Lobbiçilik işi fədakarlıq tələb edir
10 Sentyabr 2020 08:46 DiasporaVüqar Əhmədov: "Diaspor təşkilatlarımız yerləşdiyi ölkələrin dövlət qurumları ilə fəal iş aparsalar daha çox nailiyyətlər əldə olunar"
Hazırda Azərbaycan diaspor təşkilatlarının aktiv fəaliyyəti müşahidə olunmaqdadır. Lakin etiraf edilməlidir ki, hələ də diaspor təşkilatlarımızın fəliyyəti arzu olunan səviyyədə deyil. Belə ki, diaspor təşkilatlarının daha intensiv fəaliyyət göstərməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsinə ehtiyac duyulur. Bu və digər məsələlərlə bağlı suallarımızı Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov cavablandırıb.
-Vüqar müəllim, artıq müəyyən bir yol keçmiş Azərbaycan diasporunun inkişaf mərhələləri haqqında fikirlərinizi bilmək maraqlı olardı. Əslində, diasporumuzun tarixi hansı illərə təsadüf edir?
-Diaspor quruculuğu Azərbaycanın müstəqillik illərinin əvvəllərindən başlamışdır. Ulu Öndər Heydər Əliyev hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycanlı gənclərin xaricdə təhsilinə xüsusi önəm verirdi. Məhz həmin gənclər müstəqillik dövründə Heydər Əliyev tərəfindən irəli çəkildi. Mən deyərdim ki, Ulu Öndərimiz bəlkə də xaricdəki həmvətənlərimizə ən çox diqqət ayıran bir insan olmuşdur. Onun hər xarici ölkələrə səfərində qrafikinin sıx olmasına baxmayaraq soydaşlarımızla zaman tapıb görüşməsi, səmimi söhbət etməsi, Azərbaycançılığın hədəfləri haqqında çıxışları bizlərdə çox müsbət təəssürat buraxmışdır. Azərbaycan diasporunun özəyini qoyan məhz Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun ölkəyə rəhbərlik etdiyi dövrdə dünyada yaşayan və uzun zamandan Azərbaycanla əlaqələri qopan soydaşlarımız müstəqil və onlara dəstək olan bir vətənlərinin olmasını hiss etdilər, Bakıda keçirilən Dünya Azərbaycanlılarının Qurultayına toplaşırdılar. O zamanlar internet üzərindən toplanmaq imkanları indiki qədər deyildi, ona görə xaricdə yaşayan soydaşlarımız canlı şəkildə öz vətənlərində toplanırdılar, məncə bundan gözəl hədiyyə onlar üçün ola bilməzdi. Mən bu qurultaylara gələn həmvətənlərimizin bir çoxları ilə şəxsən tanışlığım var idi, çünki özüm də bu qurultayların iştirakçısı idim, bu görüşlərə gələn həmvətənlərimiz fərqli siyasi baxışlara malik insanlar idi, lakin onları Bakıda birləşdirən bir məqsəd var idi, Heydər Əliyevin əsasını qoyduğu Azərbaycançılıq məfkurəsi, vətən üçün birləşmək hədəfi.
Diasporumuzun hazırki inkişaf mərhələsi təbii ki, əvvəl qeyd etdiyim dönəmlə müqayisədə müəyyən qədər fərqlidir. Həyat bir yerdə dayanmır, dünya sürətlə inkişaf edir, diaspor sahəsində də xeyli dərəcədə gəncləşmə prosesi getdi bu zaman kəsiyində. Son 10 ildə dövlət proqramı və öz təşəbbüsü ilə xaricə təhsil almaq üçün minlərlə gənc üz tutdu. Onların bir çoxu xarici ölkələrdə qalaraq fəaliyyətlərini davam etdirmək qərarını verdilər. Təbii ki, Azərbaycan dövləti də buna qarşı çıxmadı, çünki onların bu addımı Azərbaycanın bu ölkələrdəki sabahı və səsi deməkdir. Onlar xarici ölkələrdə qalmaqla bu ölkələrin cəmiyyətlərinə qısa zamanda inteqrasiya etdilər, Azərbaycan cəmiyyətləri və məktəbləri yaratdılar. Bu gün Diasporla iş üzrə Dövlət Komitəsinin hədəf qrupu, əməkdaşlıq etdiyi insanlar da məhz bu qruplardan olan yeni nəsil diaspor fəalları və qurucularıdır. Tovuz döyüşlərindən sonra Qarabağ şüarları ilə böyük fəallıq göstərən, dünyanın dörd bir tərəfində izdihamlı yürüşlər keçirən məhz bu yeni nəsil diaspor fəalları oldu, onlar çox gözəl həmrəylik nümayiş etdirdilər. Bu baxımdan hazırda diasporumuz tam təşəkkül tapmışdır, xaricdə Azərbaycanın lobbiçilik maraqlarını çox uğurla həyata keçirir, dünyanın əksər ölkələrinin ictimai-siyasi həyatında bizim diasporun səsi eşidilir, əksər elm və təhsil mərkəzlərində Azərbaycanla bağlı çox uğurlu təqdimatların şahidi oluruq. Bu gün xaricdə Azərbaycan diaspor təşkilatları ölkəmizin təbliği, haqq səsimizin dünyaya çatdırılması istqamətində müxtəlif layihələr həyata keçirir. Əvvəllər düşmən ölkənin diasporu ilə müqayisədə bizim diasporun məyyən mənada geri qaldığına dair fikirlər səslənirdisə, bu gün tam əminliklə demək olar ki, mənfur düşmənin diasporu həmvətənlərimiz qarşısında çox aciz durumda qaldılar. Azərbaycan diasporu kifayət qədər böyük yol keçib və artıq güclü və təşkilatlanmış bir şəkildə fəaliyyət göstərir.
-Diaspormuzun mühacirətdə yaşayan həmvətənlərimizin inteqrasiyası sahəsində həyata keçirdiyi işləri qənaətbəxş hesab etmək olarmı?
- Bu sahədə də bu gün ciddi nəaliyyətlər əldə olunmuşdur. Ümumiyyətlə bizim həmvətənlərimiz xaricdə bir-birilərinə hər zaman dəstək olurlar. Xatırlayıram hələ tələbə vaxtı 2001-ci ildə ABŞ-da bir konfransda iştirak etmək məqsədi ilə Çikaqo şəhərinə yola düşməmişdən əvvəl bir diaspor qrupuna müraciət ünvanladım, o zaman nə qədər dəstək oldu bu səfərimlə bağlı. Xaricə təhsil və ya digər səbəbə görə üz tutan vətəndaşlarımız orada həmvətənlərindən hər zaman dəstək alıblar. İndi bi işlər daha təkmil formada həyata keçirilir. Artıq xaricdə çox peşəkar Azərbaycan məktəbləri, evləri və dərnəkləri fəaliyyət göstərir və Azərbaycanlılara orada müxtəlif sahələrdə dəstək göstərirlər. İstər hüquqi, istər məsləhətlərin verilməsi baxımından mühacirətdə yaşayan həmvətənlərimizin çətin duruma düşməsinə imkan vermirlər. Sosial şəbəkələrdə bu gun bu dəstək xeyli dərəcədə hiss olunur. İl ərzində bir neçə dəfə Azərbaycan cəmiyyətləri tərəfindən mədəniyyətimizlə bağlı önəmli tədbirlər keçirilir və burada onların bir araya gəlməsi imkanı yaranır. Əlbəttə ki, mühacirətdə yaşayan həmvətənlərimizin də bu işdə fəal olması çox vacibdi. Gərək onlar da vaxtaşırı bu işlərdə fəal iştirak etsinlər, yerli cəmiyyətlərə sıx inteqrasiya etsinlər. Xaricdə həmvətənlərimiz nə qədər çox təşkilatlansa bu onların xeyrinədir. Xaricdə daha çox birliklər və təşkilatlar yararadaraq özləri da yeni qoşulan həmvətənlərimizə dəstək olmaq üçün müxtəlif layihələr həyata keçirə bilərlər.
-50 milyonluq millətimizin 10 milyonundan çoxu tarixi torpaqlarından kənarda-mühacirətdə yaşayır. Bu böyük qüvvənin Azərbaycan naminə daha faydalı işlər görə bilməsi üçün hansı addımlar atılmalıdır?
-Hesab edirəm ki, soydaşlarımız xaricdə faydalı işlər görürlər. Diasporla iş üzrə Dövlət Komitəsi də həmvətənlərimizlə çox fəal iş aparır, dövlətimiz onlara hər zaman dayaq durur. Bizdə tarixən belə olub ki, hər zaman dövlətimiz diasporumuza dəstək olub, təbii ki, bu da vacibdir. Komitə təmsilçiləri hər il xarici ölkələrə səfər edərək həmvətənlərimizlə görüşür, xaricdəki cəmiyyətlərə maddi dəstək göstərir, müxtəlif proqramlar həyata keçirir. Lakin mən belə hesab edirəm ki, əgər xaricdə yaşayan həmvətənlərimiz arzu etsələr bu dəstəkdən qat-qat artığını özləri təşkil edə bilərlər. Necə ki, bu gün Ermənistan dövlətinin əsas maliyyə mənbələrindən biri erməni diasporudur. Əlbəttə mən demirəm ki, bizdə də belə olsun, Azərbaycan dövlətinin kifayət qədər maliyyə imkanları var, lakin bu gün xaricdə kifayət qədər zəngin azərbaycanlı iş adamları var, onlar diasporumuzun güclənməsi üçün daha da çox iş görə bilərlər, oradakı tələbələrimizə dəstək ola bilərlər. Bizdə təəssüf ki, gözləyirlər ki, kim birinci edər. Lobbiçilik işi məyyən mənada fədakarlıq tələb edir, diaspor təşkilatlarımız yerləşdiyi ölkələrin dövlət qurumları, parlamentləri, cəmiyyətləri ilə daha fəal iş aparsalar, ölkəmizi təbliğ etsələr bu sahədə daha çox nəaliyyətlər əldə olunar. Məsəl üçün mən təklif edərdim ki, xaricdə yaşayan həmvətənlərmiz tərəfindən öz ölkələrində bir fond təsis edilsin və ora toplanan vəsaitlə Azərbaycanın o ölkələrdə istedadlı gənclərinə və elmi inkişafına dəstək verilsin, qərb ölkələrində öz vətəndaşları bu təcrübədən çox istfadə edirlər, bu Azərbaycanımızın gələcəyinə olan yatırım olar.
-Bir sıra ölkələrdə güclü Azərbaycan diasporu fəaliyyət göstərir. Lakin etiraf edək ki, onlar arasında əməkdaşlıq olduqca zəifdir. Diasporamızın koordinasiyası üçün nələri təklif edərdiniz?
-Diasporumuzun koordinasiyası ilə bağlı Dövlət Komitəsi uğurlu təkliflə çıxış etmişdir. Komitədə gənc və yeni rəhbərlikdən sonra bütün dünya üzrə diasporumuzun 30-dan çox koordinasiya şuraları yaradılmışdır. Hesab edirəm ki, bu mütərəqqi bir addımdır. Diasporla iş üzrə Dövlət Komitəsinin sədri hörmətli Fuad Muradov şəxsən özü koordinasiya şuralarının açılışlarında iştirak etmişdir. Əvvəllər diasporumuzun koordinasiyası Dünya Azərbaycanlıları Ələqələndirmə Şurası tərəfindən aparılırdı, lakin indiki format, yəni hər ölkə üzrə mobil koordinasiya şuralarının yaradılması düşünürəm ki, daha effektlidir. Yəqin ki, sonrakı mərhələdə bu istiqamətdə daha geniş işlər görüləcək. Mən belə düşünürəm ki, fərqli ölkələrdə fəaliyyət göstərmələrinə baxmayaraq bizim diasporalar arasında əlaqələndirmə daha da artırılmalıdır, onlar arasında təcrübə mübadiləsi genişləndirilməlidir. Məsəl üçün Fransda bizim diasporun Senatla apardığı uğurlu işi biz ABŞ-da və yaxud Kanadakı diasporumuzun da öyrənməsini və tətbiq etməsini, eyni zamanda anoloji digər ölkər üçün bu təcrübəni yaymaq məqsədi ilə bir platforma düşünə bilərik. Çünki siz qeyd etdiyiniz kimi bəzi ölkələrdə bu iş uğurlu aparılır, bir sıra ölkələrdə isə müəyyən təkmilləşməyə ehtiyac var. Mən belə düşünürəm ki, biz daha çox lobbiçilik işinə üstünlik verməliyik. Xarici ölkələrin parlamentlərində, ictimai dairələrdə Azərbaycanın dostları qrupunun sayını artımalıyıq. Bunun üçün isə ardıcıl şəkildə sözügedən qurumlarla, parlamentarilərlə iş aparılmalıdır, onlar Azərbaycana dəvət olunmalıdır, ölkəmizin vətəndaş cəmiyyəti ilə onların sıx iş birliyi təşkil edilməlidir. Xüsusən qərb ölkələrində bunu etmək daha asan olar, çünki orada siyasət və hökumət adamlarına əlçatanlıq şəraiti var, liberal yanaşma mövcuddur. Təəssüf ki, bu sahədə mən hələ də yetərincə işin və fəallığın şahidi olmuram.
-Sizcə, bu gün Azərbaycan diasporunun problemləri arasında daha çox nələri vurğulamaq olar? Onların aradan qaldırılması yollarını necə görürsünüz?
-Mən bizim diasporun digər ölkələrin, xüsusən qardaş ölkə Türkiyənin diasporu ilə xarici ölkələrdə sıx əməkdaşlığını yetərincə hesab etmirəm. Azərbaycan dövlətinin bu gün Türkiyə ilə, eyni zamanda İsrail dövləti ilə çox yaxşı əməkdaşlığı mövcuddur. Hər iki ölkənin xaricdə çox güclü diasporu var, geniş lobbiçilik ənələri var, əgər Azərbaycan diasporunun bizə yaxın ölkələrin diasporu ilə yaxın əməkdaşlığı qurulsa bu sahədə daha çox nəaliyyətlər əldə edilə bilər.
Digər bir məsələ olaraq mən düşünürəm ki, bizim xaricdə imkanı olan həmvətənlərmiz bu gün Azərbaycan diasporuna daha çox dəstək olmalıdır və onların təşəbbüs və layihələrini dəstəkləməlidirlər. Bu gün diasporumuz daha çox lobbiçilik işində fokuslaşmalıdır, ölkə maraqlarının müdafiəsinə, xüsusən Ermənistanla Azərbaycan arasında olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə xarici ölkələrdəki ictimaiyyətin dəstəyini qazanmalıdır, bunun üçün davamlı informativ işin aparılması vacibdir.
Alim Hüseynli
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.