İnsanda Allah qorxusu olmalıdırmı?

Həmd olsun Allaha ki, bizə düşünə bilmək, dərk etmək, fikirləşmək, Onun yaradılışda qoyduğu inayətlərini görmək tofiqatını vermişdir. Bunları düşünə bilmək insanın ayılması üçün fövqəl dərəcədə mühümdür. Düşünməli mövzulardan biri də bizim həyatımız, mövcudiyyətimiz, durumumuzdur.

Nə üçün Allahdan qorxmalıyıq?

Bu həyat - dəniz, okean kimidir. Bu okeanda, dənizdə cürbəcür dalğalar olur. Bizim burada sağ-salamat mövcudiyyətimiz və salamat şəkildə buradan keçməyimiz üçün gərək müvafiq miniklərimiz olsun. Ötən bəhsimizdə bu mövzuya toxunduq ki, təqva - bu dünya burulğanlarından keçə bilmək üçün ən ciddi və yeganə minikdir. Təqva - əslində insanın içində olan Allah xofunun, İlahi qorxunun nəticəsində meydana gələn günahdan çəkinmə və Allaha bəndəliyə tərəf yönəlmə halətidir. Təqvanın mahiyyəti bundan ibarətdir. Bir insanın, iman əhlinin, Allah bəndəsinin gərək bünövrəli, köklü imanından irəli gələn İlahi xofu olsun. Əgər bu İlahi xof və qorxu olmasa, onun davranışlarında təqvalı davranış mümkün olmayacaq. Deməli, təqvanı zəruri edən əsas məsələlərdən biri - İlahi xof və İlahi qorxudur. O da, iman olmasa, mövcud ola bilməz. Deməli, insanın imanı olmalıdır, əmin olmalıdır ki, onu bir Yaradan var, burada elə-belə mövcud deyil, bir gün sorğu-sualı olacaq və qorxusu olmalıdır ki, buranı boş, mənasız yaşayar, nəticədə əbədi müsibətlərlə qarşı-qarşıya gələr. İmanı olmalıdır ki, burada yaxşı yaşasa, Allahın hədiyyələrini, mükafatını görəcək. Əgər pis yaşasa, nəticəsi pis olacaq.

İnsanın imanı səbəb olur ki, onda bir rasional qorxu hissi əmələ gəlsin. Necə ki, elmi, ağlı olan insan təhlükəli bir şeydən qorxur, eləcə də imanlı insanın günah etmək qorxusu var və bu qorxu səbəb olar ki, insan pis işə tərəf getmir. Pis işin aqibətindən xəbərdardır, ona görə pis işdən uzaq durur. Pis iş etməkdən qorxur. Allah bəyənənə tərəf gedir, bilir ki, bunun yaxşı yekunu var.

Bəli, əgər insan yaxşı durumda, yaxşı vəziyyətdədirsə, İlahi xofu var ki, birdən büdrəyər. Qorxur ki, birdən səhv edər, xəta edər, həmin bu yaxşı vəziyyəti əldən gedər. Hər hansı vəziyyətdə, durumda arxayınçılığı yoxdur. Əla vəziyyətdədirsə, qorxusu var ki, birdən əldən verər. Pis vəziyyətdədirsə, qorxusu var ki, bunun aqibəti pis olar. Bu ruhiyyə onu çəkindirir. Təqva - əslində budur. Bu ruhiyyə olmasa, heç nəyin mənası yoxdur. Bu ruhiyyə ilə qəflət birlikdə ola bilməz. Qəflətin açılımlarından, izahlarından, təriflərindən biri də elə budur. Qəflət - o hallardandır ki, orada insan fəal imana malik deyil, nəticədə İlahi xofa malik deyil. Deyəndə ki, bir insan qəflətdədir, bu, o deməkdir ki, onun durumunu İlahi xof tənzimləmir. Qəflətin elə bir mənası da budur. Çünki, qəflətdə olan insanın İlahi xofu olmur. Nə gəldi edir, fərqinə varmır. İmanı da var, amma aktiv deyil. Əgər aktiv vəziyyətdə imanı olsa, qorxusu olar. Deməli, qəflətlə diqqətli halın ən ciddi fərqi bundan ibarətdir ki, qəflətdə olan insanın imanı aktiv olmadığına görə, İlahi xofa da malik olmur. Qəflətdə olan insan bu vəziyyətlərdən uzaqdır. Bütün bunlar insanın qəlbində baş verir. Ona görə də gərək qəlbimizlə məşğul olaq.

İlahi xof fiziki və mənəvi xəstəlikləri müalicə edər

İlahi xofun insanın qəlbində yaratdığı təsirlərə diqqət edək. Bu təsirlərin arasında elələri vardır ki, insanın aqibətinə bilavasitə təsir edir. Bu münaibətlə Həzrət Əlidən (ə) nəql edilən hədisə diqqət edək: "Həqiqətən Allahdan qorxu - sizin qəlblərinizin dərdinin dərmanıdır. Qəlblərinizin gözünü açan, bədənlərinizin xəstəliklərinə şəfa verən, sinələrinizin puçluğunu aradan götürən, canlarınızdakı çirklilikləri təmizləyən və gözlərinizdən korluğu siləndir". Qəlblərin bütün mərəzlərinin, bütün dərdlərinin, bütün ağrılarının, qəlbin mənəvi mərəziyyatının hamısının dərmanı, müalicəsi - İlahi xofda, Allahdan qorxmaqdadır. Bu olmasa, qəlb müalicə olunmur. Bu olmasa, qəlbdə heç bir irəliləyiş baş vermir. Allahdan qorxu qəlbimizin gözünü açır. Allahdan qorxan qəlb görən olur, aktiv olur, qəlbdəki iman fəal olur, bəsirətə malik olur, günahı görə bilir, cəhənnəmi görə bilir, pis aqibəti görə bilir, məhvə aparan yolu, nicata aparan yolu görə bilir. Öz vəziyyətini, yaşayışını aydın şəkildə görə bilir.

İnancımızın incə nöqtələrindən biri budur ki, təqvalı həyat tərzi həm də insanın sağlamlığına müsbət təsir göstərir. Bir insan təqvalı həyat tərzi sürəndə, bu, həm də onun fiziki xəstəliklərinin şəfa tapmasına kömək edir. Həzrət Əli (ə) mübarək buyuruşunda aydın şəkildə bildirir ki, İlahi qorxu xəstəliklərə şəfa verir.

İlahi xof sinələrin puçluğunu aradan qaldırar

İnsanın içərisində bəzən böyük boşluq olur. Bəzən mənasız-mənasız hallara düşür. İnsanın qəlbini qəsavət basanda, ruhiyyəsi puç olanda, qəflət halına düşmüş olur. Bunu da İlahi xof aradan aparır. Əgər insan özünü Allah hüzurunda hiss etməsə, qəlbi puçlaşar. Amma Allah qorxusu, İlahi xof sinələrin puçluğunu götürər. İçimizdə olan çirklikləri, eybəcərlikləri də İlahi xof aradan aparar. Daxilimizdə bir paklaşma, təmizlənmə baş verər, nuraniyyət gələr. Gözlər görər, qulaqlar eşidər, dil boş-boşuna mövcud olmaz. Deməli, İlahi xof olsa, insan nə danışdığına fikir verər. Allahdan qorxusu olduğu üçün, ağır aqibətin perspektivini anladığı üçün qeybət etməz. O yerdə ki, danışmalıdır - orada danışar. Bilir ki, danışmasa, cavab verməli olacaq. Qorxar ki, qulaqları ğina eşitsin. Qulaqlarının ğina qəbul etməsi ilə qəlbinə sirayət etməsinə görə qorxusu olar. Gözlərinin nəyə gəldi baxmasından İlahi xofu olar. Əgər Allah eləməsin, büdrəsə, İlahi xofu onu tez qaldırar. Bu anlamda İlahi xof - çox önəmli məsələdir. Bütün bunlar iman olan yerdə meydana gələr.

"Biz Allahdan qorxmamalıyıq, Onu yalnız sevməliyik" ifadəsi niyə yanlışdır?

İllərdir elə edirlər ki, dilimizdə qorxu sözü işlənməsin. "Biz Allahdan qorxmuruq, Onu sevirik" fikri çox zaman təlqin edilir. Dinimizin terminolojisində, Qurani-Kərim terminolojisində İlahi xof kəlməsi gəlir. İnsanların qorxuları müxtəlif cürdür. İnstinktlərdən irəli gələn qorxular var, heyvani qorxular var və s. Bu qorxu - o qorxulardan deyil. Bu, bir nurani, müqəddəs, işıqlı qorxudur, xeyirli aqibətə aparan qorxudur. Bu, heyvani qorxulardan tamamilə fərqlidir. Bu, insani səciyyəli bir qorxudur, yüksək qorxudur. Odur ki, bu kontekstdə qorxu sözünün istifadəsi tam olaraq yerindədir.

Biz diqqətli olmalıyıq ki, əgər elə bir vəziyyətimiz yoxdursa, deməli ağır, faciəli vəziyyətdəyik. Əgər içimizdə belə bir müqəddəs, belə bir nurani hal yoxdursa, qorxumuz yoxdursa - deməli, biz hələ yüksək insanlıq müstəvisinə daxil olmamışıq. Deməli, biz o qədər xəstələnmişik ki, bundan məhrum olmuşuq. Başımız da çox qarışıb. Hələ bundan sonra daha da çox qarışacaq. Kommunikasiyaların inkişafı, sürətin inkişafı, texnoloji inkişaf daha çox buna xidmət edir. Bu inkişaflar hamısı çox yaxşıdır, amma nəticədə nəyə gətirib çıxarır - mühüm olanı budur. Əgər Allahı xatırlamağa gətirib çıxaran vasitə olacaqlarsa, əladır. Əgər qəflət üçün vasitəyə çevriləcəklərsə, aqibətimiz zay olacaq. Əslində hər bir nemət belədir. Hesablamalar göstərir ki, hər neçə dəqiqədən bir, insanların çoxu telefonuna baxır. Amma hər neçə dəqiqədən bir, biz qəlbimizin halını yoxlamırıq. Hər neçə dəqiqədən bir, biz daxilimizə, vəziyyətimizə nəzər salmırıq.

Əgər vəziyyətimizi bilmək istəyiriksə, gərək daxilimizə nəzər salaq. Baxaq ki, daxilimizdə İlahi xof var, yoxsa yoxdur? Biz pis işə tərəf yönələndə daxilimizdə bir İlahi xof varmı ki, bizi bundan saxlasın? Əgər bu yoxdursa, deməli durum faciəlidir. Sual edək gərək ki, Allaha bəndəliyə aparan İlahi xof, bizim durumumuza hakim ola bilirmi? Bizim yaxşı vəziyyətdən çıxmağımıza mane olan, büdrəməmizə imkan verməyən İlahi xof varmı? Əgər varsa, xoş olsun halımıza.

Nə edək ki, qəlbimizdə İlahi xof meydana gəlsin?

Nə edək ki, qəlbimizdə belə bir durum meydana gəlsin? Həzrət Əmirəlmöminin (ə) buyurur: "Ürəyini moizə ilə dirilt və onu hikmətlə nurlandır". Yolu ancaq bundan keçir. İnsan gün ərzində mənəvi mövzular üzərində çox düşünməlidir. Bunları qəbul etməli, eşitməli, üzərində təfəkkür və tədəbbür etməlidir. Necə ki, gün ərzində çoxlu qəflətin və qəflətə aparan məsələlələrin qıcıqlarını alır, gərək salamatlığın, qəlb sağlamlığının da qidalarını alsın. Gərək insan moizə eşitsin, məlumat alsın, təfəkkür etsin, düşünsün.

Nemətlərə mərifət, Allaha itaətin zəruri şərtidir

Qəlbdə İlahi xofun meydana gəlməsinin əsas səbəblərindən biri də Allaha mərifətin olmasıdır. Əgər insanın Allaha mərifəti, tanıması olsa, onda Allahdan qorxusu meydana gələr. İnsanın mərifətinin olmasının tətbiq sferasından biri də nemətlərdir. İnsan, mövcud olduğu həyatı ərzində malik olduğu nemətləri dərk etməlidir. Onları başa düşməsi, haqqını dərk etməsi zəruridir. Həzrət Əli (ə) buyurur: "Əgər Allah Təala Ona itaətsizlik olunduğuna görə əzabla qorxutmasaydı belə, yenə bəxş etdiyi nemətlərə görə Ona itaət etmək vacib olardı". Göründüyü kimi, insanın nemətlərə mərifətinin olması hətta İlahi xof olmadan belə, zəruridir. Hətta insan günahlara, itaətsizliyinə görə əzabla qorxudulmasaydı belə, ona verilən nemətlərə görə vacibdir ki, Allaha itaət etsin. Belə olması üçün insanın mərifəti olmalıdır. Bizə verilən saysız-hesabsız nemətlərin qədrini bilmək istəsək, gərək onların şükrünü edək. Ən böyük şükür də, nemət verənin nemətlə necə davranmamızı istədiyi kimi, onunla davranmaqdır.

Allaha itaət də əslində budur. Allaha itaət budur ki, insan Allah verdiyi nemətlərlə Onun istədiyi kimi davransın. Həyat neməti verib - həyatla Allah istədiyi kimi davranaq. Ailə neməti verib - onunla Allah istədiyi kimi davranaq. Əgər biz Allah istədiyi kimi davransaq, şükrünü yerinə yetirmiş oluruq və itaət də əslində budur. Nemətlə davranmağın ən qabiliyyətli yolu, yalnız Allahdan qorxuya görə deyil, bu nemətlərin bəxşinə görə Allaha şükür etmək, itaət etməkdir. Əgər biz nemətlərlə Allah istəyən kimi davransaq, itaət etmiş oluruq.

Əslində əzabla qorxutmaq - bir ayıldıcı məsələlərdir. Bunlar insanı qəflət halından oyatmaq üçündür. Amma, mərifətli insana, imanı aktiv halda olan insana bu artıq vacib deyil. O, artıq özü sözügedən kateqoriyaları dərk edir.

Nemət nə zaman əlimizdən alına bilər?

İmam Sadiq (ə) buyurur: "Allah Təala bəndəyə verdiyi hər bir neməti, yalnız həmin neməti ondan məhrum etməyə layiq olan günaha görə geri almışdır". Əgər Allah Təala bizə bir neməti bəxş edibsə, o nemət o zaman insanın əlindən çıxar ki, nemətdən məhrum olmasına səbəb olan bir günahımız olsun. Deməli, günahlar nəinki aqibətlərimizi zay edir, həm də nemətlərdən məhrum edir. Bunun üçün də biz bir daha İlahi xofun nə qədər zəruri olduğunu anlayırıq. Əgər İlahi xofumuz olmasa ki, nemətlər əlimizdən çıxa bilər, daha rahat şəkildə günahlar etmiş olarıq. Bəşəriyyət nə qədər çox itaətsizliklər edib, o qədər çox nemətlərdən məhrum olub. Nə qədər çox günahlara meyillənib, ona verilən nemətlərdən o qədər məhrum olub.

Müsəlman insanlarının əsas müsibətləri buradadır. Nə zaman ki, İlahi xofla mövcud olsa, o zaman fərdi, ailəvi, ictimai, iqtisadi - həyatının bütün müstəviləri nuraniyyət üzərində olar. Əgər İlahi xof deyil, qəflət vəziyyətində olsa, nəticədə bu gün dünyada müşahidə etdiyimizin vəziyyət meydana gələr.

Allahım, bizə İlahi xofla yoğrulmuş bir həyat yaşamağı nəsib et!

Allahım, bizi nemətlərdən məhrum edən günah və xətalardan uzaq et!

Allahım, aqibətlərimizi xeyirli et! Amin!

Hacı İlqar İbrahim oğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31