“Hər bir təşkilat və fərd Azərbaycan üçün bir şeylər etməyə çalışır”
İlhan Aşkın: “Erməni yalanlarına qarşı mübarizə istiqamətində çalışırıq”
22 Avqust 2014 14:50 DiasporaBir müddət əvvəl Niderland Krallığının Almelo şəhərində erməni yalanlarına qarşı bir neçə təşkilatlar, eləcə də Hollandiya Türk-Azərbaycan Mədəniyyət Dərnəyinin təşkilatçılıq etdiyi möhtəşəm mitinq keçirildi. Bir qayda olaraq bu kimi tədbirlər, aksiyalardan sonra ermənilər diaspor təşkilatlarının fəallarına qarşı təzyiqlərə başlayırlar. Bəs görəsən mitinqdən keçən dövr ərzində Hollandiyadakı erməni diasporu Azərbaycan təşkilat və cəmiyyətlərinə qarşı hansısa təzyiqlərə başlayıblarmı? Məsələ ilə bağlı fikirlərini bölüşən Hollandiya Türk-Azərbaycan Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkın deyib ki, aksiyadan dərhal sonra ermənilər mitinqin təşkilatçılarına qarşı hərəkətə keçiblər: "Bizim Almelo şəhərində qondarma soyqırıma abidə qoyulması əleyhinə keçirdiyimiz aksiyadan dərhal sonra Hollandiya erməniləri kütləvi informasiya vasitələri üçün açıqlama yaydılar və Hollandiya dövlətinə müraciət etdilər. Onlar Hollandiya dövlətindən Almelo şəhərində keçirilən mitinqin təşkilatçılarının şiddətli şəkildə cəzalandırılması, təşkilatçı dərnəklər barədə ölçü götürülməsini tələb etdilər. Məlumat üçün qeyd edim ki, 2004-cü ildə Hollandiyada qondarma soyqırımın tanınması ermənilər üçün əlavə fürsətlər yaradıb. Belə ki, ermənilər qondarma soyqırımı tanımayan insanlar və təşkilatların cəzalandırılmasını Hollandiya hökumətindən tələb edə bilirlər. Təbii ki, bu cür hədə-qorxuların qarşısında geri çəkilmək düzgün olmaz. Bundan sonra da ermənilərin qondarma soyqırımı ifşa edən təşkilatlar və insanlara qarşı mübarizə aparacaqları şübhə doğurmur. Elə Almelo mitinqindən sonra ermənilərin Hollandiya hökumətinə ünvanlamış olduğu məktub da bunun bariz nümunəsidir. Ancaq bütün halda biz bu kimi təhdidlərdən, hədələrdən qorxub çəkinmirik". İlhan Aşkın onu da qeyd edib ki, Avropa ölkələrindən daha çox Hollandiyada Xocalı soyqırımının tanıdılması istiqamətində müəyyən işlər görülüb, diaspor təşkilatlarının səyi nəticəsində bu soyqırıma aid abidə qoyulub. Ancaq Hollandiya parlamentində Xocalı soyqırımının rəsmi şəkildə tanınması mümkünlüyünə gəlincə isə dərnək sədri hesab edir ki, bu işlə bu işlə bağlı rəsmi şəkildə müraciət edilməlidir: "Bu işlə bağlı Azərbaycan dövləti rəsmi şəkildə müraciət etmədiyi halda bizim təşkilatlar olaraq Xocalı soyqırımının rəsmən tanınması istiqamətindəki fəaliyyətlərimiz heç vaxt ciddi qəbul edilməyəcək. Mən bunu indiyə qədər gördüklərimiz və təcrübələrimizə əsasən deyirəm. Təxminən 2010-2011-ci illərdə biz Ədalət Məhkəməsinə petisiya göndərdik. Petisiyada Xocalı soyqırımının tanınması, bu vəhşiliyi həyata keçirən ermənilərin məhkəməyə verilməsi əksini tapırdı. O zaman bizim müraciətə baxan məhkəmənin birinci katibi bizə dedi ki, təqdim etdiyiniz müraciəti qəbul etsək də, lakin Xocalı soyqırımının rəsmi şəkildə tanınması istiqamətində sizin üçün heç bir iş görməyəcəyik. Nə üçün? Çünki Azərbaycan dövlətinin bu barədə rəsmi müraciəti yoxdur. Həmin şəxs açıq şəkildə bizə bildirdi ki, Azərbaycan dövləti bu işin arxasına düşməli, rəsmi şəkildə müraciət etməlidir. Bundan sonra isə diaspor təşkilatları vasitəsilə prosesin həll olunması istiqamətində işlər sürətləndirilə bilər. Ancaq əvvəlcə Azərbaycan dövləti bu məsələyə diqqət ayırmalıdır. Düzdür, hazırda da ayrı-ayrı təşkilatlar, insanlar bu istiqamətdə çalışırlar. Çox dəyərli dostumuz Vüqar Abbasov bu istiqamətdə ciddi fəaliyyətlər göstərir, Hollandiya siyasiləri ilə görüşərək məsələni yenidən gündəmə gətirir. Ancaq bunların hamısı insanların başının altına yastıq qoymaqdır. Belə ki, hollandiyalı siyasətçilər həmin müraciətləri qəbul edir, müəyyən görüşlərin keçiriləcəyinə söz verirlər. Ancaq reallıqda heç bir nəticə olmur. Çünki bu kimi vədləri mən 20 ildir ki, eşidirəm. Sonda zəhmətimiz hədər gedir, gördüyümüz işin bəhrəsini görmürük. Ancaq Azərbaycan dövləti rəsmi şəkildə müraciət etsə Vüqar Abbasov kimi dostlarımızın da Xocalı soyqırımının rəsmi şəkildə tanıdılması istiqamətində göstərdiyi səylər boşa getməz". İlhan Aşkın rəhbərlik etdiyi təşkilatın cari ilin sonuna qədər nəzərdə tutduğu tədbirlər və həyata keçirəcəyi layihələr barədə də məlumat verib. Bildirib ki, Hollandiya Azərbaycan-Türk Mədəniyyət Dərnəyi olaraq bu il və növbəti il üçün ən bəyük planımız ermənilərin qondarma soyqırımla bağlı fəaliyyətlərinə qarşı tədbirlər görməkdir: "Məlum olduğu kimi gələn il ermənilər ciddi şəkildə qondarma soyqırımın 100 illiyini qeyd etməyə hazırlaşırlar. Biz də bu məqsədlə erməni yalanlarına qarşı mübarizə istiqamətində çalışırıq. Dərnək olaraq digər cəmiyyət və təşkilatlarla birlikdə erməni yalanlarını ifşa etmək məqsədilə tədbirlər keçirməyi düşünürük. Bu məqsədlə cari ilin sonlarında Hollandiyanın bir sıra şəhərlərində bir neçə konfrans təşkil edəcəyik. Həmin konfranslar vasitəsilə erməni yalanlarının ifşa edilməsinə çalışacağıq. Ermənilərin müxtəlif illərdə türklərə, Azərbaycan xalqına qarşı soyqırım həyata keçirdikləri Hollandiya ictimaiyyətinə çatdırılacaq. Hələlik keçiriləcək konfransların dəqiq vaxtı müəyyənləşdirilməyib. Bundan başqa ilin sonunda digər təşkilatlarla birlikdə Türk dilinə həsr olunmuş konfrans keçirməyi düşünürük. Bu təklif digər Türk təşkilatları tərəfindən irəli sürülüb ki, biz də cəmiyyət olaraq həmin təklifi bəyənir və onları dəstəkləyirik. Məlum olduğu kimi artıq Holladiya məktəblərində Türk dili öyrədilmir. Bu da nəticə etibarilə Türk dilinin tədricən unudulmasına gətirib çıxarır. Artıq yeni doğulan uşaqlar və gənclər xarici dillərdə danışırlar ki. bu da Türk dilinin unudulmasına yol açır. Ona görə də bu ilin noyabr ayında Hollandiyada Türk dilinə həsr olunmuş bir konfransın keçirilməsi nəzərdə tutulub. Paralel olaraq dərnəyimizin fərdi qaydada həyata keçirdiyi tədbirlər, layihələr də davam edir. Biz hər zaman Hollandiyada yaşayan gənclərimizin pis vərdişlərdən uzaqlaşdırılmasına çalışırıq. Dərnək olaraq bu məqsədlə müxtəlif idman yarışları təşkil edirik ki, həmin tədbirlər bundan sonra da davam edəcək". Hollandiya Türk-Azərbaycan Mədəniyyət Dərnəyinin sədri fəaliyyət göstərdiyi ölkədəki Azərbaycan diasporunun vəziyyətindən də danışıb. Bildirib ki, bu gün Hollandiyada müxtəlif Azərbaycan cəmiyyət və təşkilatları fəaliyyət göstərir: "Hər bir təşkilat və fərd Azərbaycan üçün bir şeylər etməyə çalışır. Ancaq görülən işlərin məni qane edib-etməməsinə gəlincə, təbii ki, qane etmir. Etiraf etmək lazımdır ki, diasporamız Avropada param-parça olub. Heç kim bir-biri ilə bir araya gələ bilmir. Yaxud buna maraq göstərilmir. Yəni, ortada nəsə bir problem var. Güclü bir federasiya yaradıb təşkilatlanma işləri aparılmır. Yalnız bəlli bir qurumlar var ki, onlar da digər təşkilatlara yetərincə diqqət göstərmirlər. Sanki orada təmsil olunanlar azərbaycanlıdırlar, bizsə yox. Ümumiyyətlə, onların Hollandiyada yaşayan bütün azərbaycanlılara qarşı olan münasibəti təqdirəlayiq deyil. Hər hansı bir iş görərkən heç bir Azərbaycan cəmiyyəti və təşkilatı ilə məsləhətləşmə aparılmır, müzakirələr keçirilmir. Sanki onlar pultla idarə olunaraq öz işlərini görürlər ki, bizim də bundan xəbərimiz olmur. Ancaq bütün halda ayrı-ayrı cəmiyyət və təşkilatların gördükləri işləri, həyata keçirdikləri layihə və tədbirləri alqışlayır, müsbət qarşılayıram. Bütün halda Azərbaycan diasporu əlini masaya vurduqda səs sala biləcək gücə sahib ola bilməyib. Düzdür, Hollandiyanın hər bir yerindən Azərbaycan cəmiyyət və təşkilatlarının, azərbaycanlıların səsi gəlir. Ancaq bu səs güclü, bizi qane edən səviyyyədə deyil. Bu da təbii ki, yuxarıda qeyd etdiyim kimi parçalanmış şəkildə fəaliyyət göstərməyimizlə bağlıdır". Niderland Krallığındakı digər diaspor təşkilatları ilə əməkdaşlığa gəlincə dərnək rəhbəri deyib ki, Hollandiya Azərbaycan-Türk Mədəniyyət Dərnəyi olaraq bu ölkədəki digər türk təşkilatları ilə birlik və həmrəylik şəraitində işləyir: "Türk təşkilatları ilə gördüyümüz işlər, həyata keçirdiyimiz layihələr və tədbirlərdə müəyyən uğurlara da imza atırıq. Onu da qeyd edim ki, Azərbaycan təşkilat və cəmiyyətlərindən daha çox Türk təşkilatları ilə Azərbaycan üçün daha faydalı iş görə bilirəm. Ancaq Azərbaycan təşkilat və cəmiyyətləri ilə nədənsə ciddi bir iş görə bilmirik. Hansısa bir iş görməyə cəhd göstəririk, lakin istəyimiz baş tutmur, bir araya gələ bilmirik.