Ukraynada Azərbaycan diaspor təşkilatları

Keçmiş Sovet məkanına daxil olan ölkələr sırasında Azərbaycan diaaporunun ən geniş yayıldığı və geniş şəbəkələndiyi ölkələrdən biri də Ukraynadır. Bu gün Ukraynada onlarla Azərbaycan diaspor təşkilatı, cəmiyyət və icmalar, mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Bu təşkilatlar içərisində ən güclüləri və Azərbaycanı layiqincə təmsil edənlər isə aşağıdakı diaspor təşkilatlarıdır.

Ukrayna Azərbaycanlıları Konqresi-UAK XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan diasporunun dünya ölkələri üzrə müvafiq təşkilatlarını vahid koordinasiyada birləşdirmək məqsədilə yaradılıb.  Konqresin yaranmasında ümummilli lider Heydər Əliyevin xidmətləri danılmazdır. Belə ki, məhz ümummilli lider Heydər Əliyevin tövsiyyəsi əsasında  yaradılan konqres bu gün  Ukraynanın 27 bölgəsində fəaliyyət göstərir.  Konqres öz fəaliyyətində demokratik prinsipləri, Azərbaycan və Ukrayna xalqlarının  humanistlik ənənələrini rəhbər tutur və öz üzvlərinin milli-mədəni, mənəvi, ictimai-siyasi, yaradıcılıq tələblərinin ödənilməsi üçün  eləcə də vətəndaşların hüquqlarının və qanuni maraqlarının reallaşması yolunda  ictimai-siyasi tədbirlər həyata keçirir. 2005-ci ildə Ukrayna Azərbaycanlılar Konqresinin yanında Gənclər Komitəsi yaradılıb. Ukrayna Azərbaycanlılar Konqresi Diasporla İş üzrə Dövlət Komitəsi, ölkəmizin Ukraynadakı səfirliyi,  hər iki ölkənin ictimai təşkilatları ilə sıx əməkdaşlıq edir. Konqresin əsas çap orqanı Kiyev şəhərində Ukrayna dilində mütəmadi olaraq dərc edilən "Azərbaycanın səsi" qəzetidir.  Ukrayna Azərbaycanlılar Konqresinin sədri İlqar Abbasovdur.

"Dostluq"-Azərbaycan-Ukrayna Xarkov Vilayəti Təşkilatı- Bu təşkilat 1999-cu il, noyabr ayının 19-da, Xarkov vilayətində təsis edilib.  Təşkilatın ətrafında müxtəlif millətləri təmsil edən 500-dən çox nümayəndə toplanıb. "Dostluq"-Azərbaycan-Ukrayna Xarkov Vilayət Təşkilatının əsas məqsədi milli adət-ənənələrin qorunması və inkişaf etdirilməsində buradakı azərbaycanlıların səylərinin birləşdirilməsidir.  Həmçinin Ukrayna və Azərbaycan arasındakı mədəni və iqtisadi əlaqələrin möhkəmləndirilməsi, Ukraynada yaşayan azərbaycanlıların hüquq və maraqlarının təmin olunmasında onlara dəstək olmaqdır. Təşkilatın nəzdind' "Dostluq" Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi, "Azərbaycan inciləri" adlı rəqs qrupu, "Qarabağ" folklor ansamblı, "Natəvan" Qadınlar Klubu, "Novruz" Gənclər Klubu və Hüquqi Xidmət Mərkəzi fəaliyyət göstərir. Təşkilat ötən illər ərzində Ukraynada bir sıra sosial, mədəni, təhsil və xeyriyyə layihələri həyata keçirib.  "Dostluq"-Azərbaycan-Ukrayna Xarkov Vilayəti Təşkilatının sədri Murad Ömərovdur.

Donets Vilayəti Azərbaycanlıları Konqresi-Donetsk Vilayəti Azərbaycanlılar Konqresi 2005-ci ildə təsis olunub.  Konqres Ukraynanın Donetsk vilayətindəki  Azərbaycan diasporunun bir mərkəzdə cəmlənməsi məqsədilə yaradılıb.  Konqresin fəaliyyəti milli-mədəni maraqların inkişaf etdirilməsi,  Ukrayna mədəniyyətinə azərbaycanlıların inteqrasiyası, Ukrayna və Azərbaycan arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi, iki ölkə arasında dərin iqtisadi, siyasi və mədəni əlaqələrinn inkişaf etdirilməsini özündə ehtiva edir. Konqres eyni zamanda bu ölkədə yaşayan soydaşlarımıza hüquqi müstəvidə də yardım edir.  Təşkilat yarandığı ilk gündən  kimsəsiszlər, aztəminatlı ailələr əlil və veteranlara yardım göstərir, bununla bağlı müxtəlif tədbirlər, xeyriyyə aksiyaları təşkil edir.  Eyni zamanda xəstəxana,  məktəb, uşaq evlərini də mütəmdi olaraq maliyyə yardımı ilə təmin edir.  Donetsk Vilayəti Azərbaycanlılar Konqresi sözügedən vilayət ərazisində yaşayan soydaşlarımızla Azərbaycanın bu ölkədəki səfirliyi arasında körpü rolunu oynayır. Ümumiyyətlə, konqres bütün fəaliyyətlərini Azərbaycan və Ukrayna arasında münasibətlərin inkişaf etdirilməsinə yönəldib.

Ukrayna Azərbaycanlı Gənclər Birliyi-Ukrayna Azərbaycanlı Gənclər Birliyi 2010-cu ildə yaradılıb.  Ukraynanın 19 vilayətində regional təşkilatlarını yaradan  birliyin nəzdində şən və hazırcavablar klubu,  milli musiqi ansamblı, "Bakı" futbol komandası fəaliyyət göstərir.  Ukrayna Azərbaycanlı Gənclər Birliyinin əsas fəaliyyəti xalqımızın qədim adət-ənənələrini, zəngin mədəni irsini qoruyub yaşatmaq,  Azərbaycan həqiqətlərini təbliğ etməkdir. Xüsusilə,  Ukraynada böyüməkdə olan azərbaycanlı gənclərin bu ölkənin  ictimai-siyasi həyatına inteqrasiya olunmalırını təmin etməkdən ibarətdir. Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirovdur.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31