Azərbaycan diasporu 20 Yanvar faciəsinin ildönümünü qeyd edəcək

Dünyanın müxtəlif ölkələrində anım tədbirləri keçiriləcək

Azərbaycan həqiqətləri, zaman-zaman xalqımızın başına gətirilən fəlakətlərin dünya ictimaiyyətinə çatdırılması prosesində diaspor təşkilatları da öz üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. Azərbaycan təqviminə hüznlü gün kimi daxil olan 20 Yanvar faciəsinin ildönümü ərəfəsində də xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporu aktivliyini bir qədər də artıraraq həmin faciənin təfərrüatlarını dünya ictimaiyyətinə çatdırmağa çalışır. Hər il olduğu kimi bu il də faciənin 23-cü ildönümü ilə bağlı dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən anım tədbirləri, konfrans və dəyirmi masaların keçirilməsi nəzərdə tutulub.

Benilüks Azərbaycanlıları Konqresi 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar olaraq  Avropa Parlamentinə və Benilüks ölkələrinin qanunverici qurumlarına müraciət ünvanlayıb. Müraciətdə deyilir ki, 1990-cı il 20 Yanvar hüzn günü olmaqla yanaşı, eyni zamanda Azərbaycanda sovet rejiminin hakimiyyətinin sona çatmasının başlanğıcı olub. Benilüks Azərbaycanlıları Konqresi müraciətində Avropa Parlamentini və Benilüks ölkələri qanunvericilərini bu qeyri-insani aksiyanı rəsmi şəkildə pisləyən qətnamə qəbul etməyə çağırıb. Konqres üzvləri faciəyə Avropa Parlamenti tərəfindən siyasi qiymət veriləcəyinə, bu qanlı faciənin Avropa tarixi hafizəsinin tərkib hissəsi kimi qəbul ediləcəyinə inandıqlarını qeyd ediblər.

Birləşmiş Ştatlarda fəaliyyət göstərən diaspor təşkilatları isə bu ölkədə nəşr edilən kütləvi informasiya vasitələrində faciə ilə əlaqədar silsilə materialların dərc edilməsinə nail olub. Belə ki, bu səylərin nəticəsi olaraq Amerikanın nüfuzlu "Vaşinqton Post" qəzetində 20 Yanvar faciəsi haqqında məqalə dərc edilib. Məqalədə qeyd olunub ki, bu günlərdə Amerikada yaşayan azərbaycanlılar 20 Yanvar faciəsinin qurbanlarını yad edəcəklər. Yazıda Amerika-Azərbaycan Şəbəkəsinin bu istiqamətdəki fəaliyyətinə də yer ayrılıb. Bildirilib ki, son iki ildə Amerika-Azərbaycanlılar Şəbəkəsi Texas və Nyu-York ştatlarının parlamentlərində 20 Yanvara dair iki rəsmi qətnamə qəbul edilməsinə nail olub. Həmçinin şəbəkənin hazırladığı məlumatda "Qara Yanvar: Bakı, 1990. Sənədlər və materiallar" kitabından götürülmüş faktlar verilir. Birləşmiş Ştatların azərbaycanlı icmasının üzvləri bu yazılı kampaniya vasitəsilə Amerika ictimaiyyətini 20 Yanvar hadisələri haqqında məlumatlandıraraq, ölkə qanunvericilərini bu qeyri-insani aksiyanı rəsmi şəkildə pisləyən qətnamə qəbul etməyə çağırır.

Həmçinin Amerika Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsi haqqında Amerika ictimaiyyətinin məlumatlandırılması kampaniyasına başlamışdır. Şəbəkənin hazırladığı məlumatda "Qara Yanvar: Bakı, 1990. Sənədlər və materiallar" kitabından götürülmüş faktlar verilir. Məlumatda qeyd edilir ki, 1990-cı il yanvarın 20-də 26 min nəfərlik sovet qoşun kontingenti Bakını işğal etmiş, şəhərin dinc əhalisinə vəhşicəsinə divan tutmuşdur.

Bu təcavüz nəticəsində aralarında 6 qadın və 9 uşaq olmaqla 170 nəfər həlak olmuşdur. Daha 370 nəfər yaralanmış, 321 nəfər isə itkin düşmüşdür. Birləşmiş Ştatlar Azərbaycanlılar Şəbəkəsinin Amerika ictimaiyyətinə, Amerika mətbuatına və ölkə qanunvericilərinə ünvanlanmış müraciətində deyilir ki, 1990-cı il 20 Yanvar hüzn günü olmaqla yanaşı, eyni zamanda Azərbaycanda sovet rejiminin hakimiyyətinin sona çatmasının başlanğıcı olmuşdur. Azərbaycanın dinc əhalisinə qarşı bu təcavüz sovetlər ölkəsinin öz vətəndaşlarına qarşı törətdiyi növbəti qırğın idi. Bundan əvvəl 1986-cı ildə Qazaxıstanda, 1989-cu ildə Gürcüstanda, daha sonra Litvada qeyri-insani aksiyalar həyata keçirilmişdi. Məlumatda deyilir ki, Azərbaycanda 20 Yanvar hadisələri Azərbaycan xalqının yaddaşında kədərli bir səhifə kimi qalmaqla bərabər, həm də növbəti, 1991-ci ildə respublikamızın müstəqilliyini elan etməsinə təkan verdi. Qara Yanvar günlərindən iyirmi üç il keçdiyinə baxmayaraq hər il yüzminlərlə azərbaycanlı və Azərbaycanın dostları Bakı şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edir, Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini ehtiramla yad edir". Birləşmiş Ştatlar Azərbaycan icmasının üzvləri bu yazılı kampaniya vasitəsilə Amerika ictimaiyyətini 20 Yanvar hadisələri haqqında məlumatlandıraraq, ölkə qanunvericilərini bu qeyri-insani aksiyanı rəsmi şəkildə pisləyən qətnamə qəbul etməyə çağırır.

Kampaniya yanvarın 22-dək davam edəcəkdir. 20 Yanvar faciəsinin 23-cü ildönümü Belçikada da qeyd ediləcək. Belçikadakı çoxsaylı Azərbaycan diaspor təşkilatları və bu ölkədəki Azərbaycan səfirliyi tərəfindən anım tədbirləri təşkil olunacaq. Bundan başqa Belçika Azərbaycanlıları Cəmiyyəti tərəfindən Brüssel şəhərində 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş konfransın keçirilməsi nəzərdə tutulub. "20 Yanvar faciəsi, Azərbaycanın qan yaddaşı" mövzusunda keçiriləcək konfransda Belçikada yaşayan soydaşlarımızla yanaşı, Avropa İttifaqı və Avropa Parlamentinin rəsmiləri, Belçikadakı ayrı-ayrı ölkələrin diplomatic nümayəndəlikləri, eləcə də digər ölkələrin diaspor nümayəndələrinin iştirakı nəzərdə tutulub. Konfransda əvvəlcə ingilis dilində hazırlanmış və 20 Yanvar faciəsini əks etdirən sənədli film nümayiş olunacaq.  Konfrans zamanı həmçinin iştirakçılara 20 Yanvar faciəsinin baş vermə səbəbləri, keçmiş Sovet ordusunun Azərbaycan xalqına qarşı işlətdiyi cinayət barədə də məruzələr, çıxışlar dinləniləcək.

İcveçdə fəaliyyət göstərən Azərbaycan diasporu da 20 Yanvar faciəsinin 23-cü ildönümünü qeyd edəcək. Belə ki, 16-18 yanvar tarixlərində İsveç Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvləri İsveç Krallığının parlament və hökümət nümayəndələri ilə görüşməyi planlaşdırır. Görüş zamanı iştirakçılara 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet qoşunlarının dinc əhaliyə qarşı törətdiyi vəhşilikləri əks etdirən materialların təqdim olunması da nəzərdə tutulub. Bundan başqa, Stokholmda 20 yanvar faciəsinin qurbanlarına həsr olunmuş anım mərasimi də keçiriləcək. Bu tədbirə Azərbaycan Respublikasının İsveç Karllığındakı səfiri cənab Rafael İbrahimov, səfirliyin əməkdaşları, həmçinin İsveçdəki Azərbaycan və Türk diaspor təşkilatlarının nümayəndələrinin  də iştirak  edəcəyi gözlənilir.

Azərbaycanın Qırğızıstandakı səfirliyi, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu  və Qırğızıstandakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzi İctimai Birliyi yanvarın 18-də 20 Yanvar faciəsinin ildönümü ilə bağlı birgə tədbir keçirəcəklər.

Tədbirdə iştirakçılara 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşun kontingentinin Bakıya hücum etmişi, şəhərin dinc əhalisinə vəhşicəsinə divan tutması barədə məlumat veriləcək, bu təcavüz nəticəsində, aralarında 6 qadın və 9 uşaq olmaqla, 170 nəfərin həlak olması, daha 370 nəfərin yaralanması, 321 nəfərin itkin düşməsi bir daha xatırlanacaqdır.

Tədbirin sonunda iştirakçılara akademik Ramiz Mehdiyevin Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu tərəfindən Bişkekdə qırğız və rus dillərində nəşr olunmuş "Azərbaycanlılara qarşı soyqırım gerçəkliyi" kitabı paylanacaqdır. 

20 Yanvar faciəsinin 23-cü ildönümü Baltikyanı ölkələrdə də qeyd olunacaq. Belə ki, faciənin 23-cü ildönümü ilə bağlı Litva Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı ilə Vilnüsdə bir sıra anım mərasimləri və təbliğat tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur. Həmin tədbirlər çərçivəsində 18 yanvar 2013-cü ildə Litva Respublikasının Seymində 1990-cı il 20 Yanvar Bakı və 1991-ci il 13 Yanvar Vilnüs hadisələri şəhidlərinin xatirəsinə həsr olunmuş birgə anım mərasimi keçiriləcək. Tədbir Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfirliyi ilə birlikdə Litva Azərbaycanlıları Cəmiyyəti, Litvanın 1991-ci il 13 Yanvar azadlıq müdafiəçiləri icması, Litva-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə işçi qrupu və Litva-Azərbaycan Assosiasiyası tərəfindən təşkil ediləcək. Tədbirlə əlaqədar olaraq Litva Respublikasının parlamentində 1990-cı il 20 yanvar hadisələri mövzusunda müxtəlif nəşrlər, tarixi materiallar, fotogörüntülər və Litva Sayudisinin arxivindən götürülmüş bir sıra siyasi sənədlərdən ibarət sərgi təşkil olunacaq, qısa sənədli filmlər nümayiş etdiriləcək, tanınmış Litva politoloqları və tarixçiləri məruzələrlə çıxış edəcəklər. Anım mərasimində Litva Respublikası Seyminin rəhbərliyi, ölkənin millət vəkilləri, Litva Respublikası nazirliklərinin və digər hökumət idarələrinin nümayəndələri, tanınmış tarixçilər, politoloqlar, ictimai və mədəniyyət xadimlər, dini konfesiyaların təmsilçiləri, qeyri-hökumət təşkilatları və milli icmaların liderləri, jurnalistlər və digər şəxslərin iştirakı nəzərdə tutulur.  Qeyd edək ki, tədbir Litva Respublikası Seyminin televiziyası ilə canlı yayımlanacaq. Litva Respublikası Seyminin 17 yanvar tarixində keçiriləcək plenar iclasında isə cəmiyyətin təşəbbüsü və təklifi ilə 20 Yanvar şəhidlərinin xatirəsi 141 nəfər millət vəkili tərəfindən bir dəqiqəlik sükutla yad olunacaq. Həmçinin Litva azərbaycanlıları cəmiyyətinin xəttilə yerli kütləvi informasiya vasitələrində 20 Yanvar faciəsi ilə əlaqədar olaraq analitik yönümlü məqalə və müsahibələr dərc olunacaq. 20 Yanvar faciəsinin 23-cü ildönümü Danimarkada da qeyd ediləcək. Bu ölkədə fəaliyyət göstərən "Vətən" Cəmiyyətinin təşkilatçılığı ilə baş tutacaq anım tədbirinə danimarkalı parlamentarilər, siyasi partiyaların rəhbərləri, eləcə də Danimarkada fəaliyyət göstərən xarici ölkə səfirlikıəri dəvət edilib. Anım tədbirində 20 Yanvar faciəsinin baş vermə səbəbləri, eləcə də keçmiş Sovet ordusunun Bakıda töətdiyi vəhşiliklər barədə danışılacaq.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31