adında bir qipti qadın da hədiyyə etdi. Həssanın ondan Əbdürrəhman adlı oğlu dünyaya gəldi. Sirin deyib: "Aişə deyirdi ki, Peyğəmbər(s) İbn əl-Müəttələ də [qadın bağışlamaq istədi], lakin onda cinsi zəiflik olduğundan qadınlarla yaxınlıq edə bilmədiyi üçün bu baş tutmadı. Səfvan bin əl-Müəttəl vuruşların birində şəhid oldu".
Həssan bin Sabit isə bir şeirində Aişə barəsində dediyi sözlərə görə ondan üzr istəmişdi.
İbn Hişamın Elmira Qafarovanın tərcüməsində çapa hazırlanan "Muhəmməd Peyğəmbərin (s) həyatı" kitabından