Litva Seymində “Dağlıq Qarabağla parlament dostluq qrupu”nun gizlinləri

Azərbaycanın XX əsrdə ikinci dəfə müstəqillik əldə etməsindən sonra əksər dövlətlər kimi Litva ilə də normal münasibətlər quruldu və ölkələr arasındakı ikitərəfli əlaqələr yüksək səviyyəyə qaldırıldı. Müstəqil Azərbaycan - Litva münasibətlərinin qurulub inkişaf etdirilməsində bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarımızın da müstəsna rolu var desək yanılmarıq. Xüsusilə, bu sıraya Litva Azərbaycanlıları Cəmiyyətininin fəaliyyətini tam əminliklə aid etmək olar. Litva Azəbaycanlıları Cəmiyyəti 1988-ci ildə fəaliyyətə başladığı gündən Azərbaycanm haqq səsinin Litva ictimaiyyətinə çatdırılması istiqamətində bir sıra mühüm tədbirlər və layihələr həyata keçirib. Sevindirici haldır ki, Cəmiyyətin həyata keçirdiyi tədbirlər öz uğurlu nəticələri ilə həm Litvada, həm də Azərbaycanda yadda qalıb. Hazırda da Litva Azərbaycanlıları Cəmiyyəti qeyd edilən istiqamətdə mühüm fəaliyyətini davam etdirir və bu gün Litvada Azərbaycana qarşı olan təxribatların, erməni diasporunun və ermənipərəst Litva ictimai-siyasi qüvvələrinin Azərbaycana qarşı dağıdıcı fəaliyyətinin qarşısının alınması istiqamətində konstruktiv fəallıq nümayiş etdirərək faydalı nəticələrə imza atır. Azərbaycan əleyhinə yönəlmiş təxribatların qarşısını almaq sahəsində Litva Azərbaycanlıları Cəmiyyətinin növbəti konkret işləri keçən ilin mart ayında da özünü göstərdi. Belə ki, 2013-cü ilin mart ayında Litva Respublikasının Seymində "Dağlıq Qarabağla parlament dostluq qrupu" yaradıldı ki, buna ilk reaksiya verən və Seymə qəti şəkildə etirazını bildirən məhz Litva Azərbaycanlıları Cəmiyyəti və onun sədri Mahir Həmzəyev oldu. Mahir Həmzəyevlə söhbətimizdə Litva Seymində "Dağlıq Qarabağla parlament dostluq qrupu"nun yaradılmasının hansı zərurətdən meydana gəlməsi ilə bağlı məqamlara toxunduq, Cəmiyyət tərəfindən Litva Seyminə və Litva Respublikasının rəhbərlərinə göndərilən etiraz məktublarına, mətbu Bəyanat və təkliflərə verilən reaksiyalara aydınlıq gətirdik. Ümumiyyətlə bu yönümdə görülən bir sıra işləri və mövcud vəziyyəti araşdırdıq. 

-Mahir bəy, əvvəlcə oxuculara Litva Seymində "Dağlıq Qarabağla parlament dostluq qrupu"nun yaradılması, onun üzvləri və fəaliyyəti haqqında bilgilər verərdiniz.        

-Əvvəlcə burada bir haşiyə çıxıb qeyd etmək istərdim ki, məlum olduğu kimi, Ermənistan işğal və ilhaq etdiyi Azərbaycan ərazisində yaratdığı oyuncaq "dövlət" qurumunun beynəlxalq səviyyədə tanınması ilə bağlı rəzil məqsədinə nail olmaq üçün dəridən-qabıqdan çıxır və bu yolda hətta ən şərəfsiz üsul və vasitələrdən istifadə etməyi özü üçün ar saymır. Bu yolda panerməni təbliğat qüvvələri və onların xaricdə fəaliyyət göstərən havadarları  həyasızcasına tarixi uydurmalar və iftiralar yayımlayır, qara piardan istifadə edərək ictimai fikri özləri üçün əlverişli yönümdə formalaşdırmağa çalışır, dünyanın müxtəlif ölkələrindəki siyasətçilər və medianı heç nədən çəkinmədən rüşvət və digər vasitələrlə satın alır və beləliklə həmin ölkələri qondarma "Dağlıq Qarabağ respublikasının" de jure olaraq tanınması yönümündə kökləyirlər. Bu baxımdan erməni ekspansionistləri tərəfindən Avropada görülən fitnə-fəsad işlər siyahısına 2013-cü ilin 14 mart tarixində daha bir biabırçı fakt əlavə olundu. Belə ki, həmin tarixdə Litva Respublikası Seymində həm iqtidar, həm də müxalifət partiyalarını təmsil edən 12 millət vəkili "Dağlıq Qarabağla parlament dostluq qrupunu" yaratdıqlarını bəyan etdilər. "Dağlıq Qarabağla parlament dostluq qrupu"na daxil olan millət vəkilləri bunlardır. 1-Dalya Kuodite, 2-Alma Monkauskayte, 3-Povilas Urbşis. 4-Kyastutis Bartkyaviçyus, 5-Rima Başkene, 6-Vitaliyus Gaylyus. 7-Pyatras Grajulis, 8-Algis Kaşeta, 9-Kyastas Komskis, 10-Dangute Mikutene, 11-Vintse Vaydyavute Margyaviçene, 12- Kyastutis Masyulis. Qrupun sədri Dalya Kuodite, sədr müavinləri isə Alma Monkauskayte və Povilas Urbşisdir. Beləliklə, postsovet məkanında Litva ilk ölkə oldu ki, bu Respublikanın Parlamentində "Dağlıq Qarabağla parlament dostluq qrupu" meydana gəldi. Litvanın Vətən Birliyi (Konservatorlar) - Xristian Demokratlar Partiyası 2013-cü ilin martın ikinci yarısında sözügedən dostluq qrupundan 2 nəfər üzvünü  - V.V. Margyaviçene və K. Masyulisi geri çağırdıqdan sonra həmin Qrupda 10 nəfər deputat qalmışdı. Litvanın iqtidar partiyaları dostluq Qrupunda bu deputatların timsalında təmsil olunubdu. - A. Monkauskayte (Sosial Demokratlar Partiyası), D. Mikutene (Əmək Partiyası), K. Bartkyaviçyus, P. Grajulis və K. Komskis (Qayda-Qanun və Ədalət Partiyası). Qeyd etmək vacibdir ki, K. Komskis Litva Respublikası Seyminin Sədr müavinidir. D. Mikutene isə Seymin Səhiyyə məsələləri Komitəsinin sədridir. Müxalifət partiyalar isə "Dağlıq Qarabağla parlament dostluq qrupu"nda aşağıda göstərilən millət vəkilləri vasitəsi ilə təmsil edilib: D. Kuodite, A. Kaşeta, V. Gaylyus (Litva Respublikasının Liberallar Hərəkatı Partiyası), R. Başkene (Kəndlilər və Yaşıllar İttifaqı Partiyası) və P.Urbşis (Bitərəf). Beləliklə, Qrupun üzvlərinin bir yarısı iqtidar partiyalarına, digər yarısı isə müxalifət partiyalara aiddir. Belə bir faktı da vurğulamaq istərdim ki, sosial-demokrat A. Monkauskayte Litva Sosial Demokratlar Partiyası rəhbərliyi tərəfindən ona dostluq Qrupunu tərk etməklə bağlı hələ ötən ildə edilmiş tövsiyyə və təkliflərə məhəl qoymamışdır və ermənipərəst parlament qrupu dəstəsində qalmağı üstün tutmuşdur. Litva Respublikasının Liberallar Hərəkatı Partiyası tərəfindən onun Qrupda təmsil olunmuş üzvlərinə həvəssiz edilmiş analoji təkliflər və təsir etmək cəhdləri də uğursuz nəticələnmişdi. Bu ilk növbədə o deməkdir ki, "Dağlıq Qarabağla parlament dostluq qrupu"na üzv olmaq siyasi partiyalara mənsubluq, eləcə də iqtidar və yaxud müxalifətə aid olmaq prinsipləri əsasında həyata keçirilmir, digər maddi və qeyri-maddi həyati maraqların gerçəkləşdirilməsi hesabına tənzimlənir. Bunu həm də belə bir faktik reallıq təsdiq edir ki, Qrupun aparıcı üzvləri olaraq fəaliyyət göstərən millət vəkilləri D. Kuodite və A. Kaşeta ixtisasca tarixçidirlər, litvalıların soyqırım və Sovet rejiminə qarşı müqavimət hərəkatı tarixinin araşdırılması sahəsində mühüm tədqiqat işləri görüblər və onlar təbii ki, Cənubi Qafqazda yaranmış vəziyyətlə də yaxşı tanışdırlar. Həmçinin Qarabağda davam edən silahlı münaqişənin əsil səbəbkarlarının kim olduğunu da gözəl bilirlər.  Hər necə olsa da, "Dağlıq Qarabağla parlament dostluq qrupu"nun ən fəal üzvləri "müxalifət qüvvələr düşərgəsindən" - D. Kuodite, A. Kaşeta və "iqtidar" təmsilçisi olaraq D. Mikutene qalmaqdadırlar. Qrupun qalan üzvləri isə statist rolunu oynayırlar və açıq-aydın görünür ki, bunu müftə etmirlər. "Dağlıq Qarabağla parlament dostluq qrupu" hal-hazırda nəzərəçarpan fəallıq göstərmir və açıq iş aparmır. Mən bunun səbəblərini ilk növbədə Azərbaycan diasporunun etiraz tədbirlərinin effektli olmasında görürəm və həmçinin Azərbaycanın Litvadakı dostlarının apardıqları təbliğat və təşviqat işlərinin müsbət təsiri ilə izah edirəm. Bununla yanaşı şübhəsiz ki, Rusiyanın Ukraynaya qarşı həyata keçirməkdə olduğu təcavüzün də Seymdəki "Dağlıq Qarabağla parlament dostluq qrupu" fəallığının nisbi süstlüyünə təsiri vardır. Belə ki, Litvada çoxları bu təcavüzün timsalında Azərbaycan-Ermənistan münasibətləri və Qarabağ münaqişəsinin analoqunu sezirlər. Amma, bütün bunlara baxmayaraq "Dağlıq Qarabağla parlament dostluq qrupu" vaxtaşırı yığışır və aktual məsələləri müzakirə edirlər. Bu Qrup sonuncu dəfə 7 dekabr 2013-cü il tarixində Seymdə Spitak zəlzələsinin 25 illiyinə həsr olunmuş beynəlxalq anım tədbirinin təşkilatşılarından biri olaraq çıxış edibdir.

-Litva Azərbaycanlıları Cəmiyyəti olaraq bu ölkənin Seymində "Dağlıq Qarabağla parlament dostluq qrupu"nun yaradılmasını necə qarşıladınız və buna qarşı hansı formada reaksiyalar bildirdiniz?

-Bu hadisədən dərhal sonra Litva Azərbaycanlıları Cəmiyyətinin sədri olaraq mən və Litva - Azərbaycan Assosiasiyasının prezidenti İmantas Melyanas buna qəti etiraz bildirərək Litva Respublikası Seyminin rəhbərliyinə Azərbaycan təşkilatları adından birgə sorğu göndərdik. Həmin məktubda Litva Seyminin fəaliyyətini tənzimləyən Qanunda (Nizamnamədə) heç bir "parlament dostluq qrupunun" yaradılmasının nəzərdə tutulmadığını göstərərək, Litva parlamentinin divarları arasında sözügedən qurumun hansı hüquqi əsaslarla yaradıldığını və nə kimi statusa malik olduğunu izah etməyi tələb etdik. Bununla yanaşı, Seymin Nizamnaməsində təsbit olunmuş tələblərə uyğun olmayan bu cür strukturların fəaliyyətinə son qoymaq üçün optimal tədbirlərin görülməsi ilə bağlı konkret təkliflər də irəli sürdük. Həmçinin Seymin Nizamnaməsində müvafiq dəyişikliklərin olunması yolu ilə Parlamentlərarası dostluq qruplarının təsis qaydalarının optimallaşdırılması və qanunla nəzərdə tutulmamış "Dostluq qrupunun" ləğv olunması barədə Parlamentə rəsmi müraciət ünvanladıq. Seymin Sədri Vidas Gedvilas sözügedən sorğunun cavablandırılması və müraciətdə ehtiva olunmuş təkliflərə Seymin müvafiq fəaliyyət reqlamenti əsasında baxılması məsələsini Parlamentin Xarici İşlər Komitəsinə, eləcə də Hüquq və Hüquq qaydaları Komitəsinə tapşırdı. Onu da diqqətə çatdırım ki, Litva Azərbaycanlıları Cəmiyyəti və Litva - Azərbaycan Assosiasiyası Seymin göstərilən komitələrindən rəsmi cavab məktublarını aldılar.

Ardı növbəti sayımızda

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31