Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir
16 Noyabr 2018 12:15 DinQırğız Respublikasının Din İşləri üzrə Dövlət Komissiyasının təşəbbüsü ilə Bişkekdə "Müasir dünyəvi dövlətdə İslam" adlı ikinci beynəlxalq konfrans keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, tədbirdə dünyanın 20 ölkəsindən gələn dövlət qurumlarının nümayəndələri, dinşünas alimlər, ekspertlər iştirak edirlər. Ölkəmizi bu konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin müavini Səyavuş Heydərov, Azərbaycanın Qırğız Respublikasındakı səfiri Hidayət Orucov və Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun baş elmi işçisi Aydın Əlizadə təmsil edir.
Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovun da iştirak etdiyi tədbirdə çıxış edən DQİDK sədrinin müavini Səyavuş Heydərov ölkələr arasında müvafiq istiqamətdə təcrübə mübadiləsinin aparılması, əməkdaşlıq prespektivlərinin müzakirə edilməsi baxımından çox faydalı olan konfrasın təşkilinə və dəvətə görə sözügedən respublikanın Din İşləri üzrə Dövlət Komissiyasına minnətdarlığını bildirib.
Daha sonra beynəlxalq konfransın panel iclasında Səyavuş Heydərovun "Dini ekstremizmlə mübarizədə internet resursları və KİV-lə işin təşkili" mövzusunda məruzəsi dinlənilib. Natiq öncə Azərbaycanda mövcud olan nümunəvi dövlət-din münasibətləri, tolerant və multikultural mühit barədə danışıb.
S.Heydərov Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda mövcud olan ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyinin təməlində multikulturalizm, tolerantlıq, milli-mənəvi dəyərlərə hörmətlə yanaşı, güclü hüquqi baza və dövlətçilik prinsiplərinin dayandığını vurğulayıb.
Çıxışında dini radikalizmə qarşı mübarizədə KİV-lərin roluna toxunan S.Heydərov Dövlət Komitəsinin bu sahədə dini maarifləndirmə prosesini medianın imkanlarından istifadə edərək uğurla həyata keçirdiyini bildirib.
Qeyd edək ki, DQİDK-nın sədr müavini S.Heydərovun çıxışının böyük maraqla qarşılandığı konfrans öz işini noyabr 16-da davam etdirəcək.