Azərbaycan həqiqətlərini yerli ictimaiyyətə çatdırmaq ücün bütün mümkün vasitələrdən istifadə edirik

Mətləb Nəcəfov: "Erməni diasporu Rusiyada olduğu kimi bizim fəaliyyətimizə maneçilik göstərə bilməz"

Azərbaycan diasporunda sürətli inkişaf tendensiyası müşahidə edilməkdədir. Düzdür, bu sahədə inkişaf, diasporumuzun müasir dövrün tələblərinı uyğun fəaliyyət göstərməsinə müstəqilliyin ilk illərindən start verilib. Lakin bu prosesin yeni başlaması, müəyyən təcrübəsizlik, eyni zamanda bir çox hallarda ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları və onların rəhbərləri arasında mövcud olan ziddiyyətlər, bir-birini qəbul etməmək kimi mənfi tendensiya bu sahədə ürəyimiz istəyən nəticənin əldə olunmasına imkan yaratmayıb. Etiraf etmək lazımdır ki, diaspor sahəsində qarşımıza qoyulan hədəflərə nail ola bilməməyimizdə müəyyən müddət bu sahəyə sorumlu olan şəxslərin də səhvləri az olmayıb. Ancaq hazırda sevindirici hal ondan ibarətdir ki, diaspor və lobbi quruculuğu sahəsində yeni dinamika, inkişaf tendensiyası müşahidə edilir. Qeyd etdiyimiz müsbət tendensiyaya xüsusilə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyində baş verən dəyişiklikdən sonra rast gəlirik.

Postsovet məkanında azərbaycanlıları Rusiyadan sonra ikinci ölkə olaraq Ukraynada daha çox məskunlaşdığı statistik rəqəmlər sırasında yer alır. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, erməni diaspor, erməni lobbisi də Rusiyadan sonra Ukraynada daha fəaldır və daha aktivdir. Ötən illər ərzində dəfələrlə Ukraynada yaşayan soydaşlarımıza qarşı olan hücumlar, törədilən təxribatlar fonunda bunu aydın şəkildə görmüşük. Onu da etiraf etmək lazımdır ki, erməni diasporu və lobbisinin Ukraynada güclü mövqeyə malik olmasında bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının da "əməyi" az olmayıb. Son illərə qədər Ukraynada kifayət qədər gücü, nüfuzu olan iki Azərbaycan diaspor təşkilatının bir-birini qəbul etməməsi, daim fikir ayrılıqları, ziddiyyətlərin olması qeyd edilən ölkədə diasporumuzun möhkəmlənməsi, birlik və bərabərlik şəklində fəaliyyət göstərməsinə əngəl olub. Sevindirici haldır ki, son illər bu istiqamətdə problem aradan qalxıb və diaspor təşkilatları arasında barışıq əldə olunub. Bəs görəsən hazırda Ukraynada Azərbaycan diasporunun durumu hansı vəziyyətdədir və Azərbaycan təşkilatları, cəmiyyətləri birlik, həmrəylik nümayiş etdirə bilirlərmi? Bu və ya digər suallarla Ukrayna Azərbaycanlılar Konqresinin İvano-Frankovsk vilayətinin sədri Mətləb Nəcəfovla söhbətləşdik.

-Mətləb bəy, əvvəla hazırda Ukraynada Azərbaycan diasporunun durumu ilə bağlı sual vermək istərdim. Düzdür, siz İvano-Frankovsk vilayətində yaşasanız da, ümumilikdə bu ölkədə Azərbaycan diasporunun vəzyyətindən məlumatlı olarsınız. Konkret olaraq Ukraynada Azərbaycan diasporunun durumunu necə xarakterizə edirsiniz?

-1990-cı ildən başlayaraq Ukraynanın müxtəlif regionlarında azərbaycanlılar təşkilatlanmağa başlayıb. Təşkilatlanma əsasən Ukraynada yaşayan ziyalılarımızın təşəbbusü ilə başlayıb. 2000-ci ildə əksər diaspora təşkilatlarımız Ukrayna Azərbaycanlıları Konqresində bir araya gəldi. Bu günə qədər çox qalmaqallı sınaqlardan çıxmışıq və fəaliyyətimizi davam etdiririk.

 -Ukraynadakı Azərbaycan diasporu, eləcə də soydaşlarımız bu ölkənin ictimai-siyasi həyatında, seçkili orqanlarında nə dərəcədə fəal rol oynayırlar?

-Ukraynada yaşayan soydaşlarımız ölkənin ictimai-siyasi həyatında da fəaldırlar. Ukrayna Ali Radasında müxtəlif çağırışlarda az da olsa millət vəkillərimiz olub. Çox təəssüf ki, bu çağırışda nümayəndəmiz yoxdur. Yerlərdə vəkillərimiz var. Yaşadığım İvano-Frankovsk vilayətində də 2 çağırış millət vəkilimiz olub (şəhər radasında).

 -Bəs, təmsil etdiyiniz Ukrayna Azərbaycanlılar Konqresi Ukraynada nə dərəcədə aktivdir və istər bu ölkənin rəsmi qurumları, istərsə də seçkili orqanları ilə əlaqələri necə qurub?

-Ukrayna Azərbaycanlıları Konqresinin yuxarıda qeyd etdiyim kimi əsasən yerli orqanlarda millət vəkilləri və eləcə də icra numayəndələrində təmsilçiləri var. Həmçinin konqresin dövlət strukturlarında çalışan nümayəndələri var.

 -Məlumdur ki, uzun illər Ukraynadakı diaspor təşkilatları arasında fikir ayrılıqları olub. Ancaq Diasporla İş üzrə Dövlət Komitəsinin yeni rəhbərliyi demək olar ki, bu problemi aradan qaldırmağa nail oldu. Şəxsi müşahidələriniz necədir, artıq diaspor təşkilatları vahid mövqedən çıxış edib, birlik, həmrəylik nümayiş etdirə bilirmi?

-Fəaliyyət göstərdiyimiz illərdə fikir ayrılıqları və müxtəlif qüvvələrın bundan məharətlə istifadə edib öz şəxsi mövqeyləri üçün istifadə etməsi hallarının diasporamızın fəaliyyətinə təsiri az olmamışdı. Bu da normal haldı. Diasporla İş üzrə Dövlət Komitəsinin əvvəlki rəhbərliyinin də bu nöqsanların aradan qaldırılmasında fəaliyyəti az olmamışdı. İnşallah, yeni rəhbərlik də bu istiqamətdə addımlar atır və inanırıq ki, nəticələri də yaxşı olacaq.

 -Yaşadığınız İvano-Frankovsk vilayətində təxminən nə qədər azərbaycanlı yaşayır və onlar bir qayda olaraq hansısa problemlərlə üzləşir və təşkilat olaraq Sizə müraciət edirlərmi?

-İvano-Frankovsk vilayətində 50-ə yaxın azərbaycanlı ailəsi yaşayır. Demək olar ki, Ukrayna üzrə ən az saya malık olan diasporamız var. Vilayət üzrə Azərbaycanı layiqincə təmsil etməyə çalışırıq. Ciddi problemlərimiz yoxdur. Bəli, azərbaycanlılarımızın müraciətləri olur və bacardığımız köməyliyi də əsirgəmirik.

 -Sirr deyil ki, Rusiya Federasiyasından sonra postsovet məkanında Ukrayna ermənilərin çoxluq təşkil etdiyi ikinci ölkədir. Bu mənada erməni diasporu, lobbisi hansısa formada sizin fəaliyyətə mane olmağa çalışırmı?

-Erməni diasporu Rusiyada olduğu kimi bizim fəaliyyətimizə maneçilik göstərə bilməz, ancaq yenə də qeyd etmək lazımdır ki, zəif deyillər, öz niyyətlərini həyata keçirmək üçün böyük gücə malikdirlər. Azərbaycan diasporu olaraq, fərq etməz istər Ukrayna  Azərbaycanlıları  Konqresi olsun,  istərsə də başqa təşkilatlarımız, bir mövqedən çıxış edərək belə halların layiqincə qarşısını almağa çalışırıq. Demək olar ki, bu da bizim əsas nailyətlərimizdən biridir.

 -Ukrayna Azərbaycanlıları Konqresi Azərbaycan həqiqətləri, Ermənistanın işğalçılıq siyasətinin Ukrayna cəmiyyətinə çatdırılması üçün hansı addımlar atır, tədbirlər həyata keçirir?

-Ukrayna Azərbaycanlıları Konqresinin İvana-Frankovsk vilayət diasporu olaraq yaşadığımız regionda Azərbaycan həqiqətlərini yerli ictimaiyyətə çatdırmaq ücün bütün mümkün vasitələrdən istifadə edirik. Şəhərimizdə yaşayan ziyallı, tələbə və iş adamlarımiz çalışdığı sahələrdə Azərbaycanımızın tarixi, mədəniyyəti və mətbəxi barədə düzgün məlumatları yerli ictimaiyyətə müxtəlif vasitələrlə çatdırır və bununla da düzgün fikir formalaşdırırıq. Yerli televiziya kanalları və nəşriyyatlarda məlumatlandırıcı çıxışlarımız olur. Erməni təxribatı nəticəsində üzləşdiyimiz hadisələri hər il qeyd etməklə bir daha yerli sakinləri məlumatlandırırıq. Şəhərin ictimai-siyasi həyatında iştirakdan kənarda qalmırıq və bunun nəticəsi olaraq bir çox yığıncaqlara dəvətlər alirıq. Təşkilatın rəhbəri Rovşən Tağıyev öz şəxsi əlaqələrindən,  istər millət vəkilləri, istərsə də digər dövlət məmurları vasitəsilə, istifadə edərək Azərbaycan həqiqətlərinin dövlət səviyyəsində müdafiəsinə nail olur.

-Bəs, Konqres olaraq Ukraynadakı Azərbaycan səfirliyi ilə əlaqələriniz hansı səviyyədədir və səfirlik keçirdiyiniz tədbirlərə təşkilati dəstək verirmi?

-Təbii ki, ictimai təşkilat olaraq yaşadığımız ölkənin qanunları çərçivəsində fəaliyyət göstəririk. Buna baxmayaraq Azərbaycan səfirliyi ilə də əlaqələrimizi qurmağa çalışırıq. Bu əlaqələr müxtəlif səfirlər vaxtında başqa-başqa olmuşdur. Nöqsanlarsız alınmır, ümüdvarıq ki, yeni təyin olunmüş səfirimiz bu nöqsanları minimuma endirməyə çalışacaq.

 -İstər koronavirus pandemiyası dövründə, istərsə də Tovuz hadisələri zamanı dünyanın müxtəlif ölkələrində keçirilən aksiyalar zamanı Ukranyadakı Azərbaycan diasporu olaraq həm Diasporla İş üzrə Dövlət Komitəsi, həm də ümumilikdə Azərbaycan dövlətini yanınızda hiss etdinizmi?

-Çox sevindirici haldır ki, koronovirus pandemiyası və Tovuz hadisələri zamanı bütün diaspora təşkilatlarımız bir mövqedən çıxış etdi. Bir daha sübut olundu ki, azərbaycançılıq mövqeyimiz bizlər üçün hər şeydən üstündür. Koronovirus pandemiyasının törətdiyi çətinliklərlə üzləşən Azərbaycan vətəndaşlarının problemlərinin həll edilməsində səfirlik və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının köməyi də az olmadı.

Tovuz hadisələri isə bizi bir daha birləşdirdi. Səfirlik və diaspora təşkilatlarımız eyni mövqedən çıxışları ilə bir daha dövlətimizin yanında olduğumuzu sübuta yetirdik.

Süleyman İsmayılbəyli

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31