Kimlər fitrə zəkatı verməlidir və nə qədər? - İlahiyyatçı
11:49 DinRamazan ayının sonuna yaxın hər bir müsəlmanın vacib vəzifələrindən biri də fitrə zəkatını çıxarmaqdır.
Hər il olduğu kimi, bu il də müsəlmanlar fitrə çıxarmaq qaydaları və məbləği ilə bağlı suallar qarşısında qalırlar.
Bəs bu il fitrə miqdarı nə qədərdir və kimlər fitrə verməlidir?
Olaylar.az xəbər verir ki, "Cebheinfo.az" mövzu ilə bağlı vacib məqamları dinşünas, ilahiyyatçı Nabat Xasməmmədli ilə danışıb.
İlahiyyatçının sözlərinə görə, ailə başçısı ailə üzvlərinin hər biri üçün 5-10 manat məbləğində fitrə çıxarmalıdır:
"Bu, fitrənin minimum hesablanmış miqdarıdır. Əgər şəxs imkanlıdırsa, fitrəni daha bahalı xurma, düyü və s. ilə hesablayaraq verə bilər. Lakin imkanı az ailələr üçün minimum məbləğ 5 manatdan başlayır. Qafqaz Müsəlmanları İdarəsinin fətvasına əsasən, fitrə zəkatının miqdarı 5-10 manat arasında dəyişir".
Onun sözlərinə görə, imkanı olan şəxs fitrəni minimum məbləğlə hesablamamalıdır:
"Şəriətə görə, imkanlı şəxslər fitrəni daha bahalı məhsullarla verməlidir. Yəni onlar da 5-10 manatdan hesablamamalıdırlar. Kasıb insanlar isə öz büdcələrinə uyğun olaraq düyü, buğda və digər ərzaq məhsullarının qiymətinə əsasən fitrə çıxara bilərlər. Toplanan fitrə zəkatı ehtiyac içində olan fəqirlərə verilməlidir. Lakin bu vəsait onu halala xərcləyən ehtiyac sahiblərinə çatdırılmalıdır".