Niderlandda yaşayan azərbaycanlılar arasında birlik, həmrəylik var
Mayisə Ağamirzəyeva: “Bizim birlik və həmrəylik nümayiş etdirməyimizdə Koordinasiya Şurasının da rolu az deyil”
17 Sentyabr 2020 15:59 DiasporaMayisə Ağamirzəyeva: "Bizim birlik və həmrəylik nümayiş etdirməyimizdə Koordinasiya Şurasının da rolu az deyil"
Artıq bir neçə ildir ki, Azərbaycan diasporu özünün uğurlu inkişaf yoluna qədəm qoyub. Həyata keçirilən uğurlu diaspora siyasəti dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın daha sıx birləşməsi, təşkilatlanmasına şərait yaradıb. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, artıq diaspor işində qadınlarımız da yaxından və fəal şəkildə iştirak edir. Dünyanın fərqli ölkələrində azərbaycanlı qadınların rəhbərliyi altında fəaliyyət göstərən diaspor təşkilatları, cəmiyyət və birlikləri fonunda bunu aydın görmək mümkündür. Belə təşkilatlardan biri də "Ana vətən" Avropa Azərbaycan Qadınlar Bilriyidir. Biz də "OLAYLAR" olaraq adıçəkilən birliyin sədri, Niderland -Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Maisə Ağamirzəyeva ilə həm diasporumuzun fəaliyyəti, həm də rəhbərlik etdiyi qurumun gördüyü işlər barədə söhbətləşmək qərarına gəldik.
-Mayisə xanım, uzaq Avropadan, qoca qitədən Azərbaycanı necə görürsünüz? Son vaxtlar Ermənistanın Azərbaycana qarşı artan təhdidləri Vətəndən uzaqda yaşayan soydaşlarımızı rahatsız edirmi?
-Avropadan, qoca qitədən Azərbaycan artıq başqa cür görünür. Çünki əvvəllər avropalılar, Avropa insanı üçün Azərbaycan demək olar ki, görünmürdü. Yəni, belə demək mümkünsə Azərbaycanı tanımırdılar. Ancaq Azərbaycan müstəqilliyini qazandıqdan, yavaş-yavaş inkişaf edib, iri addımlarla inkişaf, tərəqqiyə doğru irəlilədikdən sonra Azərbaycan artıq Avropa tərəfindən də görünməyə, tanınmağa başladı. 2007-cı ildə Niderland Krallığında səfirliyimiz açılandan etibarən niderlandlılar Azərbaycanı daha çox tanımağa başladılar. Azərbaycandan kənarda, dünyanın müxtəlif ölkələrində yaşayan biz azərbaycanlılar üçün Azərbaycanın kənardan neçə görünməsinə gəlincə, hesab edirəm ki, Bakı artıq dünya siyasətində öz sözünü deyən, tolerantlığı ilə tanınan ölkə kimi görünür. Ən son dünyanın üzləşdiyi pandemiya hadisələrindən yola çıxsaq, onu deyə bilərəm ki, Azərbaycan Avropa ölkələri ilə müqayisədə virusa qarşı daha effektiv tədbirlər həyata keçirdi, mübarizə apardı. Açıq etiraf edərək təəssüf hissi ilə bildirmək istəyirəm ki, burada pandemiyaya qarşı o qədər də ciddi tədbirlər həyata keçirilmədi. Niderlandın baş naziri ölkə vətəndaşlarının qanunlara nə dərəcədə tabe olduğunu bildirdi və bu səbəbdən ölkədə fövqəladə vəziyyət elan edilməsinə heç bir səbəb olmadığını ifadə etdi. Qeyd etdi ki, biz sivil ölkə olduğumuz üçün virusa qalib gəlməyi bacaracağıq. Düzdür, müəyyən mənada burada virusa yoluxma sayında azalma qeydə alındı. Ancaq təəssüf hissi ilə qeyd etmək istərdim ki, yenə də virusa yoluxma sayında artım başlayıb. Bütün bunları sadalayaraq sualınızın cavabını konkret olaraq belə verə bilərəm ki, artıq Azərbaycan Avropadan daha aydın, daha tolerant, dünya siyasətində sözünü deyən nüfuzlu, qüdrətli bir ölkə kimi tanınır.
-Son vaxtlar Qarabağ cəbhəsində hərəkətlilik artmaqdadır və hətta yaxın vaxtlarda Qarabağda yeni bir savaşın olacağı ehtimal olunur. Sizcə Azərbaycandan kənarda yaşayan azərbaycanlılar bu halda Vətənin müdafiəsi üçün Azərbaycana gəlməyə hazırdırlarmı?
-Əgər işğal altında olan ərazilərimizin geri qaytarılması məqsədilə müharibə başlayarsa Niderlandda yaşayan şoxsaylı azərbaycanlı könüllü olaraq bu müqəddəs mübarizədə, Vətənə gedib işğal altında olan torpaqlarımızı azad etmək uğrunda döyüşlərdə iştirak etməyə hazırdırlar. Bildiyim qədər, qeyri-rəsmi olaraq əldə etdiyim məlumata görə, azərbaycanlılar belə bir istək və arzularını hətta səfirliyə də bildirib, bəyan ediblər. Həmçinin biz də, başda mən olmaqla "Ana Vətən" Avropa Azərbaycan Qadınlar Birliyi də Vətənin müdafiəsinə getməyə hazırıq. Yetər ki, torpaqlarımız düşmən əsarətindən azad olsun. Bizim çoxlarımız ali təhsil alarkən tibb təhsili keçmişik və tibb bacısı kimi bu mübarizəyə öz töhfəmizi verə bilərik. Bir sözlə müharibə başlayacağı təqdirdə nəinki igid vətən oğullarımız, eləcə də biz qadınlar da Vətənin müdafiəsində, işğal altında olan ərazilərimizin düşməndən azad edilməsi istiqamətindəki mübarizəyə hazırıq.
-Tovuz hadisələrindən sonra dünyanın bir çox ölkələrində, eləcə də Niderlandda soydaşlarımıza qarşı erməni təxribatları oldu. Bəs hazırda vəziyyət necədir, azərbaycanlılar üçün hər zaman erməni təxribatı qorxusu var, yoxsa soydaşlarımızın qısa müddətdə nümayiş etdirdiyi birlik, həmrəylik erməniləri bir qədər ehtiyatlı addım atmağa vadar edib?
-Son vaxtlar Ermənistanın Azərbaycana qarşı artan təhdidləri Niderlandda yaşayan azərbaycanlıları heç də narahat etmədi. Bu təhdidlər dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, Azərbaycan diaspor təşkilatlarına olan münasibətdə də özünü göstərir. Şəxsən mənim özümə ermənilər tərəfindən təhdidlər olub və bir neçə dəfə mənə yazaraq təhdid ediblər. Çünki onların ASALA terror təşkilatının əksi olan köynəkləri geyərək səfirliyimizin qarşısına gəlmələrini kadrlara köçürüb dünyaya yaydıq və şiddətli dərəcədə qınadıq. Bununla bağlı bəyanatlar yaydıq və sosial mediadakı səfihələrimizdən hər kəsə duyurduq. Təbii ki, bütün bunlar ermənilərdə bir qıcıq yaratdı və yenidən bizləri təhdid etməyə başladılar. İstər səfirliyimizin facebook səhifəsinə, istərsə də bizlərin öz şəxsi səhifəmizə təhdid dolu fikirlər yazdılar. Xüsusilə, Tovuz hadisələrindən sonra bu tipli təhdidlər artmağa başladı. Ancaq heç bir şəkildə bu kimi təhdidlər biz azərbaycanlıları narahat etmir, qorxutmur. Əksinə bu bizi daha da birləşdirir və gücləndirir. Onu da qeyd edim ki, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü olan "Odlar Yurdu" Azərbaycan-Niderland Cəmiyyətinin sədri Firəngiz Bağırova facebook səfihəsində davamlı olaraq erməniləri ifşa edən materiallar paylaşdığına, erməni vəhşiliklərini pisləyən fikirlər yaydığına görə, şikayət olundu və onun facebook səhifəsi 3 gün bağlandı. Bir daha qeyd etdiyim kimi məni təhdid etdilər. Eyni zamanda Niderlandda təhsil alan və ya müxtəlif sahələrdə çalışan gənc qızlarımızı təhdid etməyə başladılar. Çünki Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasında təmsil olunan diaspor təmsilçilırinin övladları, qızları, eyni zamanda mənim də qızım davamlı olaraq sosial şəbəkələrdə ermənilərin Tovuzda törətdikləri təxribatları, Avropada və dünyanın müxtəlif ölkələrində azərbaycanlılara qarşı edilən hücumları pisləyən paylaşımlar edirdilər. Ona görə ermənilər tərəfindən onlar da müəyyən təzyiqə məruz qaldılar. Xüsusilə Belçikanın paytaxtı Brüssel şəhərində belə təzyiqlərə daha tez-tez rast gəldik. Məlum olduğu kimi REAL televiziyasının Avropa üzrə təmsilçisi, bizim Koordinasiya Şurasının üzvü Xatirə Sərdarqızı da erməni təxribatları nəticəsində başından xəsarət almışdı.
Onu da qeyd edim ki, ermənilərin Tovuzda həyata keçirdiyi təxribatları biz də burada təşvişlə, narahatçılıqla izləyirdik. Tam səmimi deyirəm ki, hadisənin ilk günü burada yaşayan azərbaycanlılar olaraq səhərə qədər prosesləri izlədik, narahatçılıqdan gözümüzə yuxu getmədi. Səhəri biz Koordinasiya Şurası, Bünilüks Azərbaycanlılar Konqresi və Hollandiya-Azərbaycan Türk Kültür Dərnəyi olaraq fövqəladə şəkildə toplandıq, müəyyən qərarlar qəbul etdik. Atdığımız ilk addım parlament, Xarici İşlər Nazirliyi və digər müvafiq qurumlara həmin təxribatla əlaqədar birgə imzaladığımız bəyanatı göndərmək oldu. Sonrakı mərhələdə isə təyin etdiyimiz mitinqimizi keçirdik. Düzdür, mitinqin keçirilməsi bir qədər çətinliklə baş tutdu. Belə ki, Niderlanddakı Ermənistan səfirliyi yerini dəyişib və elə bir məkanda yerləşir ki, həmin ərazidə aksiya keçirmək üçün bizə icazə verilmədi. Çünki Ermənistan səfirliyinin yerləşdiyi binanın qarşısında insanların toplaşıb öz etirazını bildirməsi üçün ərazi demək olar ki, yoxdur. Yalnız velosiped sürmək üçün kiçik bir yol var. Həmin ərazidə 10 nəfərdən artıq adam toplaşa bilməzdi. Çünki bizim təşkil etdiyimiz mitinqdə daha çox insan, daha çox soydaşımız qatılacaqdı. Əvəzində həmin məkandan bir qədər aralıda aksiyamızı keçirməyi təklif etdilər. Təbii ki, bu təklifi biz qəbul etmədik və Niderland parlamentinin qarşısında aksiya keçirmək qərarına gəldik. Düşünürəm ki, mitinqin parlamentin qarşısında keçirilməsi qərarı daha düzgün idi. Çünki həmin aksiya vasitəsilə daha çox insan səsimizi eşidə bildi. Çünki Niderland parlamentinin ətrafında çoxsaylə kafe-restoranlar mövcuddur və keçirdiyimiz aksiya həmin insanların da diqqətini çəkdi. Siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs həmin mitinqdə iştirak etdi. Aksiya başa çatandan sonra mitinqin bəyanatı Niderland parlamenti və oradan bir qədər kənarda yerləşən Ermənistan səfirliyinə göndərildi. Aksiyanın ertəsi gün isə ermənilərin Niderlanddakı Azərbaycan səfirliyi qarşısına gələrək aksiya keçirəcəkləri, hətta təxribat törədəcəkləri barədə məlumat aldıq. Belə olan halda Niderlanddakı azərbaycanlılar da səfirliyə dəstək və diplomatik nümayəndələyimizi qorumaq məqsədilə oraya gələcəklərini və erməni təxribatlarına qarşı sipər olacaqlarını bəyan etdilər. Niderlandın müxtəlif şəhətlərində yaşayan azərbaycanlılar səfirliyin qarşısına gələrək birlik və bərabərlik nümayiş etdirdi və səfirliyimizi qorumağa çalışdı. Baxmayaraq ki, ermənilər səfirliyimiz qarşısında 7 saat aksiya keçirmək barədə icazə almışdılar, ancaq cəmi 2 saat sonra Niderland polisi tərəfindən aksiya iştirakçıları ərazidən uzaqlaşdırıldılar. Çünki aksiya zamanı ermənilər öz ənənələrinı sadiq qalaraq vəhşilik nümayiş etdirdilər, barbarlığa yol verdilər. Belə olan halda Niderland polisi də haqlı olaraq ermənilərin aksiyasını dağıtdı və onlar ərazidən uzaqlaşdırıldı.
-Birlik, həmərlyikdən söz düşmüşkən, Niderlandda yaşayan azərbaycanlılar, Azərbaycan diaspor təşkilatları arasında birlik, həmərlyik mövcddurmu?
-Əlbəttə ki, Niderlandda yaşayan azərbaycanlılar arasında birlik, həmrəylik var. Azərbaycan üçün hansısa bir addım atmağa çalışanda, bunu mütləq şəkildə bir yerdə həyata keçiririk. Şükürlər olsun ki, bu da baş tutur. Məsələn, elə yuxarıda qeyd etdiyim mitinqin təşkili zamanı bu birlik, bərabərlik təmin edildi. Birimiz mitinqin keçirilməsi üçün icazə aldıq, digərimiz aksiyada səsləndirdiyimiz şüarları müəyyənləşdirdi, bir başqası mitinq iştirakçılarının sayı ilə məşğul oldu. Hər birimiz üçün iş bölgüsü müəyyən olundu və buna görə də mitinqimiz çox uğurlu alındı. İstər mitinqin təşkili, istər aksiyanın səhnəsində hər birimizin çiyin-çiyinə yer alması birlik və bərabərlik şəklində fəaliyyət göstərdiyimizin sübutu idi və soydaşlarımız da gördülər ki, biz bir yumruq kimi birləşmişik. Onu da qeyd etmək lazımdır ki, bizim birlik və həmrəylik nümayiş etdirməyimizdə Koordinasiya Şurasının da rolu az deyil. Birlik və həmrəyliyimizə daha bir misal qeyd edim. Belə ki, sosial mediada erməni modelin bayrağımızı yandırması barədə paylaşım əks olunmuşdu. Azərbaycanlıların birliyi və həmrəyliyi nəticəsində facebook və insteqramın hər birindən sözügedən videonun əks olunduğu 2 səhifə silindi.
Süleyman İsmayılbəyli
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.