Azərbaycanın Tiflis səfirliyi qarşısında piket
Qaxda yaşayan gürcülər Müqəddəs Georgi kilsəsinin keşişinin Azərbaycana buraxılmamasına etiraz ediblər.
27 İyun 2015 16:54 DinBu gün Tiflisin Ortaçala məhəlləsində Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısında bir qrup Qax gürcüsü etiraz aksiyası keçirib.
ANS PRESS-in Gürcüstan bürosundan verilən məlumata görə, bir qrup yerli gürcünün də qatıldığı piketin iştirakçıları Qaxdakı Müqəddəs Georgi kilsəsinin keşişi arximandrit Demetre Tetruaşvilinin Azərbaycana buraxılmamasına etiraz ediblər.
Etirazçıların dediyinə görə, iyunun 21-də Gürcüstandan Azərbaycana qayıdan arximandrit Demetre Balakən keçid məntəqəsindən buraxılmayıb. Ona bildirilib ki, yerli qanunvericiliyə görə, Azərbaycan ərazisində dini xadim hüququ yalnız ölkə vətəndaşlarına verilir.
Arximandrit Demetrenin tərəfdarları "Facebook"da ona dəstək məqsədi ilə xüsusi səhifə də yaradıblar.
Azərbaycan tərəfi ölkə ərazisində artıq 4 ildir ki, dini xadim kimi fəaliyyət göstərən arximandrit Demetreyə bu barədə xəbərdarlıq edibmiş. Ona bildirilib ki, Azərbaycan vətəndaşlığı almaq üçün iyunun 1-ə kimi sənədlərini təqdim etsin. Arximandrit isə həmin müddətə sənədləri təqdim edə bilməyib.
Piketə qoşulmuş Qax gürcüləri rayonun 5 kilsəsinin tək keşişi olan arximandritə ikili vətəndaşlıq, yəni həm Gürcüstan, həm də Azərbaycan vətəndaşlığı verilməsini daha doğru sayırlar.
Piket iştirakçıları bununla bağlı imza toplayaraq Azərbaycanın Tiflisdəki səfirliyinə təqdim ediblər. Səfirlikdə bu gün iş günü olmadığına görə, onlara cavabın bazar ertəsi veriləcəyi vurğulanıb.
