Diaspora fəaliyyəti və ziyalı potensialı
Mövcud potensialdan yetərincə istifadə edilirmi?
1 Sentyabr 2014 13:28 DiasporaAzərbaycan diasporunun əsas inkişaf mərhələsi müstəqillik illərinə təsadüf etsə də tarixi sənədlər və faktlar diasporumuzun hələ ötən əsrin əvvəllərindən formalaşmasını inamla söyləməyə əsas verir. Belə ki, 1920-cü ildə Azərbaycan Demokratik Respublikasının süqutundan sonra xarici ölkələrə səpələnən soydaşlarımızın siyasi fəaliyyətini də diaspor adlandırmaq olar. Nəzərə almaq lazımdır ki, hələ ötən əsrin əvvəllərində bir çox azərbaycanlı ziyalılar öz fəaliyyətləri ilə lobbiçilik funksiyasını yerinə yetiriblər. Ümumilikdə Azərbaycan diasporunun təşəkkülü, formalaşması və inkişaf tarixi bilavasitə xalqın mühacirət tarixi ilə bağlıdır. Azərbaycanlıların xarici ölkələrə mühacirəti tarixən qədim köklərə malik olsa da, sistemli şəkildə bu proses XIX əsrin birinci yarısındakı siyasi-hərbi münaqişələr, İran-Rusiya müharibələri, Qafqaz regiondakı məcburi miqrasiya prosesləri ilə bağlıdır. Azərbaycanın müstəqil dövlət statusuna sahib çıxması və hazırda dünyada baş verən proseslərin müxtəlifliyi diasporun önəmini daha da artırıb. Xüsusən ölkəmizin üzləşdiyi haqsız münaqişə diaspora fəaliyyətinin daha da genişlənməsini zəruri edir. Ermənistan kimi məkrli düşməni olan Azərbaycan üçün güclü diasporun mövcudluğunun əhəmiyyəti olduqca böyükdür. Bu səbəbdən də Azərbaycan diasporunun inkişaf etməsi, güclənməsi xüsusi əhəmiyyət kəsb edir. Yalnız bu halda ölkə həqiqətlərinin, üzləşdiyimiz faciələrin, eyni zamanda mədəniyyətimizin, tariximizin və digər sahələrdəki uğurlarımızın dünya ictimaiyyətinə çatdırılmasına daha tez nail ola bilərik. Sirr deyil ki, hətta bir sıra inkişaf etmiş dövlətlər də öz milli maraqlarını diasporlar vasitəsilə həyata keçirirlər. Bundan əlavə, regionda nüfuz əldə etmək istəyən qüdrətli dövlətlər diaspor faktoruna böyük diqqət verirlər. Məlumat üçün qeyd edək ki, indi Azərbaycan diasporu gərgin əməyi və çevikliyi ilə fərqlənir. Diaspor təşkilatlarımız öz fəaliyyətlərini hamılıqla qəbul edilən beynəlxalq hüquq çərçivəsində qurduğundan mövcud olduqları ölkələrin siyasi rəhbərliyi tərəfindən qəbul edilirlər. Eyni zamanda xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının dövlət orqanları, eləcə də qeyri-hökumət təşkilatları ilə sıx əlaqələr qurmasına və inkişaf etdirməsinə, ölkəmizin daxili və xarici siyasəti, iqtisadi, sosial və mədəni həyatı haqqında informasiya almasına şərait yaradılır. Dövlət diaspora təşkilatlarına öz dəstəyini əsirgəməyərək xaricdə yaşayan azərbaycanlıları Azərbaycan Respublikasının dövlət müstəqiliyinin və suverenliyinin qorunmasına və möhkəmləndirilməsinə, iqtisadi, sosial və mədəni inkişafına, cəmiyyətin və dövlətin siyasi həyatına, habelə Azərbaycan Respublikası ilə digər dövlətlər arasında qarşılıqlı surətdə faydalı münasibətlərin qurulması və inkişaf etdirilməsinə cəlb edir. Paralel olaraq beynəlxalq hüquq normalarına və müvafiq dövlətlərin qanunvericiliyinə uyğun olaraq, xaricdə yaşayan azərbaycanlıların milli-mədəni muxtariyyətlər və ictimai birliklər yaratmaq hüququnun həyata keçirilməsinə yardım göstərir. Xatırladaq ki, indiyə qədərl istər Avropada, istərsə də dünyanın ayrı-ayrı ölkələrində bizim belə kəsərli, sözünü deyə bilən diaspora təşkilatlarımız olmayıb. İndi diaspor təşkilatların hamısı Azərbaycan dövləti tərəfindən koordinasiya olunur, onlar da fəaliyyətində Azərbaycan dövlətinin dəstəyini hiss edirlər. Etiraf edilməlidir ki, Azərbaycan dövləti diaspora təşkilatlarının fəaliyyətinə lazımi dəstəyi verir. Artıq dövlətin xaricdə yaşayan azərbaycanlılarla bağlı siyasəti müəyyən edilib. Konkret olaraq dövlət qarşısına məqsəd qoyub ki, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan qanunvericiliyinə uyğun olaraq, eləcə də müvafiq xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə yaşayan azərbaycanlıların əsas hüquq və azadlıqlarının həyata keçirilməsinə və onların öz milli özgünlüyünü qoruyub saxlamasına və inkişaf etdirməsinə kömək göstərsin. Məhz bunun nəticəsidir ki, hazırda ölkə prezidenti İlham Əliyev də diaspor sahəsinə böyük diqqət yetirir. Məlumat üçün qeyd edək ki, hazırda Azərbaycan diasporu beynəlxalq aləmdə fəallıq nümayiş etdirir və artıq bir sıra nüfuzlu diaspor təşkilatları onlarla hesablaşmaq zorunda qalıb. O da sirr deyil ki, diaspora təşkilatlarımızın daha da inkişaf etməsinə kifayət qədər potensial mövcuddur. Mövcud potensiallar sırasında önəm kəsb edən ziyalı ordusunun olmasıdır ki, bu sahədə problem yoxdur. Sirr deyil ki, bizim diaspora potensialımız indiyə qədər mövcud olmuş bir sıra xalqların diaspora imkanlarından, o cümlədən ermənilərdən qat-qat güclüdür. Biz həm kəmiyyət, həm də keyfiyyət baxımından həmin güclərdən dəfələrlə yüksəkdə dururuq. İstər Rusiya, istər Amerika, istərsə də Fransada bizim potensialımız keyfiyyət baxımından xeyli irəlidədir. Ziyalıların çoxluğu baxımından bizim diaspora təşkilatlarımız ermənilərlə müqayisədə daha güclü və çevik ola bilər. Məlumdur ki, Azərbaycanın Rusiya, ABŞ və Fransa kimi ölkələrdə güclü diaspor təşkilatları fəaliyyət göstərir ki, bu təşkilatlarda kifayət qədər ziyalı cəmləşib. Təbii ki, bu, qurumların fəaliyyəti digər dövlətlərdəki diaspora təşkilatlarımız üçün bir örnək olmalıdır. Baxmayaraq ki, Fransa ermənilərin ən çox yaşadığı və ən güclü diasporun fəaliyyət göstərdiyi bir ölkədir, Rusiya və ABŞ-da güclü erməni diasporu fəaliyyət göstərir, ancaq, bizim bu ölkələrdəki diaspor təşkilatlarımızda ziyalıların cəmləşməsi, icmalar arasında əlaqələrin yüksək səviyyədə olması heç şübhəsiz ki, həmin ölkələrdəki erməni diaspor təşkilatlarına çox ciddi zərbə vurmaq imkanı yaradır. Amma o da faktdır ki, müxtəlif ölkələrdəki diaspora təşkilatlarının atdıqları addımları elə də adekvat hesab etmək düzgün olmazdı. Çünki bir çox hallarda diaspora təşkilatlarımız fəaliyyətlərini yalnız baş verən hadisələrə münasibətdə bəyənat verməklə kifayətlənirlər. Lakin reallıq ondan ibarətdir ki, diaspora fəaliyyətini sadəcə sözlə, bəyənatla məhdudlaşdırmaq olmaz. Beynəlxalq hüquq da imkan verir ki, xalqımızın haqq səsini dünya ictimaiyyətinə, beynəlxalq təşkilarlara çatdırmaqda sərbəst fəaliyyət göstərə bilək.