Diaspora sahəsində keçirilən qurultay və forumlar

Bu kimi toplantılar diasporanın inkişafına öz təsirini göstərib

Azərbaycan diasporunun fomalaşması, onun inkişaf etməsinə müsbət təsir göstərən amillərdən biri də müxtəlif illərdə bu sahədə keçirilən qurultay və konfranslar, forumlardır. Belə tədbirlər və toplantılar daha çox Azərbaycanın ikinci dəfə müstəqillik əldə etməsindın sonrakı dövrə təsadüf edir. Məlumat üşün qeyd edək ki, Azərbaycan müstəqillik qazandıqdan ötən dövr ərzində milli dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə etmiş, özünün hüquqi-siyasi, sosial-iqtisadi dayaqlarını möhkəmləndirmiş, iqtisadi potensialına, demokratik inkişaf səviyyəsinə, beynəlxalq aləmdə tutduğu mövqeyə görə regionun lider dövlətinə çevrilmişdir. Qazanılmış nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb olmuş, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandırmış, ölkəmizin milli maraqları ətrafında sıx birləşməsinə  zəmin yaratmışdır. Bunun üçünsə dünyada yaşayan soydaşlarımızın iştirakı ilə hər hansı bir formada toplantı və tədbirin keçirilməsi zərurətə çevrilmişdi. İlk belə tədbir ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakçılığı ilə keçirilən Dünya Azərbaycanlılarının I qurultayı olub. Ümumiyyətlə dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında sıx birləşdirilməsi ideyasının müəllifi olmuş ümummilli liderimiz Heydər Əliyev xaricdə yaşayan soydaşlarımızın və həmvətənlərimizin birliyi və təşkilatlanması məsələsini bütün fəaliyyəti dövründə diqqət mərkəzində saxlamış, xarici ölkələrə etdiyi çoxsaylı səfərlərdə Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirmiş, onların problem və qayğıları ilə yaxından maraqlanmışdır. Məhz dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyətləri və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi zərurətini nəzərə alaraq, ümummilli lider Heydər Əliyev 2001-ci il noyabrın 9-10-da Dünya azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında Sərəncam imzalamışdır. Bu, xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında birləşərək təşkilatlanması baxımından tarixi əhəmiyyət kəsb edərək, diaspor hərəkatının inkişafında yeni mərhələnin təməlini qoymuşdur. 2001-ci il,  noyabrında Bakıda keçirilən Dünya Azərbaycanlılarının I qurultayı Azərbaycan diasporunun formalaşması və inkişaf etməsində yeni bir mərhələnin başlanğıcını qoydu. Eyni zamanda bu qurultay xaricdə yaşayan soydaşlarımızla Azərbaycan dövləti arasında bağlılığı artırdı, dövlətlə diaspora arasında normal \əməkdaşlıq mühiti yaratdı. Məhz Dünya Azərbaycanlılarının I qurultayı xaricdə yaşayan soydaşlarımızda belə bir əminlik yaratdı ki, onlar tək deyillər və Azərbaycan dövləti onların arxasındadır.

Ümummilli lider Heydər Əliyevin ideya və prinsiplərinə sadiq qalan və bu tarixi ənənələri inkişaf etdirən Azərbaycan prezidenti cənab İlham Əliyev 2006-cı il fevralın 8-də xarici ölkələrdə yaşayan azərbaycanlıların problem və qayğılarını, onların birliyi və təşkilatlanması sahəsində mövcud vəziyyəti təhlil etmək, ölkəmizlə əlaqələrinin daha da möhkəmlənməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, diaspor quruculuğu işinin təkmilləşdirilməsi sahəsində qarşıda duran vəzifələri müzakirə etmək məqsədi ilə 2006-cı ilin mart ayının 16-da   Bakı şəhərində Dünya azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında Sərəncam imzalamışdır. Dövlət başçısının məlum sərəncamı əsasında Bakıda keçirilən Dünya azərbaycanlılarının II qurultayında iştirak etmək üçün Türkiyə, Almaniya, İsveçrə, Litva, Latviya, Estoniya, Bolqarıstan, Macarıstan, Gürcüstan, Ukrayna, Belarus, Özbəkistan, Qazaxıstan və digər ölkələrdən iki yüzə yaxın nümayəndə Azərbaycana təşrif buyurmuşdu. 2007-ci il, mart ayının 9-da Bakıda Azərbaycan və türk diaspor rəhbərlərinin birinci forumu keçirilmişdir. Martın 10-da isə Bakıda Avropa Azərbaycanlıları Konqresinin II qurultayı keçirilmişdir. Konqresin sədri Bahəddin Kaya Avropa Azərbaycanlıları Konqresinin  I qurultaydan keçən dövr ərzindəki fəaliyyəti barədə hesabatla çıxış etmişdir. Qurultayın işində Avropanın 30-dan çox ölkəsində fəaliyyət göstərən 84 Azərbaycan diaspor təşkilatından 139 nümayəndə iştirak etmişdir. Toplantıda təsis qurultayından keçən dövr ərzində təşkilatın Avropa ölkələri ərazisində Azərbaycan diasporunun formalaşdırılması istiqamətindəki fəaliyyətinə həsr olunmuş hesabat məruzəsi dinlənilmişdir. Tədbirdə AAK-ın Avropadakı diaspor fəaliyyətinin genişləndirilməsi, buradakı soydaşlarımızın ideya-siyasi birliyinin daha da gücləndirilməsi, qitədəki Azərbaycan dərnəklərinin, icmalarının, federasiyalarının və başqa diaspor təşkilatlarının fəaliyyətinin koordinasiya imkanlarının artırılması məsələləri geniş müzakirə olunmuşdur. Bundan başqa, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda ölkəmizin ədalətli mövqeyinin Avropanın aparıcı ölkələrində dəstəklənməsi və bu sahədə ciddi addımların atılması ilə bağlı da təkliflər səsləndirilmişdir.
Qurultayda Azərbaycan icmalarının türk diasporu ilə əməkdaşlıq imkanları, Avropada Azərbaycan lobbisinin yaradılması istiqamətində görüləcək tədbirlər, AAK-ın digər regionlardakı federasiya və təşkilatlarla əlaqələrinin qurulması, qurumun operativ idarə olunması məqsədilə daimi qərargahın yaradılması və digər məsələlər də diqqət mərkəzində olmuşdur. Ümumiyyətlə, Avropa Azərbaycanlıları Konqresinin II Qurultayı təşkilat rəhbərliyinin hesabatını və nümayəndələrin çıxışlarını dinləyərək qeyd edir ki, ötən müddət ərzində Avropada yaşayan soydaşlarımızın təşkilatlanması, xalqımızın tarixi və müasir həyatı, eləcə də qarşılaşdığı problemlərlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, zəngin mədəni irsinin təbliği sahəsində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. AAK öz imkanları daxilində azərbaycanlıların hüquq və azadlıqlarının qorunması, doğma Vətənin milli maraqlarının müdafiəsi ilə bağlı iş aparmış və müəyyən uğurlu nəticələr əldə etməyə müvəffəq olmuşdur.

2007-ci il aprel ayının 12-də İsarilin paytaxtı Tel-Əviv şəhərində Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsis qurultayı keçirilmişdir. Qurultayda İsrail baş nazirinin müavini, strateji planlaşdırma naziri Aviqdor Liberman, Baş nazirin müavini, nəqliyyat naziri Şaul Mofaz, turizm naziri İsax Aranoviç bu ölkənin bir sıra tanınmış ictimai xadimləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir. Türkiyədən bu ölkənin İsraildəki səfiri Mehmet Tan, Mərmərə Strateji və Sosial Araşdırmalar Vəqfinin prezidenti Akkan Suverin başçılığı ilə nümayəndə heyəti Qurultayda qonaq qismində iştirak etmişdir. Qurultayda ABŞ, İsveçrə, Ukrayna, Rusiya, Moldova, Özbəkistan və digər ölkələrdəki yəhudi icmalarının nümayəndələri iştirak etmişlər. Qurultaya İsralin 26 şəhərində yaşayan 30 minə yaxın Azərbaycandan köçmüş yəhudini təmsil edən 30 Azərbaycan icması tərəfindən seçilmiş 408 nəfər nümayəndə qatılmışdır.

İsveç Krallığında fəaliyyət göstərən bir neçə diaspor təşkilatı Azərbaycan həqiqətlərini, tarixini və mədəniyyətini yaşadıqları ölkənin ictimaiyyətinə çatdırmaq, cəmiyyətlər arasında əlaqələrini inkişaf etdirmək, güclərini səfərbər etmək, fəaliyyətlərini koordinasiya etmək və mövcud olan problemləri həll etmək məqsədilə 2009-cu ilin 29 iyun tarixində İsveç Azərbaycanlıları Konqresinin yaranması üçün Təşkilat Komitəsi təsis etmişlər. Təşkilat Komitəsinin işi nəticəsində 5 iyun 2010-cu il tarixində Stokholm şəhərinin "Radisson Blu Royal Viking" otelində 15 diaspor təşkilatının iştirakı ilə İsveç Azərbaycanlıları Konqresinin təsis Qurultayı keçirilmişdir. Qurultayda Azərbaycan Respublikasının İsveç Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Rəfael Ibrahimov, Türkiyə və Gürcüstan səfirliklərinin nümayəndələri, İsveç Türk Federasiyasının nümayəndə heyəti, İsveç Krallığının Milli Azlıqlarla İş üzrə dövlət qurumunun məsulu iştirak etmişlər.

2009-cu il mayın 30-da Kanadanın paytaxtı Toronto şəhərinin "Meron" mərkəzində "Kanada Azərbaycan Təşkilatlar Assambleyası"nın I Qurultayı keçirilmişdir.. KATA-nın üzvü olan "Kvebek Azərbaycanlıları Assosiasiyası"nın sədri Məsud Əliyev KATA-nın I Qurultayını açıq elan edərək məruzə üçün sözü "Kanada Azərbaycan Əməkdaşlıq Assosiasiyası"nın sədri İlham Axundova vermişdir. İlham Axundov öz çıxışında Assambleyanın 2007-ci ilin dekabr ayında keçirilmiş təsis qurultayından bu günə qədər olan fəaliyyəti ilə bağlı geniş məruzə etmişdir. Məruzədə siyasi, humanitar və təhsil sahələrində həyata keçirilən layihələrdən,  Kanada Federal və bölgə Parlamentləri ilə birlikdə görülən işlərdən və Kanadadakı Azərbaycan icmasının mütəşəkkilliyindən bəhs olunmuşdur. Qurultayda həmçinin "Ontario Azərbaycanlıları Assosiasiyası"nın sədri Cavad Zərrin, "Ottava Azərbaycan İcması"nın sədri Yaşar Muğan, "Azəri - Türk  Dünya Qadınları" Cəmiyyətinin sədri Kəmalə Şiriyeva da çıxış etmişdilər. Qurultay nümayəndələri Assambleyanın iki illik fəaliyyətini qənaətbəxş hesab etmişdilər.

2008-ci ildə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının Bakıdakı iclasında qəbul olunmuş "Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası" diasporun fəaliyyətinin başlıca istiqamətlərini müəyyən edən konseptual sənəd kimi qiymətləndirilməlidir. Xartiya dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təmin olunması, diaspor təşkilatlarının fəaliyyətinin koordinasiya edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Sənəddə Azərbaycan xalqının tarixi, etnogenezi, milli özünüdərk prosesi, özünəməxsus xüsusiyyətləri, milli-mənəvi dəyərləri və müasir inkişaf səviyyəsi təhlil edilmiş, soydaşlarımızın yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyası, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, qondarma "erməni soyqırımı" iddialarının ifşası və digər məsələlərlə bağlı diasporun üzərinə düşən vəzifələr öz əksini tapmışdır.

Nəhayət, 2011-ci il, iyul 5-də president İlham Əliyevin iştirakı ilə Bakıda Dünya Azərbaycanlılarının III qurultayı keçirildi. Bu qurultay isə Azərbaycan diasporu üçün növbəti 5 il üçün hədəflər, qarşıda duran vəzifələri müəyyənləşdirdi.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31