Güclü dövlətin diasporası güclü olmalıdır
Cavid Şahverdiyev: “Dövlətimizin gücünə görə də diasporamızla hesablaşırlar”
2 Sentyabr 2014 15:50 DiasporaMüsahibimiz Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin təsisçisi və sədri Cavid Şahverdiyevdir
- Cavid bəy, Azərbaycan diasporasının hazırki fəaliyyətini necə qiymətləndirisiniz?
- Konseptual baxımdan yanaşdıqda demək olar ki, Azərbaycan diasporasının hazırki fəaliyyət o qədər də yaxşı deyil. Ona görə ki, Azərbaycan kimi bir dövlətin diasporası da güclü olmalıdır. Amma əfsuslar olsun ki, biz bunu müşahidə edə bilmirik. Azərbaycan hakimiyyəti xaricdə yaşayan soydaşlarımızın həmrəyliyi, milli maraqlar və mənafelərimizə xidmət göstərməsi üçün bütün imkanlarını səfərbər edir. Azərbaycan prezidenti və yaxud da rəsmilərimizin xarici dövlətlərə edilən səfərlərdə soydaşlarımız və diaspora rəhbərlərimizlə görüşlər keçirilir, onların problemləri dinlənilir, tövsiyyələr verilir və s. Çox vaxt isə diaspor rəhbərlərimiz bu tövsiyyələrdən şəxsi maraqları naminə istifadə edirlər. Bir sıra dövlətlərdə yaradılan diaspor təşkilatlarımız xalqı yox, öz mənafelərini düşünürlər və bu ad altında da fəaliyyət göstərib yalnız şəxsi problemlərini həll edirlər.
- Sizcə, diaspora təşkilatlarımız Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə lazımi səviyyədə çatdıra bilirlərmi?
- Açığı, əvvəlki illərə nisbətən bu sahədə irəliləyiş var. Azərbaycan həqiqətləri, xüsusən də Qarabağ münaqişəsi, ermənilərin işğalçılıq siyasəti ilə bağlı soydaşlarımız təmsil olunduqları ölkələrdə tədbirlər keçirilər, ictimaiyyət az da olsa məlumatlandırılır. Lakin bu istiqamətdə fəaliyyət yalnız hansısa rayonumuzun işqalı ildönümünə təsadüf edir. Fikrimcə, hər gün bu istiqamətdə iş aparılmalıdır. Baxın, ən çox ABŞ, Fransa, Rusiya və Avropanın barmaqla sayıla biləcək ölkələrində bu kimi məsələlərə üstünlük verilir. Ancaq mənim fikrimcə, digər dövlətlərdə də erməni işğalçılığının ifşa olunması ilə bağlı təbliğat aparılmalıdır. Avropada ermənilərin vandalizmini nə qədər ifşa etsək də yenə xristian təəssübkeşliyi ilə üzləşirik. Siz elə bilirsiniz ki, adlarını çəkdiyim bu dövlətlərdə Azərbaycana qarşı yumşaq siyasi münasibət və yaxud da mövqe dəyişikliyi oradakı diaspora rəhbərlərimizin fəaliyyətinin nəticəsidir? Mən belə düşünmürəm. Azərbaycana qarşı mövqe dəyişikliyi, beynəlxlq ictimaiyyət tərəfindən qəbul edilməsi rəsmi Bakının xarici siyasi kursu, prezidentin uzaqgörənliyi və qətiyyəti ilə bağlıdır. Diaspor təşkilatlarımızın da təmsil olunduqları dövlət rəsmiləri tərəfindən qəbulu da Azərbaycanın dünyadakı mövqeyi ilə bağlıdır. Elə bir dövlət göstərin ki, gücsüzdür və dünya birlikləri tərəfindən qəbul edilmir, amma diaspoası güclüdür, qəbul olunur. Güclü dövlətin diasporası güclü olmalıdır. Bizdə isə güclü dövlətimiz var, amma diasporasının o qədər gücü yoxdur. Dövlətimizin gücünə görə də diasporamızla hesablaşırlar.
- Azərbaycan diasporası erməni diasporası ilə rəqabətə girə biləcək səviyyəyə yüksələ bilibmi?
-Hələ ki yox. Erməni diasporası yalnız xristan dövlətlərində güclüdür. Daha dəqiq, dünyanın aparıcı dövlətlərində. Erməni diasporası Yaxın və Orta Şərq regionunda güclü deyillər. Buna səy də göstərmirlər. Çünki qlobal dünyada baş verən bütün prosesləri, məsələsri BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü həll edir. Ermənilər ABŞ, Rusiya, Fransa və Avropanın güclü dövlətlərində öturuşublar. Bu dövlətlərdə Azərbaycan diasporası ermənilərə güc göstərə biləcək iqtidarında deyillər. Amma mübarizə aparırlar. Uğurlarımız da olur, ancaq müvəqqəti, ardıcıl deyil. Ona görə ki xristian təəssübkeşliyi və regional siyasət mövcuddur.
- Diaspora fəaliyyətimizin daha da inkişaf etməsi üçün nələr çatışmır?
-Milli maraqlar, vətənə xidmət, millətə xidmət. Bu yaxınlarda Avropanın ad çəkməsini istəmədiyim bir ölkəsinin diaspora təşkilat sədri ilə söhbətləşdim. Dedi ki, bir ayağım buradadır, bir ayağım Rusiyada. Fikirləşdim ki, əlbəttə diaspora quruculuğu ilə məşquldur. Sonradan dedi ki, biznesinin genişləndirir. Bu kimi faktlar çoxdur. Mənim dünyanın əksər dövlətləri ilə əlaqələrim var. 2011-ci ildə Moskvada beynəlxalq konfransda idim. Rusiyanın Gürcüstandakı keçmiş səfiri Feliks Stanevski ilə söhbətimdə o, mənə Rusiyadakı soydaşlarımızın fəaliyyətindən şikayətləndi. Mənə dedi ki, bizə ermənilər lazım deyil. Onsuz da onlar bizimlədir. Amma azərbaycanlıları özümüzə yaxınlaşdıra bilmirik. Burada keçirilən tədbirlərə sizin diaspora nümayəndələrini, hətta səfirliyin əməkdaşlarını dəvət edirik, gəlmirlər, bizdən qaçırlar, ona görə də ermənilərin Rusiya hökumətinə təsir imkanları genişdir, ictimai-siyasi səhnəsində fəaldırlar. Sizə bir fakt deyim, Rusiyada son prezident seçkilərində Putinin namizədliyini dəstəkləyən Xalq Cəbhəsi Hərəkatı yaradılmışdı. Mənim QHT daxil olmaqla Azərbaycandan 3 qurum o hərəkata üzv olmuşdu. Amma orada ermənilərin sayə 150-ni ötmüşdü. Yəni deməyim odur ki, bizdə bizi gözü götürməyənlərə yol tapmaq bacarığı yoxdur. Onların arasına girə bilmirik, istəmirik. Nəyimiz varsa, onunla kifayətlənirik. Dostlarımızın sayını artırmırıq, düşmənlərimizlə dil tapmırıq və s. Ermənilər isə elə millət deyillər.
-Ayrı-ayrı diaspora təşkilatlarımız arasındakı əlaqələri necə qiymətləndirisiniz?
- Hələ ki, bu sahədə də müəyyən problemlər var. Rusiya, Ukrayna və digər dövlətlərdə diaspor təçkilatlarımızı koordinasiya edən vahid mərkəz yoxdur. Biri o birinə yarasa gözü ilə baxır. Hədəf düz seçilmir. Ona görə də Ukraynada bir nəfər olsun belə azərbaycanlı Radaya düşməyib. Rusiyada da elə, Gürcüstanın özündə də belə.
- QHT-lərin diaspora sahəsindəki fəaliyyətini yetərli hesab etmək olarmı?
-Xeyir, hesab etmək olmaz. Cünki üzdə olan QHT-lərin əksəriyyəti qrant almaq məqsədini güdür. Diaspor təşkilatlarımızın da əksəriyyəti tanınmış və maliyyəsi geniş olan QHT-lərlə əməkdaşlıq etməkdə maraqlıdırlar. QHT-lərimizin diaspor sahəsində fəaliyyəti üçün maliyyə lazımdır. Bunu tapmaq isə çətindir. Düzdür, bəzi QHT-lərimiz iştirak etdikləri beynəlxalq təşkilatlarda Azərbaycan həqiqətlərini çatdıra bilirlər. Amma bu kütləvi hal almır. Hansı QHT-nin maliyyəsi var beynəlxalq ictimaiyyətlə görüşə bilir, yoxdursa qalır yerində. Mənə elə gəlir ki, QHT-lərə Dövlət Dəstəyi Şurası bu məsələni nəzərə almalıdır. QHT-lərin beynəlxalq arenaya çıxmasına maliyyə dəstəyi göstərməlidir.
Alim