Birləşmiş Ştatlardakı Azərbaycan diasporu
9 Yanvar 2013 17:15 DiasporaBu gün soydaşlarımızın məskunlaşdığı və Azərbaycan diasporunu layiqincə təbliğ etdiyi ölkələr sırasında Birləşmiş Ştatların da öz yeri var. Okeanın o tayındakı azərbaycanlılar əsasən Birləşmiş Ştatların Nyu-York, Vermont, Arizona, Florida, Ohayo, Konnektikut, Nevada, Texas, İllinoys kimi ştatlarında yaşayırlar. Hazırda Birləşmiş Ştatlarda azərbaycanlıların 30-a yaxın ictimai birliyi, bir jurnalı və bir televiziya kanalı fəaliyyət göstərir. Birləşmiş Ştatlar Dövlət Departamentinin verdiyi məlumata görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra 5 553 azərbaycanlı Amerika vətəndaşlığına keçmişdir. Tarixi mənbələrə nəzər yetirsək görərik ki, Birləşmiş Şitatlara gələn ilk azərbaycanlı Mirzə Əli Əkbər olmuşdur. O, 1912-ci ilin 7 iyun tarixində Böyük Britaniyanın Liverpul dəniz limanından Mauretania gəmisi ilə Ellis adasına gəlmişdir. Azərbaycanlıların Birləşmiş Ştatlara mühacirətinin növbəti dalğası Azərbaycan Demokratik Respublikasının tənəzzülündən sonra baş vermişdir. Həmin illərdə Demokratik Respublikanın süquta uğraması və cümhuriyyət dövrünün fəallarının təqiblərə məruz qalması 20-yə yaxın azərbaycanlının Birləşmiş Ştatlara getməsinə səbəb oldu.. Daha sonra İkinci Dünya müharibəsi illərində Almaniyada xidmət edən və ya faşistlərə əsir düşən azərbaycanlıların bir qismi Birləşmiş Ştatlara mühacirət etmişlər. Onların təxmini sayı 250-300 nəfər olmuşdur. Həmin dövrlərdə azərbaycanlılar ən çox Nyu-York ştatında yaşamışlar. Bu daha çox həmin ştatda türk mühacirlərin olması ilə əlaqədər idi. 1980-ci illərə qədər Azərbaycan SSR-dən Birləşmiş Ştatlara gedənlərin sayı çox az olmuşdur. Bunun əsas səbəbi SSRİ-dən Ameikaya adi vətəndaşların getməsinin mümkün olmaması idi.
1979-cu il İran İslam İnqilabı da azərbaycanlıların Birləşmiş Ştatlara mühacirət etməsinə gətirib çıxardı. Məhz 1979-cu ilin İslam İnqilabı zamanı 150 000 azərbaycanlı İrandan Birləşmiş Ştatlara mühacirət etmişlər. Onlar əsasən İranda hakimiyyətə gələn rejimin rəhbərliyi altında yaşamaq istəməyənlər olmuşlar.
Bİrləşmiş Ştatlar dövlət departamentinin verdiyi məlumata görə, 2001-2010-cu illərdə 9 391 nəfər azərbaycanlı Amerika vətandaşı kimi qeydiyyata götürülmüşdür. Bunlardan 2 565 nəfəri artıq Green card sahibidir. 1990-cı ildən etibarən, Azərbaycandan Green card qalibi olanların sayı 5 490 nəfər olmuşdur. Birləşmiş Ştatlar Dövlət Departamenti, orta hesabla Azərbaycana hər il 400 nəfər kvota yeri ayrıldığını açıqlamışdır. Bu da qonşu Gürcüstan və Ermənistana ayrılan kvotadan dəfələrlə azdır. Təkcə 2011-ci ildə Azərbaycandan Green card qalibləri sayı 355 nəfər olmuşdur. Onu da qeyd etmək yerinə düşər ki, Birləşmiş Ştatlar azərbaycanlılarının sayları, Qafqazın digər xalqlarına nisbətən azdır. Hazırda Birləşmiş Ştatlarda 500 000 erməninin və 250 000 gürcü əsilli insanların yaşadığı qeyd olunur. Ümumiyyətlə bu gün Birləşmiş Ştatlarda azərbaycanlıların 30-a yaxın təşkilatı fəaliyyət göstərir. Bu təşkilatlardan birincisi 1957-ci ildə yaradılan Amerika Azərbaycanlıları Cəmiyyətidir. Cəmiyyətin hazırkı sədri Tomris Azəridir. Birləşmiş Ştatlardakı digər təşkilatlar isə Amerikalı Azərbaycanlıların Şurası, Birləşmiş Ştatlar Azərbaycanlıları Şəbəkəsi, Birləşmiş Ştatlar-Azərbaycan Ticarət Palatası, Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Ocağı, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası, Azərbaycan Nyu-York Assosiasiyası və Hyuston Azərbaycanlıları Assosiasiyasıdır. Birləşmiş Ştatlarda yaşayan soydaşlarımız fəal təbliğat prosesinin tərkib hissəsi kimi kütləvi informasiya vasitələri, televiziya kanalları təsis edərək Azərbaycanın haqq səsini Amerika cəmiyyətinə çatdırırlar. Birləşmiş Ştatların İllinoys ştatının Çikaqo şəhərində azərbaycanlıların "Günaz TV" adlı televiziya kanalı yayımlanır. Kanal 2005-ci ilin aprel ayından canlı yayıma başlamışdır. "Günaz TV"-nin əsas təsisçiləri Əhməd Obalı və Huseyn Bəydir. Gün ərzində 24 saatlıq proqramları "Hotbird" peyki vasitəsi ilə yayımlanır. Kanalın əsas məqsədi İranda azərbaycanlıların hüquqlarının tapdalanmasına son qoyulması, İran azərbaycanlılarının haqlarının tanınması istiqamətində fəaliyyət göstərməkdir. Televiziya kanalının gün ərzində 8 saatlıq canlı efir müddəti var.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir