Cənubi Azərbaycandan olan fəal diaspor nümayəndələri

Bu gün dünya ölkələrində Azərbaycanı təmsil edən,  onun diaspor təşkilatlarında təmsil olunaraq aktiv iştirak edənlərin bir qismi də Cənubi Azərbaycandan olan soydaşlarımızdır. Tarixin müxtəlif dövrlərində xarici ölkələrə üz tutan cənubi azərbaycanlılar yaşadıqları ölkələrdə müxtəlif cəmiyyət və təşkilatlar yaradaraq Azərbaycanın təbliği prosesində yaxından iştirak ediblər. Ümumiyyətlə, İran İslam Respubikasının ərazisində - Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların bir qismi XX əsrdə 5 əsas dalğa ilə xarici ölkələrə mühacirət ediblər. Cənubi Azərbaycanlılar ifadəsi 1813-cu il Gülüstan və 1828- ci il Türkmənçay müqavilələrindən sonra yaranıb. Bu tarixlərə qədər yalnız bir - bütöv Azərbaycan var idi ki, onun sərhədləri geniş idi və burada yaşayan millətlərin bir dili - Azərbaycan dili və bir vətəni Azərbaycan idi. Lakin Gülüstan və Türkmənçay müqavilələrindən sonra ikiyə parçalanan Azərbaycana Rusiya tabeçiliyində Şimali, İran əsarəti altında olan hissəsi isə Cənubi Azərbaycan adlandırılmağa başlandı. XX əsrin əvvəllərinə qədər Cənubi Azərbaycan Qərb və Şərq ölkələrinə mühacirət prosesləri baş verib. Lakin Cənubi Azərbaycan mühacirət tarixi bizdə lazımi səviyyədə tədqiq edilməyib. Tədqiqatçılar XX əsrdən etibarən Cənubi Azərbaycandan başlanan mühacirət prosesini siyasi və iqtisadi səbəblərlə bağlayırlar. Azərbaycan diasporunun mühüm qanadını təşkil edən cənublular, əsasən ziyalılar və biznesmenlərdən ibarətdir. Mühəndis, inşaatçı, həkim, texnoloq, nəqliyyatçı və s. peşələrdə çalışan soydaşlarımız öz peşələrində mütəxəssislər hesab olunurlar. Akademik təhsilə cənublular içərisində maraq böyük olduğundan, hazırda diasporumuzda ziyalılar təbəqəsi çoxluq təşkil edir. Ədəbiyyat, riyaziyyat, din, tarix, biologiya, iqtisadi elmlər sahəsində daha cox uğurlar əldə edən soydaşlarımız Qərb və Şərq ölkələrinin nüfuzlu ali və orta məktəblərində dərs deyir, elm dairələrində tanınırlar. Cənublu ziyalılarımızın elmi-bədii əsərləri Qərb və Şərqdə sevilən, oxunulan əsərlər olmaqla elmi araşdırmalar məqsədilə də istifadə olunur. Cənubi azərbaycanlıların böyük bir hissəsi də ticarət sahəsində çalışırlar və əminliklə söyləmək olar ki, kifayət qədər güclü mövqeyə və nəhəng kapital mənbələrinə malikdirlər. Güclü investisiya imkanları olan soydaşlarımızın sahib olduqları firmalar, şirkətlər, müəssisələr bir cox ölkələrin iqtisadiyyatına xeyir verir. Güclü iqtisadçı və biznesmenlərdən sayılan cənublu soydaşlarımız məskunlaşdıqları ölkələrin yüksək dövlət xadimləri və imkanlı biznesmenləri tərəfindən hörmətlə tutulur, bəzən onlardan məsləhət və kömək istənilir. Birləşmiş Ştatlar, Kanada, Böyük Britaniya, Fransa, Danimarka, İsveç, Avstraliya və digər ölkələrdə cənublular böyük imkanlara malikdirlər.

Xarici ölkələrdə böyük nüfuza sahib olan cənublu diaspor nümayəndələrindən biri Cavad Derəxtidir. Cavad Derəxti 1951-ci ildə Təbriz şəhərində anadan olub. O, 1981-ci ildə Ankara Hacıtepe Universitetinin Mikrobiologiya fakültəsini bitirib. Cavad Derəxti 1985-ci ildə Ankara Tibb Universitetində doktorluq dissertasiyasını mudafiə edib. Həmin ildə İran İslam Respublikasının Urmiya Universitetində dərs deyib və Mikrobiologiya laboratoriyasının müdiri olub. Cavad Derəxti 1987-ci ildə İsveçə mühacirət edib. Hazırda Cənubi İsveçin meşə təsərrüfatı departamentində mikrobioloq-tədqiqatçı kimi çalışır. O, İsveç Sosial Demokrat Partiyasının üzvüdür. 1988-ci ildə İsveçdə yaradılan ilk diaspor təşkilatlarından biri olan "Araz" cəmiyyətinin yaradıcısıdır. 1997-ci ildə Amerika Birləşmiş Ştatlarında təsis edilmiş Dünya Azərbaycanlıları Konqresinin (DAK) üzvü olub və DAK-ın III, IV,V, VI, VII, VIII qurultaylarında Dünya Azərbaycanlıları Konqresinin sədri seçilib.  Cavad Derəxtinin rəhbərliyi altında Dunya Azərbaycanlıları Konqresi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər gormuş, Azərbaycan xalqının problemlərinin beynəlxalq təşkilatların diqqətinə çatdırılmasında geniş fəaliyyət göstərmişdir. 2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunub.

Bəhram Atabəyli-1962-ci il dekabrın 12-də anadan olub. O, 1982-ci ildə Urmiyada Ferdosiad adlı məktəbi bitirib.  1988-də Çalmers Universitetində ali təhsil alıb. İsveçin Hotenburq şəhərində yaşayan azərbaycanlı Bəhram Atabəyli bu ölkənin Elmlər Akademiyasında laboratoriya müdiri vəzifəsində calışır. 2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dunya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə "Tərəqqi" medalı ilə təltif olunub.

İbrahim Əhrari-1938-ci ildə Cənubi Azərbaycanın Urmiya şəhərində anadan olub. O, 1956-cı ildə Təbrizdə rəssamlıq məktəbinə daxil olur. Lakin o dövrdə İranda yaranmış siyasi vəziyyət və İbrahimin valideynlərinin təkidi ilə o rəssamlıq sənətindən uzaqlaşır. 1966-cı ildə İbrahim Əhrari Almaniyaya mühacirət etmiş və burada Berlin İncəsənət Ali Məktəbinin rəssamlıq, qrafika-dizayn fakultəsini bitirir. 1975-ci ildən Almaniya Rəssamlar Təşkilatının işcisidir. 1973-1975-ci illərdə Tehran Universiteti incəsənət fakültəsinin və Tətbiqi İncəsənət Ali Məktəbinin dosenti olur. 1975-ci ildə Tehran Hote İnstitutunda Almaniya-İran Mədəniyyət Əlaqələri çərçivəsində şərgilərin təşkilatçısı olur. 1975-ci ildə Berlin Azad Universitetində İncəsənət tarixi üzrə təhsil alır. 1976-2003-cu illərdə Berlin Təsviri İncəsənət üzrə Sənətkarlar Cəmiyyətinin çap atelyesində ofort atelyesinin rəhbəri olaraq çalışır. 1988-ci ildə Almaniyada Azərbaycan mədəniyyətinə həsr olunmuş silsilə tədbirlər keçirir. 2008-ci ildə Azərbaycan Dövlət Təsviri İncəsənət Akademiyasinın fəxri doktoru adına layiq görülür. Rəssam, həmçinin Azərbaycan Alman Mədəniyyətinin İnkişafı Cəmiyyətinin, Alman- Azərbaycan Mədəniyyəti Dostları Cəmiyyətinin sədri, Berlin-Bakı Qalereyasının (MMM) qaleristi kimi də fəaliyyət göstərir. 2007-ci ildən etibarən Berlin-Bakı Qalereyasının (MMM) icraçı direktoru olaraq Azərbaycan və alman sənətkarlarının Berlində və Bakıda sərgilərinin təşkili işləri ilə məşğul olur. O, İran, Əfqanıstan, Azərbaycan, Hindistan, Almaniya, Moskva, Fransa, Hollandiya, İspaniya, Belçika, Polşa, İngiltərə, Şimali İrlandiya, Braziliya, Argentina və Meksikada çoxsaylı sərgiləri keçirib. İbrahim Əhrari  "Mən hər zaman varam", "Xocalı ağırlığı" (rəsm, kətan üzərində yağlı boya və akril), "Mərd və Namərdin nağılı" (illustrasiya), "Əmin-amanlıq sorağında" (oyma, sulu murəkkəb), Dr.h.c. İbrahim Əhrari (litoqrafiya) və s. əsərlərin müəllifidir. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə mədəniyyət və incəsənət sahəsindəki nailiyyətlərinə görə "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.

Qulam Rza Səbri Təbrizi-1932-ci il martın 21- də Təbrizdə müəllim ailəsində anadan olub. 1953-1958-ci illərdə Təbriz Universitetinin ingilis və fars dili fakültəsini bitirir. Bir müddət İranda yerləşən Amerika hərbi idarəsində tərçüməci işləyir. Qulam Rza Səbri Təbrizi 1959-cu ildə İngiltərəyə mühacirət edir. 1961-ci ildə o, London Universitetində magistr dərəcəsi alır. 1963-cü ildə Edinburq Universitetində "Vilyam Bleykin dialektik fikri, sosial görüşləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir və həmin universitetdə müəllim kimi fəaliyyət göstərməyə başlayır. 1973-cü ildə Q.Səbri Təbrizinin "Vilyam Bleykin cənnəti və cəhənnəmi" adlı kitabı Londonda və Nyu-Yorkda çap edilir. 1989-cu ildə "İran: Bir uşağın xatirəsi, bir kişinin təcrübəsi" adlı kitabı London və Nyu-Yorkda nəşr edilir. 1961-1963 və 1987-1997-ci illərdə "BBC", "İTV" və "Sky" televiziya kanallarında çalışır. Bu müddətdə Azərbaycan həqiqətlərinin, 1990-cı il 20 Yanvar hadisəsinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rolu olur. O, üç dəfə Edinburq Universitetinin Ali Şurasına seçilib və Professorlar Assosiasiyasının vitse-prezidenti olub. N.Gəncəvi, İ.Nəsimi, Xaqani Şirvani, F.Nəimi, O.Xəyyam və M.İqbal haqda elmi məqalələri İngiltərə mətbuatında çap edilir. Qulam Rza Səbri-Təbrizi "Mənim iki dünyam", "Həsrət", "Fikir dalğaları", "Həyat fəlsəfəsi", "Sönməz ocaq", "Ümid çırağı", "Seçmə seirləri", "Qürbət harayı", "Xudafərin", "Arzular, fikirlər, düşüncələr" kitablarının müəllifidir.2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunub.

Səttar Sevgin-1958-ci il aprelin 22- də İranın Sayınqala şəhərində anadan olub. Hazırda Azərbaycan Federasiyası-İsvecin (AFİ) sədridir. Azərbaycan həqiqətlərinin İsveç və Avropa ictimaiyyətinə çatdırılmasında fəal rol oynayan diaspor nümayəndələrindən biridir. Onun təşəbbusu və iştirakı ilə İsveçdə Azərbaycanla bağlı bir sıra kampaniyalar təşkil olunub. Səttar Sevgin eyni zamanda Azərbaycan həqiqətləri barədə İsveç Parlamenti üzvlərinin məlumatlandırılması məqsədilə keçirilmiş bir sıra tədbirlərin təşkilatçısı olub. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif edilib.

Səid İrandost-1960-cı ildə Təbriz şəhərində anadan olub. Hazırda Asiya Texnologiya İnstitutunun prezidentidir. O, 1979-cu ildə İsveçə köçüb. 1984-cu ildə Kalmers Universitetində kimyəvi texnologiyalar uzrə mühəndislik elmi dərəcəsi alıb. 1989-cu ildə isə monolit reaktorlar tezisi üzrə doktorluğu müdafiə edir. 1990-cı ildən 2000-ci ilədək İsveçin ən qabaqcıl universitetlərindən olan Kalmers Universitetində işləyir. 2001-2005-ci illərdə Bores Universiteti nəzdindəki Kollecin vitse-kansleri olur. Riyaziyyat elminin inkişafı uzrə İsveç Dövlət Komitəsinin sədri  və universitetlərə qəbul səviyyəsinin genişləndirilməsi üzrə İsveç Dövlət Komitəsinin uzvu olub. Elm və ali təhsil sahəsində beynəlxalq əməkdaşlıq üzrə İsveç Fondunun İdarə Heyətinin üzvü olub. Moskvada Plexanov adına Rusiya İqtisad Akademiyasının fəxri doktoru adına layiq görülüb. 2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə "Tərəqqi" medalı ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31