Məhərrəm ayı: Biz yası kimə tuturuq?
Məhərrəm ayı hicri təqviminə görə ilin ilk ayıdır...
12 Avqust 2021 14:18 DinMəhərrəm ayı hicri təqviminə görə ilin ilk ayıdır. Ayın hilal formasında göründüyü ilk gecə hicri təqvimin başlanğıcı sayılır. Hicri aylar bunlardır: Məhərrəm, Səfər, Rəbiüləvvəl, Rəbiülaxir, Cəmadiyaləvvəl, Cəmadiyalaxir, Rəcəb, Şəban, Ramazan, Şəvval, Zilqədə və Zilhiccə. Ayın orbitində tam dövrə vurması bəzən 29, bəzən də 30 gün olduğuna görə, hicri aylar bəzən 29, bəzən də 30 gün olur.
Məhərrəm İslam dininə görə 4 "haram" aydan biridir. İslam hökmlərində bu ayda savaşmaq, qan tökmək qadağan edilib. Məhərrəm ayının ilk 10 gün və gecələri mübarək gün və gecələr sayılır.
Tarixin bir çox şanlı və rüsvayedici, tükürpədici səhifələri vardır ki, bunlardan biri olan Kərbəla faciəsi bütün yer və göyləri lərzəyə gətirmiş, tarixə həm şanlı, həm də tükürpədici qanlı ləkə kimi düşmüşdür. 680-ci ildə Kufədə başlayan qiyamda, qiyama qalxanlar İmam Hüseyndən yardım istəyir və gəlib Kufədə Əməvi sülaləsinə qarşı üsyanda qiyamçıları ruhlandırmağı xahiş edirlər. İmam Hüseyn 72 nəfərlik kiçik bir dəstə ilə Kufəyə yollanır. Dəstəsi ilə birlikdə Mərəya düzündən keçəndə Yezidin göndərdiyi 4 min nəfərlik qoşun onları mühasirəyə alır və Məhərrəmlik ayının 10-cu günündə məşhur Kərbəla hadisəsi baş verir.
Şiə təriqətinə mənsub olanlar indiyə qədər də imam Hüseynin öldürülməsinə yas saxlayırlar. Bu günü yas saxlayanlar bununla əlaqədar olaraq bəzi ayinlər icra edir və qadağalara riayət edirlər. Məsələn, spirtli içki içmək, toy eləmək günah sayılır. Bəziləri isə Məhərrəm ayının 10-cu günü çimməyi, sabundan istifadə etməyi və s. günah hesab edirlər. Zəncir vurmaq və qan çıxarmaq tələbi isə öz yerində.
Dinimizdə Məhərrəm ayına məxsus bir ibadət olmadığı kimi Məhərrəm ayına məxsus bir qadağa da yoxdur. Hədisçilər bu barədə müxtəlif rəvayətlər nəql edirlər. Ancaq bu hədislərin Quranda bir dəlilini görmədiyimiz üçün "bu ayda filan ibadəti yerinə yetirin və ya bu ayda filan şey haramdır" deyə bilmərik. Əhli-sünnə mənbələrindəki rəvayətlərdə "Hər kim Məhərrəmin Aşura günündə oruc tutarsa, Allah-Təala o adama on min mələk savabı verir. Hər kim Məhərrəmdən Aşura günündə oruç tutarsa, o adama on min həcc və umrə savabı verilir, əlavə olaraq on min dənə də şəhid savabı verilir" deyilir. Şiələr isə bu ayın Aşura günündə oruc tutmağı bidət və haram sayır və bunu əməvilərin Hüseyni şəhid etməsini qeyd etmək üçün uydurduqları bir bidət olaraq görürlər.
Biz, elmi və tarixi tədqiqatlardan əldə etdiyimiz məlumatlara və xüsusilə Qurana əsaslanaraq deyə bilərik ki, Məhərrəm ayına məxsus ibadət və qadağalar barədə verilən rəvayətlərin hamısı batil xurafələrə dayanır və heç biri səhih bir dəlilə əsaslanmır. Məhərrəm ayının digər aylardan və ondakı Aşura gününün hər hansı digər günlərdən heç bir fərqi yoxdur. Bu səbəblə digər günlərdə halal və haram olan şeylər o gündə də eynidir. Təkcə Aşuranın 10-cu günü toy kimi şənlikləri həmin günün xatirəsinə hörmətlə bir başqa günə təxir etmək yaxşı olar.
Mən də düşünürəm ki, Məhərrəm ayında icra olunan əməllərin əksəriyyəti cahillikdən irəli gəlir. Toy və digər şənlikləri təxirə salmaq, içki içməmək və digər pis vərdişlərdən uzaq durmaq, hardasa yüksək səslə musiqi dinləmək, özünü zəncirləmək və s. hər biri əsassız hadisələrdir. Bu əməllərin əksəriyyəti təkcə Məhərrəm ayında deyil, digər aylarda da müsəlman əhli üçün yalnışdır. Son illərdə müsbət hadisədir ki, özünü zəncirləyib, boş yerə əzab vermək əvəzinə, Aşurada sosial yardımlaşma, ehtiyaclılara yardım, qan verilməsi kimi sosial aksiyalar keçirilir.
Əksəriyyəti düşündürən suallardan bir neçəsi mənim də diqqətimi çəkdi. Biz nəyə görə 1400 ildir ki, bir faciədə həlak olan insanların yasını saxlayırıq? Nəyə görə toy və digər şənlikləri kiçik yığıncaqlarla yola vermirik? Həmçinin bu ay ərzində mənasız və əsassız qadağalara riayət etməkdənsə, niyə daha çox xeyriyyə aksiyalarına önəm vermirik?
İlahiyyatçı İbrahim Məmmədovun sözlərinə görə, Allahın günlərinin ehtiramını saxlamaq müsəlmanların borcudur:
"İlk olaraq bunu qeyd etməliyik ki, hər insanın fitrətində öz dini inancı olduğu kimi, Azərbaycan xalqında da bu belədir. Bildiyiniz kimi Azərbaycan xalqının əksəriyyətinin dini inancı İslam, bu dini bəşərə çatdıran Məhəmməd (s.a.v) peyğəmbər və onun övladlarıdır. 1400 il bundan əvvəl baş vermiş faciənin bu gün və nəinki bu gün, illərdir matəm günü kimi keçirilməsi, İmam Hüseynə (s.a.v) əza saxlamaq biz müsəlmanların dini etiqadıdır. Bu günün illərdir gəlib yetişməyi də təbii ki, Allahın iradəsidir. Quran-i Kərimdə də Allahu-təala bildirir ki, "Allahın günlərinin ehtiramını saxlayın" Necə ki, Ramazan ayı Allahın günlərindəndir və biz həmin ayda ehtiram saxlayırıq, yemək-içməkdən çəkinirik, eləcə də Məhərrəm ayında eyni cür matəm abu-havasında oluruq. Niyə? İmam Hüseyn Kərbəlası və onun başına gətirilən müsibətlər Allahın dinin sabit qalması üçün idi. Bu səbəbdən də bu ay ərzində İmam Hüseynə əza saxlamaq, onun matəmini tutmaq Allahın ayına ehtiram saxlamaqdır. Həmçinin, Azərbaycanın Məhəmməd Füzuli, Əliağa Vahid və digər yazıçı, şair və şəxsiyyətləri öz əsərlərində İmam Hüseyn haqqında qeyd etmişlər.
Bütün bunlardan ən önəmlisi, biz müsəlman olduğumudan, bizim üçün şəhidlik, şəhadət anlayışı var. Dinimizdə şəhidliyin simvolu İmam Hüseyndir. Yəni, şəhadəti bəşəriyyətə çatdıran, qorxmadan, çəkinmədən canından, mal-mülkündən , hətta övladlarından keçərək, bir cəmiyyətin gələcəyi üçün fədakarlıq edən və bizə şəhidliyi öyrədən İmam Hüsey. Necə ki, Azərbaycan xalqının şəhidləri sayəsində, Allah onlara rəhmət etsin, bu xalq azadlığa yetişdi, torpaqları düşmən tapdağından azad edildi, həyatı nizam-intizama düşdü. Eləcə də, İmam Hüseyn din şəhidi sayılır. Ona görə də müsəlmanlar üçün ən vacibi İmam Hüseynin şəhadətidir ki, dinimizin qorunub saxlanılmasında böyük rol oynadı. Həmin o faciədir ki, illər, əsrlər keçməsinə baxmayaraq, hər il inanclı insanların etiqadına görə qeyd olunur. Necə ki, biz illərdir 20 Yanvar, 31 Mart, Xocalı Soyqrımı və digər günlərdə faicəvi şəkildə şəhid olanların matəmini, ehtiramını saxlayır, zülmə, haqsızlığa etiraz edir, şəhidlərimizi ziyarət edərik.
O ki qaldı "ərəblər" sözünə, Azərbaycan xalqının anlayışında "ruslar", "azərilər", "farslar" və s. kimi millət ayrımcılığı yoxdur, insani keyfiyyətlər var. Yəni dinindən, dilindən, irqindən, millətindən asılı olmayaraq İslam dini hər kəsə qayğı göstərməyi öyrədir.
Biz xalq olaraq, əzizlərimizi itirəndə şadlanmırıq, əksinə qəm-kədərli, əzalı oluruq. Məsələn, birinin anası, atası, qardaşı və ya hansısa doğması rəhmətə gedəndə onun matəmini saxlayırıq. Eləcə də, İmam Hüseyn. O, inanclı insanların şəhidi, peyğəmbərimizin övladı, dinimizin qoruyucusudur.
Xeyriyyəçiliyə qaldıqda isə, Məhərrəm ayı özü xeyriyyədən başqa bir şey deyil, xeyrin özü elə İmam Hüseyndir. İnsanların bir-birinə əl tutması, ehsanlar verməsi, fəqirlərin qapısını döyüb, onlara təam verməsi və s. bu ay ərzində baş tutan əməllərdir".
Röyalə Xəyal