A.A.Bakıxanov adına Tarix İnstitutunun «Azərbaycan Diasporu» şöbəsinin fəaliyyəti haqqında...
Azərbaycan diasporunun formalaşması 6 əsas mərhələdən keçib
5 Dekabr 2014 14:56 DiasporaHazırda AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycan Diasporu" şöbəsi fəaliyyət göstərir. XX əsrin sonu XXI əsrin əvvəllərində planet miqyasında gedən qloballaşma prosesləri dünya ölkələri qarşısında bir sıra fundamental problemlər qoyub. Bu problemlərin içərisində əhali, onun miqrasiyası, milli diasporların etnik və geosiyasi vəziyyəti əsas yer tutur. Tarix İnstitutunun "Azərbaycan Diasporu" şöbəsi bu prosesləri öyrənir. İnstitutun məlumatına görə, Azərbaycan diasporu uzun sürən tarixi hadisələrin nəticəsində yaranıb. Asiya və Avropa arasında Azərbaycanın əlverişli coğrafi əraziyə malik olması hələ qədim dövrlərdən bəri bir çox dövlətlərin diqqətini cəlb edib. Nəticədə öz tarixi vətənlərinin sərhədləri daxilində azərbaycanlılar mühüm hərbi-siyasi amillərlə qarşılaşmışlar. Üç min illik ərzində azərbaycanlılar Manna çarlığından (b.e.ə IX əsr) Azərbaycan Respublikasına qədər öz dövlətçiliklərini qurublar. Bununla yanaşı, dünya imperiyalarının (əhəmənilər, parfiyalılar, Makedoniyalı İsgəndər, sasanilər, ərəblər, səlcuqlar, monqollar, osmanlılar və Rusiya imperiyasının tərkibində olublar. Daxili çəkişmələr nəticəsində yerli əhali sülh və sakitlik axtarışı uğrunda öz evlərini və torpaqlarını tərk etməyə məcbur olub, nəticədə Azərbaycan icmaları, sonra isə Azərbaycan diasporu yaranıb.Qeyd etmək lazımdır ki, Azərbaycan diasporunun formalaşması 6 əsas mərşələdən keçib.
Orta əsirlərdə azərbaycanlıların hərbi siyasi hadisələrlə bağlı miqrasiyası.
Şimali Azərbaycanın Rusiya tərkibinə daxil olması (1804-1917-ci illər).
ADR-in süqutu və Azərbaycanda sovet hakimiyyəti qurulması dövrü (1918-1920-ci illər).
İkinci dünya müharibəsindən sonra (1939-1945) əsir düşmüş hərbi qulluqçuların təqiblərdən çəkinərək digər ölkələrə mühacirət etməsi.
Şah rejimi dövründə və Xomeyninin hakimiyyətə gəlişindən sonra Cənubi azərbaycanlıların etnik təqiblər nəticəsində İrandan başqa dövlətlərə qaçması. Ermənilərin təcavüzü və SSRİ-nin süqutu nəticəsində azərbaycanlıların xarici ölkələrə getməsi (1988-1994).
Bu baxımdan ulu öndərimizin Azərbaycan diasporu haqqındakı fikirləri, diasporun bu və ya digər ölkələrdə yaranma səbəbləri və milli diasporumuzun təşkilatlanmasının təkmilləşdirilməsi kimi aktual məsələlər məhz Heydər Əliyevin rəhbərliyi sayəsində həyata keçirilməyə başladı.
Ulu öndərimizin ardıcıl olaraq xarici ölkələrdə apardığı məqsədyönlü siyasət nəticəsində bu gün dünyanın 100-ə yaxın ölkəsində 300-dən çox Azərbaycan icma birlikləri və diasporu yaranıb. 2008-ci ildən etibarən artıq bir neçə xarici ölkədə və şəhərlərdə də yeni milli qurumlar və diaspor təşkilatları fəaliyyətə başlayıblar. Hazırda dünyanın 237 ərazi və ölkələrinin təxminən 100-dən çoxunda Azərbaycan ailələri yaşayıb-yaradır. Lakin onların əksəriyyətində funksional baxımdan nə diaspor, nə də qurum fəaliyyət göstərir. Bunları nəzərə alıb, qeyd etmək istərdik ki, hələ 1970-ci illərdən Heydər Əliyevin xarici ölkələrə müdrik diplomatik səfərləri və görüşləri sayəsində orada yaşayan azərbaycanlılarla əlaqələr yaranmağa başladı. Onun Almaniya, İsveçrə, Hollandiya, İsveç, Böyük Britaniya, Fransa, Türkiyə, ABŞ, Kanada və s. ölkələrdə hökumət və dövlət başçıları və işgüzar dairələri ilə görüşlərindən sonra ikili vətəndaşlıq kimi problemlər də gündəmə gəlib və gələcəkdə bu təxirəsalınmaz məsələlərlə bağlı işlərin görülməsi üçün münbit şərait yaranıb. Diasporların təşkilatlanıb inkişaf etməsinə güclu təkan verən məhz bu tarixi görüşlər oldu. Bu gün də aktual olan bu məsələlərin həyata keçməsi üçün ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü sayəsində 2002-ci ilin əvvəllərində AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun tərkibində "Azərbaycan Diasporu" şöbəsi yaradıldı. Şöbənin rəhbərliyi tarix elmləri namizədi Məryəm Seyidbəyliyə həvalə olunub. "Azərbaycan Diasporu" şöbəsinin qarşısında duran təxirəsalınmaz və ümdə məsələ ardıcıl olaraq soydaşlarımızın dünya ölkələri üzrə məskunlaşması səbəbləri, diasporumuzun əsas yaranma prinsipləri və təşkilatlanması ilə bağlı iş yerləri, onların əmək vərdişləri, təhsili və maariflənməsi, ticarət-kommersiya strukturlarında fəaliyyəti ilə bağlı həlli vacib olan problemlərin dərindən tədqiq edilib öyrənilməsidir. "Azərbaycan Diasporu" şöbəsi 2002-ci ildən bu günə kimi soydaşlarımızın yaşadıqları ölkələrdə yaratdıqları dərnək və diaspor təşkilatları haqqında məlumatların toplanıb öyrənilməsini ölkə və bölgələr üzrə aparılıb: Rusiya Federasiyası, ABŞ və Kanada, Mərkəzi Asiya (Orta Asiya) və Qazaxıstan respublikaları, Ukrayna, Fransa, Gürcüstan, Türkiyə və s. Şöbədə xarici ölkələrdə milli mədəniyyətimizin təbliği naminə, "Azərbaycan Respublikasının müstəqilliyinin bərpası və Azərbaycan diasporu", "Yaxın Şərq ölkələrində Azərbaycan diasporu", "Azərbaycanın xaricdə yaşayan görkəmli şəxsiyyətləri" və s. kimi mövzular tədqiq olunub. Həmin mövzularda soydaşlarımızın arasında milli ideyanın təbliği başlıca qayə kimi səslənir. Şöbənin yaradıcı heyəti 6 nəfərdən ibarətdir: tərkibdə 4 elmlər namizədi, 2 dissertant var. 2011-2013-cü illərin fəaliyyət planında şöbənin qarşısında duran əsas aktual mövzular və problemlər bunlar olub.
1. Qafqaz subregionunda Azərbaycan diasporunun yaranma səbəbləri;
2. Rusiya Federasiyası;
3. Qərbi Avropa ölkələrində Azərbaycan diasporu;
4. Mərkəzi Asiya (Orta Asiya).
5.MDB və Baltikyanı ölkələrdə Azərbaycan diasporunun təşəkkülü.
6. ABŞ və Kanadada Azərbaycan diasporunun yaranması və fəaliyyəti.
"Azərbaycan Diasporu" şöbəsinə rəhbərik edən tarix elmləri üzrə fəlsəfə doktoru Məryəm Həsən qızı Seyidbəyli 1955-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1962-ci ildə Bakı şəhəri 134 saylı orta məktəbin 1-ci sinfinə getmiş, 1972-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası şöbəsinə daxil olub, 1977-ci ildə həmin fakültəni müvəffəqiyyətlə bitirib. 1982-ci ildə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun "Azərbaycanın qədim tarixi" şöbəsində kiçik elmi işçi kimi fəaliyyətə başlayıb. 1996-cı ildə namizədlik dissertasiyası müdafiə edib, 2010-cu ildə isə doktorluq dissertasiyasını müdafiə şurasına təqdim edib. M.Seyidbəylinin indiyədək 40-a yaxın elmi məqaləsi və 3 fundamental monoqrafiyası işıq üzü görüb. Məryəm Seyidbəyli 2002-ci ildən A.A. Bakıxanov adına Tarix İnstitutunun nəzdində fəaliyyət göstərən "Azərbaycan diasporu" şöbəsinin müdiri vəzifəsini icra edir.
Şöbənin aparıcı elmi işçisi, coğrafiya elmləri namizədi Məmməd Oruc oğlu Sadıqov 1944-cü ildə Gürcüstan Respublikasının Marneuli şəhərində rəncbər ailəsində anadan olmuşdur. O, 1953-cü ildə Marneuli şəhər Azərbaycan orta məktəbinin 1-ci sinfinə getmiş, 1963-cü ildə isə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsinə daxil olmuş, 1970-ci ildə oranı əla qiymətlərlə bitirmişdir. 1970-ci ilin mart ayından AEA-nın Coğrafiya İnstitutunda əmək fəaliyyətinə başlayıb. 1974-1978-ci illərdə Coğrafiya İnstitutunun qiyabi aspirantı olmuş, 1983-cü ildə isə Jdanov adına Leninqrad Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə etmişdir. 1985-ci ildə Coğrafiya İnstitutunun "Əhali coğrafiyası" şöbəsində baş elmi işçi kimi fəaliyət göstərib, 1989-cu ildən AEA-nın Milli Münasibətlər İnstitutunda "Xaricdə yaşayan azərbaycanlıların sosial-iqtisadi problemləri" şöbəsinin rəhbəri vəzifəsində çalışmışdır. Sonralar həmin İnstitut Beynəlxalq münasibətlər adını daşımışdır. 1993-cü ildən həmin İnstitutun "Azərbaycan diasporu" şöbəsinə rəhbərlik etmişdir. 1996-cı ildən 2001-ci ilədək həmin şöbədə baş elmi işçi vəzifəsində çalışmışdır. 2002-ci ildən AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycan diasporu" şöbəsində baş elmi işçi, 2005-ci ildən həmin şöbədə aparıcı elmi işçi vəzifəsində elmi fəaliyyətini davam etdirir. O, elmi fəaliyyətinin 20 ilini Azərbaycanın Əhali və Demoqrafiya problemlərinin tədqiqinə, 20 ilini isə əhali ilə yanaşı coğrafiya, etnoqrafiya, ekologiya və diaspor problemlərinə həsr edib. Onun əhali və demoqrafiyaya dair 50-dən çox məqalə, monoqrafiya və tezisləri çap olunm uşdur. Ekologiya və diaspor problemlərinə dair 30-a yaxın məqalə, tezis və monoqrafiyaları çap olunmuşdur. Məmməd Sadıqovun elmi məqalələri ilə yanaşı, çoxsaylı siyasi- iqtisadi, publisistik məqalələri də işıq üzü görmüşdür. O, 100-ə yaxın məqalə və tezislərin, 5 fundamental tarixi-coğrafi və etnoqrafik oçerk tipli monoqrafiyanın, ali məktəblər üçün 4 metodik vəsait, 2 elmi kitabın müəllifidir.
"Azərbaycan Diasporu" şöbəsinin elmi işçisi Cumayeva Xatirə Cahangir qızı 1971-ci ildə Azərbaycan Respublikasının Qax rayonunda müəllim ailəsində anadan olmuşdur. O, 1978-ci ildə Qax rayonu 4 saylı orta məktəbə qəbul olunmuş, 1989-cu ildə həmin məktəbi bitirmişdir. 1991-ci ildə Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq və biblioqrafiya fakültəsinə daxil olmuş, 1997-ci ildə həmin universiteti bitirmişdir. 2000- ci ildə AMEA-nın Beynəlxalq münasibətlər institutunda baş laborant kimi əmək fəaliyyətinə başlamışdır. 2002-ci ildən AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycan diasporu" şöbəsində kiçik elmi işçi vəzifəsində fəaliyyətini davam etdirmişdir. Şöbədə fəaliyyəti illərində müxtəlif mövzularda elmi və publisistik məqalələri dərc olunmuşdur. Müxtəlif konfrans və seminarlarda çıxış etmişdir. O, "Ukraynada Azərbaycan diasporu" mövzusu üzrə dissertasiya işi üzərində çalışır. Hazırda AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycan Diasporu" şöbəsində elmi işçi vəzifəsini icra edir. "Azərbaycan Diasporu" şöbəsinin elmi işçisi Əsgərova Zəminə Məhəmməd qızı 1963-cü ildə Azərbaycan Respublikasının Gədəbəy rayonunda anadan olmuşdur. Zəminə Əsgərova Gədəbəy rayonu Ağamalı kənd orta məktəbini 1981-ci ildə bitirmiş, həmin il Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq və biblioqrafiya fakültəsinə daxil olmuş, 1986-cı ildə təhsilini başa vurmuşdr. O, təhsil illərində Universitetin Tələbə Elmi Cəmiyyətinin üzvü olmuş, elmi məqalələrlə çıxış etmişdir. 1986-cı ildə təyinatla Gədəbəy rayonuna getmiş, 1999-cu ilədək Gədəbəy rayon Mədəniyyət şöbəsində Metodiki şöbənin müdiri vəzifəsində çalışmışdır. 1999-cu ildə AMEA-nın Beynəlxalq münasibətlər institutunun "Azərbaycan Diasporu" şöbəsində elmi işçi kimi fəaliyyətə başlamışdır. 2002-ci ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycan Diasporu" şöbəsində çalışır. O, fəaliyyət göstərdiyi illərdə müxtəlif elmi və publisistik məqalələr dərc etdirmiş, müxtəlif konfrans və şeminarlarda çıxış etmişdir. Hazırda AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycan Diasporu" şöbəsində elmi işçi vəzifəsini icra edən Z. Əsgərova "Türkiyədə Azərbaycan diasporunun yaranması və formalaşması prosesi" mövzusu üzrə dissertasiya işi üzərində çalışır.
2011-ci ilin may ayından "Azərbaysan diasporu" şöbəsində elmi işci kimi çalışan Qasımova Amaliya Nəbi qızı 1954-cü il avqustun 2-də Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olub.1961-1971-ci illərdə Gəncə şəhər 20 saylı dəmiryol orta məktəbində, 1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. 1977-1980-ci illərdə "Kirovabad kommunisti" qəzetində korrektor,1980-1992-ci illərdə müxbir, 1992-ci il fevral-iyun aylarında "Səhər" qəzetinin bölgə müxbiri, 1992-1995-ci illərdə "Yeni Samux" qəzetinin yaradıcısı və ilk redaktoru, 1995-ci ilin aprel-noyabr aylarında Azərbaycan EA Gəncə Regional Elmi Mərkəzində kiçik elmi işçi, 1995-1999-cu illərdə Azərbaycan Ensiklopediyası Nəşriyyat-Poliqrafiya Birliyində "Gəncə Ensiklopediyası" işçi qrupunun rəhbəri vəzifələrində çalışıb. 2000-2006-cı illərdə Azərbaycan Beynəlxalq Universiteti jurnalistika fakültəsinin mətbuat tarixi kafedrasında baş müəllim, 2006-2008-ci illərdə Qərb Universitetinin Siyasi elmlər fakültəsinin jurnalistika kafedrasında, 2007-2008-ci illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində müəllim işləyib və "Azərbaycan diasporunun kütləvi informasiya vasitələri" kursu üzrə mühazirələr oxuyub.
A. Qasımova bir monoqrafiyanın, 4 kitabın, 24 elmi, 100-dək publisistik məqalənin müəllifidir. Hazırda ABŞ və Kanadada Azərbaycan diasporunun təşəkkülü və fəaliyyəti ilə bağlı tədqiqat işi üzərində çalışır.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir