Kanadada diaspora fəaliyyəti genişdir - MÜSAHİBƏ

İlham Axundov: “Bu istiqamətlərdəki fəaliyyətlərimizi bir qədər də artırmalıyıq”

"Bütün sahələrdə fəaliyyətimiz gücləndirilməlidir"

Azərbaycan diasporu formalaşıb inkişaf etdikcə fəaliyyət istiqamətlərini də genişləndirir, yeni dünya düzəni və yeni yanaşmalara uyğun olaraq müasir texnologiyalardan istifadə edir. Azərbaycan prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının üçüncü qurultayında bu barədə diaspor təşkilatlarına verdiyi tapşııq və tövsiyyələr artıq əksər diaspor təşkilatları tərəfindən icra edilir. Öz fəaliyyətində yeni və müasir üsullardan istifadə etməyə daha çox üstünlük verən Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyası ötən müddət ərzində bu sahədə bir sıra nailiyyətlərə imza atıb. Belə ki, Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının təşəbbüsü ilə bu ölkədə Kanada-Azərbaycan Tədqiqatlar İnstitutu təsis edilib.  Kanada-Azərbaycan Tədqiqatlar İnstitunun başlıca məqsədi Azərbaycan barədə araşdırmalar aparıb bu araşdırmaların nəticəsini Kanada cəmiyyətinə çatdırmaqdır. Kanadalı elm adamları, professor və tələbələrin də  daxil olduğu Kanada-Azərbaycan Tədqiqatlar İnstitutunun nümayəndə heyəti bu günlərdə Azərbaycanda səfərdə olub və bir sıra rəsmi görüşlər keçiriblər. Azərbaycana səfərlərinin məqsədi barədə məlumat verən Kanada-Azərbaycan Əməkdaşlıq Assosiyasıyasının rəhbəri İlham Axundov bu ölkədəki Azərbaycan diasporunun durumu və qarşıdakı zaman ərzində görüləcək işlər barədə də danışıb  

-İlham müəllim, Azərbaycana səfərinizin məqsədi nədən ibarətdir?

-Kanadada 2011-ci ildə Kanada-Azərbaycan Tədqiqatlar İnstitutu təsis edildi. Həmin institutu biz təsis etdik. Burada əsas məqsəd kanadalı alimlər tərəfindən Azərbaycanın tarixi, coğrafiyası, iqtisadiyyatı, diasporası, eləcə də insanları haqqında araşdırma aparmaqdır. Sonrakı mərhələdə isə onları nəşr edərək Şimali Amerikada yaymağı nəzədə tuturuq.   Bu sahədə əsas fəaliyyətimiz və görəcəyimiz işlər Kanadanın iki ali təhsil ocağı-Vaterlou və Toronto universitetləri ilə qarşılıqlı əmıkdaşlıq nəticəsində qurulacaq.  Bizim əsas işimiz adıçəkilən iki universitet və orda çalışan araşdırmaçılarladır. Azərbaycana səfərimiz isə birbaşa Toronto Universiteti ilə həyata keçirdiyimiz  layihə ilə əlaqədardır. Məlumat üçün qeyd edim ki, 2012-ci ilin sentyabrından etibarəın Toronto Universitetində Azərbaycan araşdırmaları dərsi tədris olunmağa başlanıb. Bu magistr və doktrantlar üçün kredit dərsi olaraq keçilir. Həmin dərsi öyrənəcək tələbələr müxtəlif mövzularda Azərbaycan üzrə araşdırmalar apararaq sonda tezislər üzrə 20 səhifəlik material yazacaqlar. Artıq 5 magistr tələbə sentyabrdan etibarən müxtəılif mövzularda, kino sənəti, mədəniyyət, turizm, iqtisadiyyat və bu kimi başqa mövzular ətrafında mövzular götürüblər. Həmin tələbələr üçün semtyabr ayından başlayaraq hər ay müxtəlif seminarlar təşkil edirik. Həmin seminarlara Birləşmiş Ştatlarda və Kanadada fəaliyyət göstərən azərbaycanlı ekspertlər də dəvət edilir və onılar tələbələrə məlumatlar verirlər. Eyni zamanda həmin seminarlara digər tələbələr də qatılmağa maraq göstərirlər. Bu dəfəki səfərimiz zamanı da həmin tələbələri Azərbaycana gətirmişik. Səfər zamanı kanadalı tələbələr Azərbaycanı gəzərək istədikləri materialları toplayacaq,  ölkəmizlə bağlı biliklərini artıracaqlar. Həmçinin səfər zamanı tələbələrin bir sıra rəsmi dairələrdə, ali təhsil ocaqlarında görüşləri təşkil olunub. Nəticə olaraq geri qayıtdıqdan sonra kanadalı tələbələr Azərbaycan haqqında bütün materialları analiz edib 20 səhifəlik material dərc edəcəklər. Həmin materiallar isə aprel ayında Toronto Universitetində keçiriləcək beynəlxalq konfransda məruzə olunacaq. Sonra isə konfransın materialları Toronto Universiteti tərəfindən çap ediləırək dünyanın bir sıra ali təhsil ocaqları, nüfuzlu kitabxanalara göndəriləcək.

-Təzminən Kanadadan Azərbaycana neçə nəfər tələbə gəlib?

-Kanadadan Azərbaycana 8 nəfərlik nümayəndə heyəti gəlib. Nümayəndə heyətinin rəhbəri Kanadanın Toronto Universitetinin professoru Robert Austindir. O, eyni zamanda həyata keçirilən bu proqramın bilavasitə təşkilatçısıdır. Həmçinin Toronto Universitetinin  5 magistr tələbəsi də bizimlə Azərbaycana gəlib.

-Bəs Azərbaycana səfər çərçivəsində hansısa dövlət qurumlarında görüşlər keçirdinizmi və həmin görüşlərdən hansı təssüratlarla ayrıldınız? Konkret olaraq əməkdaşlıq ikmkanlarının genişləndirilməsi üçün şərait varmı?

-Azərbaycana səfərimiz çərçivəsində yanvarın 17-də Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Kanada Azərbaycan Tədqiqatlar İnstitutunun nümayəndə heyətini qəbul etdi.  Görüş zamanı Kanada Azərbaycan Tədqiqatlar İnstitutunun fəaliyyəti ilə bağlı geniş fikir mübadiləsi aparıldı, institutun Azərbaycan tarixi və mədəni irsinin təbliği baxımından böyük əhəmiyyət daşıdığı bildirildi. Dövlət Komitəsinin sədri Nazim İbrahimov Kanadanın aparıcı universitetlərindən biri olan Toronto Universitetinin nümayəndə heyətini Azərbaycanda görməkdən məmnun olduğunu vurğuladı. Diasporla İş üzrə Dövlət Komitəsinin Toronto Universiteti ilə əməkdaşlığa böyük önəm verdiyini və ikitərəfli əlaqələrin bundan sonra da uğurla davam edəcəyinə əmin olduğunu vurğulayan Nazim İbrahimov bu əlaqələrin hər iki tərəf üçün faydalı olduğunu diqqətə çatdırdı. Nümayəndə heyətinin rəhbəri, Kanada-Azərbaycan Tədqiqatlar İnstitutunun təsisçisi olaraq fəaliyyətimiz barədə geniş məlumat verdim. İnstitutun 2009-cu ildə təsis edildiyini və 2011-ci ildə rəsmi qeydiyyatdan keçdiyini komitə sədrinin diqqətinə çatdırdım. Həmçinin Kanada-Azərbaycan Tədqiqatlar İnstitutunda Azərbaycanın siyasi və iqtisadi həyatının müxtəlif istiqamətləri üzrə tədqiqatlar aparıldığını vurğuladım. İnstitutda Azərbaycana həsr olunmuş seminarların təşkil olunduğunu və bu seminarlarda Kanadada fəaliyyət göstərən müxtəlif universitetlərin tələbələrinin də iştirak etdiyini bildirdim. Kanadanın Toronto Universitetinin professoru Robert Austin Azərbaycanın kifayət qədər maraqlı ölkə olduğunu və burada olmaqdan məmnunluq duyduğunu vurğuladı. O, Kanada Azərbaycan Tədqiqatlar İnstitutunun ötən müddətdə çox mühüm işlər gördüyünü, Azərbaycanın tarixi, iqtisadiyyatı, ictimai-siyasi həyatı ilə bağlı bir sıra maraqlı tədqiqatlar aparıldığını söylədi. Robert Austin layihənin daha da genişləndirilməsinin əhəmiyyətli olacağına inamını ifadə etdi. Robert Austin torpaqlarının 20 faizi işğal altında olan bir ölkənin nə qədər ciddi çətinliklərlə üzləşdiyini anladığını bildirərək bu barədə öz tələbələrinə məlumat verdiyini də qeyd edib. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov isə Kanada Azərbaycan Tədqiqatlar İnstitutuna bundan sonra da dəstək veriləcəyini diqqətə çatdırıb. O, Kanadada belə bir institutun fəaliyyət göstərməsinin Azərbaycan haqqında bu ölkənin ictimaiyyəti, xüsusilə elm adamları və gənclərin məlumatlandırılması baxımından çox vacib olduğunu söyləyib. Dövlət Komitəsinin sədri layihənin genişləndirilməsi üçün rəhbərlikm etdiyi qurum tərəfindən bütün zəruri köməyin göstəriləcəyini vurğulayıb.

-Azərbaycan haqqında Kanadada doğru, obyeltiv məlumatın formalaşması üçün bu ölkı jurnalistlərinin də ölkəmizə səfəri nəzərədə tutuılurmu?

-Bu vacib bir məsələdir. Hələlik bizim ilk layihəmiz hazırda icra etdiyimiz proqramdır. Biz fikirləşirik ki, bundan sonra daha geniş sahələri əhatə edən proqramlar, layihələr həyata keçirək. Şübhəsiz ki, həmin layihələr zamanı kanadalı jurnalistlərin Azərbaycana səfəri məsələsi də nəzərə alınacaq. Növbəti mərhələlərdə mümkündür ki, kanadalı jurnalistlər Azərbaycana gələrək buradakı vəziyyətlə yaxından tanış olsunlar.

-Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının 2013-cü il üçün əsas fəaliyyət istiqamətləri nələrdir? 

-Bizim təşkilat olaraq növbəti layihəmiz Azərbaycanın internet ensklopediyasının yaradılması ilə bağlıdır. Çünki xaricdə Azərbaycan haqqında informasiyalar axtararkən çox vaxt vilkipediya vasitəsilə axtarışlar həyata keçirilir. Ona görə də biz belə bir sayt yaratmağı nəzərdə tuturuq ki, Azərbaycanla bağlı lazımı məlumatları həmin saytdan əldə etmək mümkün olsun. Bu Kanada-Azərbaycan Tədqiqatlar İnstitunun layihəsidir.

-Qarşıdan Xocalı soyqırımının 21-ci ildönümü gəlir. Təşkilat olaraq bu məqsədlə Kanadada hansısa tədbirlər keçirməyi nəzərdə tutmusunuzmu?

-Kanadada bir çox təşkilat və qurumlar, eləcə də Kanada Təşkilatları Assambleyası mövcuddur. Həmin assambleya 10-a yaxın təşkilatı özündə birləşdirir. Azəbaycanın tarixində baş vermiş bu kimi hüznlü günləri adətən həmin assambleya Kanadada fəaliyyət göstərən Azərbaycan səfirliyi ilə birlikdə keçirir. Əvvəllər də Azərbaycanın tarixi günləri ilə bağlı Kanadada müxtəlif tədbirlər, aksiyalar keçirilib. Hazırda da qarşıdan gələn 26 fevral-Xocalı soyqırımına hazırlıq istiqamətində müvafiq işlər görülür, bu ərəfədə keçiriləcək tədbirlər müəyyənləşdirilir.

-Hazırda Kanadada Azərbaycan diasporunun vəziyyətini necə qiymətləndirirsiniz?

-Kanadada diaspor fəaliyyəti çox genişdir. Bu fəaliyyətin içərisində həm siyasi, həm də mədəni fəaliyyətlər yer alır. Kanadadakı Azərbaycan diaspor təşkilatları hər iki istiqamətdə fəaliyyət göstərirlər. Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyası,  Kanada-Azərbaycan Əməkdaşlıq Assambleyası əsasən siyasi sahədə fəaliyyət göstərir. Kanada-Azərbaycan Əməkdaşlıq Assambleyası xüsusilə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində aktivlik nümayiş etdirir. Digər təşkilat və cəmiyyətlər də var ki, Kanadada keçirilən mədəni-kütləvi tədbirlərdə yaxından iştirak edir və Azərbaycan mədəniyyəti, zəngin tarixi-mədəni irsimizi kanadalılara çatdırırlar. Hesab edirəm ki, gördüyümüz işlər və göstərdiyimiz fəaliyyət o qədər də qaneedici sayıla bilməz. Düşünürəm ki, bu istiqamətlərdəki fəaliyyətlərimizi bir qədər də artırmalıyıq və bütün sahələrdə fəaliyyətimiz gücləndirilməlidir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31