Azərbaycan diasporunun Qazaxıstanda formalaşma tarixi
20 İyun 2014 18:48 DiasporaAzərbaycan diasporunun fəaliyyət göstərdiyi ölkələrdən biri də Qazaxıstandır. Orta Asiyanın aparıcı dövlətlərindən olan Qazaxıstan ilə Azərbaycanın tarixi əlaqələri orta əsrlərə gedib çıxır. Böyük "İpək yolu" dövlətləri olan Qazaxıstan və Azərbaycan arasında əlaqələr ticari və mədəni əsaslarla inkişaf etmişdir. Hazırda təqribi sayı 90 min gostərilən Qazaxıstan azərbaycanlılarının bu ölkədə diaspor formalaşdırması XX əsrin 60-cı illərindən sonrakı dövrə təsadüf edir. 1920-ci illərdə Sovetlər Birliyində başlanan siyasi repressiyaların ən ağır zərbəsi Azərbaycana dəydi. Bunun nəticəsində azərbaycanlıların çox hissəsi Orta Asiya, Sibir kimi yerlərə sürgün edilirdilər. Belə azərbaycanlıların təqribən 120 min nəfəri Qazaxıstana sürgün edilmişdir. İlk sürgün edilən soydaşlarımız Canbul, Cimkənd və Almatı vilayətlərində məskunlaşmışlar. Bu prosesdən sonra 1940-50-ci illərdə davam edən repressiya prosesi azərbaycanlıların bura köçürülməsi ilə nəticələnmişdi. Onlar, əsasən, Gürcüstan və Azərbaycanın digər bölgələrindən olan deportantlar idilər. 1956-1960-cı illərdə isə on beş minə yaxın azərbaycanlı Qazaxıstanın xam torpağının münbitləşdirilməsinə kömək üçün buraya köçmüşlər. Azərbaycan diasporu mədəni və ictimai fəaliyyətlə məşğul olur. Hüquq, iqtisadiyyat, ictimai işlər, texniki, elmi və digər sahələrdə çalışan soydaşlarımızın müəyyən hisəsi öz peşəsi üzrə xeyli qabağa gedərək, mühüm vəzifələr tutublar. Qazaxıstan azərbaycanlılarının çox hissəsi Vətənə gələrək, burada ailə həyatı qurmağa üstünlüuk verir. Qazax və ruslarla qarışıq nikaha girən bəzi soydaşlarımız isə ailələrində azərbaycanlı ənənələrini təbliğ edirlər. Azərbaycan təşkilatları prezident Nursultan Nazarbayevin rəhbərlik etdiyi Qazaxıstan Xalqları Assambleyasına daxildilər. Qazaxıstanda insanların milli, dini, irqi zəmin də hec bir problemi yoxdur. Bu ölkədə bacarığı sayəsində yüksək pillədə qərar tutmuş çoxlu azərbaycanlılar, beş nəfər vilayət, üç nəfər şəhər deputatımız var. Cu şəhərinin meri də azərbaycanlı Nizami Məmmədovdur. Ümumiyyətlə, dövlət strukturlarında azərbaycanlılar təmsil olunurlar. Vəkillər, alimlər arasında da xeyli soydaşımız var. Dövlət Dumasında huquq mufəttişliyinin rəhbəri də azərbaycanlı professor Mirbəşir Əliyevdir. Daxili İşlər Nazirliyi sistemində, hərbi sahədə, vergi orqanlarında yüksək rütbə daşıyan çoxlu həmvətənimiz fəaliyyət göstərir. 1990-cı illərdən Aktyubinsk vilayətində " Birlik", Astana şəhərində "Xəzər", Karaqanda vilayətində "Kamus", Povladar vilayətində "Vətən" və s. Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərir. "Nəsimi" Azərbaycan Mədəniyyət Mərkəzi Cambul vilayətinin Cu rayonunun Yeni yol - Novıyput kəndində yaradılmışdır. Qazaxıstan azərbaycanlılarının iqtisadi və siyasi cəhətdən ən böyük təşkilatı 1997- ci ildən fəaliyyətə başlamış "Turan" Mədəniyyət Mərkəzidir. 1993-cu ilin mayında Qazaxıstan Ədliyyə Nazirliyində qeydiyyatdan keçən "Turan" ictimai-mədəni fəaliyyətlə məşğul olur. Mərkəzin rəhbərliyilə Almatıda "Ozan" şəhər Mədəniyyət Cəmiyyəti təsis olunmuş və bunun ardınca digər vilayətlərdə proses davam etmişdir. Türk xalqlarının birliyi, mədəni tədbirlər, Qazaxıstan-Azərbaycan ikitərəfli əlaqələrinin inkişaf etməsi və s. istiqamətlərdə fəal iş aparan "Turan" Mədəniyyət Mərkəzinin analoqu olan Qazaxıstan, Qırğızıstan və Özbəkistandakı Azərbaycan ictimai-mədəni cəmiyyətlərinin konqresi "Turan"ın missiyası daha geniş və fəaliyyəti isə böyükdür. "Turan" konqresinin orqanı olan "Vətən" qəzeti qeydiyyatdan keçmişdir. Qəzet Azərbaycan, qazax və rus dillərində çap olunur. Bu ölkədə, eyni zamanda, "Turan Ekspress" adlı qəzetdə dərc edilir. Hazırda Astana, Almatı, Taldıkurqan, Qaraqanda şəhərlərində Azərbaycan dilində "Bazar günü" məktəbləri fəaliyyət göstərir. Xoca Əhməd Yəsəvi adına Türküstan Universitetində azərbaycanlılara hər il 10 yer verilmişdir. Almatıda ilk Azərbaycan məscidi də fəaliyyətə başlayıb. Məscidin tikintisinə 70 min ABŞ dolları həcmində vəsaitin toplanmasında Qazaxıstanda yaşayan azərbaycanlı ziyalılar, elm xadimləri, konqres üzvləri, eləcə də qazaxların özləri də yardımçı olublar. Qazaxıstanda fəaliyyət göstərən diaspor təşkilatlarından biri də Qazaxıstan Azərbaycanlıları Assosiasiyasıdır. Qazaxıstan Azərbaycanlıları Assosiasiyası 1992-ci ildə Almatıda qurultay əsnasında təsis olunmuşdur. Assosiasiya Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzlərinin və ictimai birliklərin birləşdirilməsi, bütün tədbirlərin bir mərkəzdən əlaqələndirilməsi məqsədilə qurulmuşdur. Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədri Əbülfəz Xamedovdur. Qazaxıstan Azərbaycanlılarının Mədəni Mərkəzləri İttifaq-Qazaxıstan Azərbaycanlılarının Mədəni Mərkəzləri İttifaqı böyük bir qurumdur. Bu İttifaq koordinasiya mərkəzidir, burada 12 diaspor təşkilatı birləşmişdir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir