Diasporun yaranması və formalaşmasına təsir edən amillər

"Diaspor" termini "diaspersiya" termini ilə sinonimlik məzmunu daşıyır. Bununla yanaşı, "yayılma", "səpələnmə" mənasını verən "diospersiya" anlayışı ilə "diaspor" terminini fərqləndirmək lazımdır. Ekspert Yəhya Babanlı deyir ki, disapersiyadan fərqli olaraq "diaspor" anlayışı daha geniş mənanı ifadə edir, siyasi, iqtisadi, sosial və mədəni cəhətlərlə fəaliyyətlə daha sıx bağlıdır: "Bu sahənin bir çox tədqiqatçılarının fikri üst-üstə düşür və diaspor terminini aşağıdakılarla oxşar hesab edirlər. Diasporun yaranması və formalaşması üçün mütləq etnik qrupun və xalqın tarixi vətənlərinin olması vacib şərtlərdən biri hesab olunur. Fikrimizcə, sağlam xarakterli diaspor həm mövcud olduğu, ikinci vətən seçdiyi ölkənin vətəndaşları, həm də özü kimi orada mühacirət həyatı yaşayan digər millətlərin nümayəndələri ilə əlaqələr yaratmalı, münasibətlər qurmalı, ictimai mübadilə zəminində mədəniyyətləri qovuşdurmalı, dövlətlərarası münasibətlərin inki-şafına öz töhfəsini verməlidir". Ekspertin sözlərinə görə, diasporun hüquqi təyinatı olmur. Ona görə ki, bu məfhum tarixi şəraitdən asılıdır: "Lakin diaspor icmalarının hamısı etno-mədəni rabitə rolunu oynayan statusa malik birliklərdir. Belə ki, "öz-özlüyündə diaspor nə münaqişə, nə də yaxınlaşma faktoru ola bilməz. Diaspor qarşısına qoyduğu məqsəddən asılı olaraq ya iqtisadi marağı olan nüfuzlu şəxslər, ya da siyasi liderlər tərəfindən qurulur. Onların hər ikisi çalışır ki, öz etnik qrupuna mədəniyyəti, dilini qoruyub saxlamaqda, inkişaf etdirməkdə kömək etsin, yaxud da öz şəxsi maraqlarını güdərək başçılıq etdiyi diasporun köməkliyi ilə istəklərinə nail olsun. Diaspor siyasi yöndə əsas dövlətlərarası diplomatik münasibətlərə sosial-mədəni sahəyə müəyyən  düzən verən, əlaqələndirici missiya daşıyan, imic yaradan amildir. Bu baxımdan diaspor anlayışı ilə bağlı daha iki baxış qeyd etmək lazımdır. Birincisi,  diasporun mənşəyi və hərfi tərcüməsi baxımından qəbul olunması və şərh olunması.  Bu anlayışın öz ölkəsinin, xalqının maraq və mənafelərinə ardıcıl şəkildə xidmət edən qüvvə faktoru, hərəkətdə və fəaliyyətdə olan institut və qurumlar şəbəkəsi kimi təsəvvür edilməsi. Bu baxımdan rusiyalı mütəxəssis T. Poloskovanın diasporla bağlı irəli sürdüyü "üç üstəgəl üç" nəzəriyyəsi təqdirəlayiq hesab oluna bilər. Bunlardan birincisi - təşkilatçılıq, ikincisi - elm, üçüncüsü isə liderin siyasi mədəniyyətidir. Modellərdən - birinci qeyri-vətənpərvər, ikinci həmvətənlərin azadlığı və hüquqlarının müdafiəsi, üçüncü isə paternalist (diasporun potensialını milli maraqların müdafiəsi və dövlətlərarası münasibətlərin inkişafında istifadə etmək) yanaşmadır. Burada üç məqamı, cinsi, etnik və dövlət amilini mütləq nəzərə almaq lazımdır. Yer kürəsində mövcud olan xalqların ayrı-ayrı ölkələrdə azsaylı və ya çoxsaylı diasporu var və onlar mənsub olduqları dövlətlərin siyasətinin müəyyən təsiri altında öz fəaliyyətlərini qururlar. Lakin, ümumi qəbul edilmiş diasporlar vardır ki, onlar digərlərindən öz fəaliyyətlərinə görə tam fərqlənirlər. Bu diasporlar dünyada klassik diasporlar kimi qəbul edilirlər. Onların güclü sosial bazası və təşkilatları mövcuddur. Onların sırasına yunan, yəhudi, hind, çin, erməni icmaları daxildir. Onlar yaşadıqları dövlətlərin ictimai-siyasi həyatına təsir göstərməklə, müxtəlif təşkilatlar, birliklər, konqreslər vasitəsilə beynəlxalq hüququn subyektinə çevrilməklə yanaşı, beynəlxalq aləmdə söz sahibi hesab edilirlər".

Yəhya Babanlı qeyd edir ki, XXI əsrdə dəyişən dünya mənzərəsi milli və bəşəri problemlərin həllinə başqa tərzdə, daha iti ağılla yanaşmanı tələb edir: "Bir çox tədqiqatçı alimlər, tarixçilər, sosioloqlar və politoloqlar bir məsələdə həmfikirdirlər ki, əgər milli müxtəliflik insanlığın sonrakı inkişafı üçün katalizator rolunu oynayırsa, onda nəyə görə bu katalizatordan dünyada sosial, mədəni, iqtisadi, siyasi, ekoloji və s. vəziyyətin stabilliyi üçün istifadə olunmasın? Söhbət ondan gedir ki, ikitərəfli və çoxtərəfli münasibətlərin yaxşılaşdırılması insanların qarşılaşdığı qlobal problemlərin həllində əsas faktorlardan biri olmalıdır. Bu cür yanaşma orijinallığı ilə seçilməsə də, lakin onun səmərə verəcəyi labüddür. Bunun reallığı öz aralarında bir-biri ilə sıx bağlılığı olan yuxarıda sadalanan iki qrup məsələnin birgə fəaliyyətində öz əksini tapır. Fikrimizcə, tarix elmləri doktoru M. Seyidbəylinin bu fikri ilə razılaşmamaq çətindir. "Diasporun ən mühüm mahiyyət və funksional xüsusiyyətlərindən biri onun sosial vasitəçiliyə meyl göstərmək bacarığıdır. Yadlaşma, özgələşmə kompleksindən uzaq olan diaspor yaradıcılığı sosial mühitə real baxır, xarici və daxili əlaqələrin bir növ gövdəsini yaradır. Diasporun etnoslararası münasibətlərdə iştirakı onu məhz köçmüş qrup kimi etnoslararası və mədəniyyətlərarası kommunikasiya vərdişlərini şərtləndirir". Bu gün dünyada gedən qlobal proseslərin müzakirəsində siyasi yolla yanaşı, ictimai rəy də çox mühüm əhəmiyyət kəsb edir. Belə ki, gündəmdə olan "beynəlxalq icma", "xalq diplomatiyası" mahiyyəti daşıyan diaspor fəaliyyəti xalqlararası əlaqələrin yaranmasında və dövlət-lərarası münasibətlərin inkişafında "vasitəçi" statusu qazanmışdır. Bunları nəzərə alaraq bir mənalı şəkildə deyə bilərik ki, bu fəaliyyət, yəni diaspor amili milli özünəməxsusluğun, dövlət maraqlarının qorunmasında, xalqların mənafeyinin həyata keçirilməsində, onlar haqqında müəyyən imicin formalaşmasında obyektiv vasitə kimi istifadə olunarsa qloballaşmaya, etnik-mədəni müxtəlifliyin qorunub saxlanılmasında, sivilizasiyalararası dialoqun inkişafında və mədəniyyətlərarası əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynaya bilər.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31