“İmitasiya ilə məşğul olmayan təşkilat yaratdıq”

Hikmət Cavadov: “Azərbaycan dövlətinin apardığı siyasətə uyğun layihələr həyata keçiririk”

Kiyevdə səfərdə olan Jurnalistlərin "Qarabağ"a Dəstək Qrupunun üzvləri Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovla görüşüblər. Görüşdə Ukrayna-Azərbaycan münasibətləri, soydaşlarımızın Ukrayna cəmiyyətinə inteqrasiyası, onların problemlərinin həlli istiqamətində görülən işlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

-Müşahidələr göstərir ki, azərbaycanlıların əsas problemlərindən biri yaşadıqları ölkədən asılı olmayaraq bir araya gəlib vahid mövqedən çıxış etməməsidir. Bu Avropada da belədir, Rusiya və Ukraynada da. Sizcə bunun səbəbləri nədir?

- Çox aktual sualdır. Bildiyiniz kimi, dünyada Azərbaycan diasporu yenicə formalaşmağa başlayıb. Konkret Ukraynanı götürdükdə, burda 1918-ci ildən - ADR-in dövründən diaspora fəaliyyətilə məşğul olunub. Konkret real fəaliyyətə gəldikdə isə burada yaşayan azərbaycanlılar əsasən Sovetlər Birliyi dağılandan sonra təşkilatlanmağa başlayıblar. Lakin 90-cı illərə qədər burada yaşayanlarla ondan sonra gələn insanlar arasında fikir müxtəlifliyi yaranıb. Əfsuslar olsun ki, bu səbəbdən indiyə kimi Ukraynada azərbaycanlıların monolit təşkilatı olmayıb. Burada mənə görə iki yanaşma var. Biri ondan ibarətdir ki, diaspora təşkilatının mövcudluğunu imitasiya üçün elan ediblər. Bu, sadəcə ictimaiyyət və mətbuat üçün edilib. Ukrayna Azərbaycanlıları Konqresinin Nizamnaməsində bir sıra çatışmazlıqlar var idi. Məsələn, qeyd olunurdu ki, 7 il burada yaşayan hər bir Ukrayna vətəndaşı "Azərbaycan" adı ilə ictimai təşkilat yarada bilər: bu İvan da ola bilər, Məmməd də. Təbii ki, bu, Ukrayna qanunvericiliyinə zidd idi. Biz isə heç bir imitasiya ilə məşğul olmayan və ortalığa konkret məhsul qoyan təşkilat yaratdıq. İndiki şəraitdə bizim apardığımız fəaliyyət Ukrayna qanunvericiliyinə əsaslanır, həm burda yaşayan azərbaycanlıların, həm də Ukrayna vətəndaşlarının maraqlarına xidmət edir. Fikrimcə, təşkilatın ştatlı işçiləri olmalı, burada yaşayan azərbaycanlıların hüquqlarını peşəkar şəkildə qorumağı bacarmalı, KİV orqanları fəaliyyət göstərməlidir. Bir sözlə, təşkilatın ofisi burada yaşayan azərbaycanlıların evi olmalıdır, istənilən vaxt bura zəng edəndə dəstəyi kimsə qaldırıb ona cavab verməlidir, bura gələndə ofisin qapısında qıfıl görməməlidir.
 
-Hər bir diaspor təşkilatının fəaliyyət qayəsi təmsil etdiyi dövlətin siyasətini təbliğ etmək, onun maraqlarına xidmət göstərməkdir. Siz bu işi necə qurursunuz?

-Biz Azərbaycan dövlətinin apardığı siyasətə uyğun layihələr həyata keçiririk. Amma məsələnin digər tərəfi də var ki, Ukrayna cəmiyyəti demokratik bir cəmiyyətdir. Onlar biləndə ki, burda qeydiyyatdan keçib fəaliyyət göstərən hər hansısa diaspor təşkilatı Azərbaycanın diktəsi ilə hərəkət edir, bu təşkilatın Ukrayna cəmiyyəti üçün heç bir faydası yoxdur, o halda həmin təşkilatın inkişaf etməsi çətinləşir, təsir imkanları zəifləyir. Bir işə başlayanda ilk növbədə Ukrayna cəmiyyətinin, daha sonra isə Azərbaycanın həmin işə necə reaksiya verəcəyini fikirləşirik. Bizim səhv etmək ehtimalımız olsa da belə, Azərbaycan üçün çalışırıq. Azərbaycanda da bilirlər ki, biz ölkəmizə qarşı heç bir cəhddə yer almarıq. Amma Ukrayna cəmiyyəti bu səhvləri bağışlamır, onların dövlətçiliyinə qəsd kimi başa düşür.

-Siz də Maydan hadisələri zamanı tribunaya çıxıb bəyanat vermişdiniz...

-Bəli, hadisələrin qızğın vaxtında - noyabr ayında mən mitinqdə bəyanatla çıxış etdim. Biz konkret şəxsi müdafiə etmədik. Sadəcə biz də əksəriyyət ukraynalı kimi avrointeqrasiyaya tərəfdar olduğumuzu bəyan etdik. Bəyanatın mahiyyəti bu idi: biz həm də Ukrayna cəmiyyətinin üzvləri olaraq bu ölkənin Avropaya inteqrasiyasının tərəfdarıyıq, bu prosesin dayandırılmasına qarşıyıq. Hətta bildirdim ki, bunun qarşısını almaq Ukraynaya vurulan zərbədir. Biz məhz bu məsələlərdə Maydanda olan siyasi qüvvələrin tərəfində olduğumuzu bəyan etdik. Hətta həmin ərəfədə 8 ölkədə onlayn forum keçirilirdi. Ukraynada da bizim ofisdə texniki avadanlıqlar quraşdırılmışdı, mən bəyan etdim ki, bizim atdığımız dəqiq addımlar həm Azərbaycana, həm də burada yaşayan azərbaycanlılara xeyir verə bilər. Sonrakı proseslər bizim haqlı olduğumuzu göstərdi.

-Bu hadisələr zamanı ermənilərin mövqeyi nədən ibarət idi. Sizin mövqeyinizlə toqquşmurdu ki?

-Əlbəttə, toqquşurdu. Biz bu barədə də Ukrayna cəmiyyətində müəyyən işlər apardıq, ermənilərin hansı mövqedə durduğunu bildirdik. "Sayuz Armyan Ukrayna"nın sədri Yanukoviçin oğlu ilə dost idi və sözün əsl mənasında burda at oynadırdılar. Eyni zamanda, ermənilərin Krım məsələsində mövqeyi Ukrayna cəmiyyəti tərəfindən xoş qarşılanmadı. Amma azərbaycanlıların mövqeyi fərqli idi. Bu məsələdə bizi sevindirən digər mühüm fakt isə prezident İlham Əliyevin Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi oldu. Bu kimi faktlardan sonra, xüsusən də son bir ildə Azərbaycana və burada yaşayan soydaşlarımıza qarşı münasibət yaxşı mənada dəyişib.
 
-Sizin təşkilatın ətrafında toplaşan azərbaycanlıların sayı nə qədərdir və bunların tərkibi daha çox kimlərdən ibarətdir?

-Ümumiyyətlə Ukraynada yaşayan azərbaycanlıların sayı barədə konkret rəqəm söyləmək çətindir. Problem ondadır ki, soydaşlarımızın çoxu qeydiyyata düşmür. Bu da Ukrayna ilə viza rejiminin olmaması ilə bağlıdır, ən pis halda 3 aydan sonra 65 ABŞ dolları xərc çəkməklə Belarusa gedib-qayıdırlar və ölkəyə giriş tarixini yeniləyirlər. Bu baxımdan, qeydiyyat soydaşlarımız üçün prioritet deyil. Bu isə onların dəqiq sayın müəyyənləşdirməkdə çətinliklər yaradır. İkinci bir problem də soydaşlarımızın vətəndaşlıq almaq istəməməsidir. Hər iki ölkənin Konstitutsiyası ilə ikili vətəndaşlıq mümkün deyil. Təşkilatımızın tərkibinə gəldikdə isə əlbəttə, müxtəlifdir, burada alimlər, tələbələr, iş adamları, jurnalistlər və digər təbəqənin nümayəndələri var. Amma biz bu məsələdə də kəmiyyətə deyil, keyfiyyətə üstünlük veririk. Bəzən elə olur ki, yüz nəfərin görə bilməyəcəyi işi 2-3 nəfər çox qısa müddətdə və çox peşəkarcasına görə bilir. Məsələn, Dnepetropovskda 45 min azərbaycanlı yaşayır, onlardan 160 nəfəri bizim təşkilatın üzvüdür. Onlar diaspor fəaliyyətini bütünlüklə dərk edən, bu işə can yandıran insanlardır. Bizə lazım olanda onların hər biri yanında əlavə 10-15 nəfər də gətirə bilir. Adətən toplantılarımıza 120-130 nəfəri dəvət edirik, çalışırıq ki, bu insanlar bizim fəaliyyətimizin fəlsəfəsini dərk edə bilsinlər. Hər dəfə də 20-30 yeni adam çağırırıq ki, onlar da nə işlə məşğul olduğumuzu bilsinlər, yəni tərkib hər zaman eyni olmasın.

-Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu daha hansı yeniliklərə imza atmaq niyyətindədir?

-Bizim Ukraynada əsas layihələrimizdən biri Azərbaycan dili və mədəniyyətinin təbliğidir. Bu layihənin də məqsədi Ukraynada yaşayan ailələrdə böyüyən gənclərin assimilasiyaya uğramasının qarşısını almaqdır. Bəzən atası azərbaycanlı, anası ukraynalı olan ailələrdə bu kimi hallar yaşanır. Bu layihə hörmətli səfirimiz Eynulla Mədətlinin təyinatından sonra daha da aktual olub. Cənab səfirin Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin təbliğ olunması istiqamətində atdığı addımlar bizə böyük stimul verir. Diaspor məktəbləri üçün Azərbaycan dili ilə bağlı kitab nəşr etmişik. Kitab çap olunandan sonra səfir Eynulla Mədətli onun 40 ədədini poçt vasitəsi ilə digər diplomatik nümayəndəliklərimizə göndərdi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Londonda səfərdə olarkən bu kitabı Azərbaycan səfirliyində görmüş və bəyənmişdi. Hətta bildirdilər ki, bu layihəni daha da geniş formada davam etdirmək istəsəniz maliyyə tərəfini biz həll edərik. Sonra biz bu layihəni Leyla xanımın hərtərəfli dəstəyi ilə daha da genişləndirərək nəfis tərtibatda çapına nail olduq. Hazırda kitabın növbəti - daha yeni formada çapına hazırlaşırıq.
Digər layihələrimizdən biri Ukraynanın bütün ali məktəblərində "Azərbaycan otağı"nın açılmasıdır. Artıq sentyabrdan bu işə başlamışıq. Taras Şevçenko adına Universitetin Tarix fakültəsində Sovet dövrünün arxivlərini açdırdıq və oradakı fotoları rəssamlara dəyəri tərəfimizdən ödənilməklə yenidən çəkdirdik. Çəkilən bu şəkillər universitetin qalereyasında nümayiş olunur.

-Sizin təşkilatın Ukraynada həm də bir neçə çap orqanı var. Bunların işi konkret nədən ibarətdir?

-Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun burada ümumilikdə 4 çap orqanı var. Bunlardan ikisi "Slova Azerbaycana" və "Qolos Azerbaycana" qəzetləri Kiyevdə fəaliyyət göstərir. Eyni zamanda, Dnepetropovskda "Oqni Azerbaycana" və Nikolayevo şəhərində "Vestnik Azerbaycan" adlı əlavə iki qəzetimiz nəşr olunur. Bu KİV orqanları həm Azərbaycan, həm də rus dilində işıq üzü görür. Çap olunan bütün qəzetlərimiz pulsuz paylanır. Eyni zamanda, poçt vasitəsi ilə Azərbaycanın müxtəlif dövlət orqanlarına göndərilir. Ümumiyyətlə, KİV-lə bağlı işimizi quran zaman belə nəticəyə gəldik ki, bizim çap orqanları və internet resurslarla fəaliyyətimiz, eləcə də çap olunan məqalələr yerli ictimaiyyət tərəfindən birtərəfli mövqe kimi qəbul olunur. Məsələn, haqlı olaraq düşünürlər ki, Azərbaycanın dünya ölkələri ilə münasibətləri, xüsusən də Dağlıq Qarabağla bağlı siyasəti barədə yazılarda Ukraynadakı Azərbaycan diasporu öz ölkəsinin mövqeyindən çıxış edəcək. Əlbəttə bu cür düşünmək təbiidir. Bütün bu fikirləri özümüzdən uzaqlaşdırmaq üçün Azərbaycanla bağlı olmayan KİV orqanı təsis etdik. Ad məsələsində əlbəttə Azərbaycan təcrübəsindən yararlandıq. Yeni şirkətin və xəbər agentliyinin adı "Ukrayna Nyu Servis" adlanır.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31