ABŞ prezidentliyinə namizəd "Məscidləri bağlayacağam"

2016-cı ilin ABŞ prezidentliyinə ən güclü namizədlərindən biri hesab edilən Donald Trump prezident olduqdan sonra ABŞ-dakı bəzi məscidləri bağlatdıracağını bəyan edib. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, onun "Fox Bisiness News"a verdiyi müsahibə bütün müsəlman aləmini qəzəbləndirib. Respublikaçı Partiyadan olan Trump hazırda tərəfdaşları arasında liderliyə ən yaxın olan şəxs hesab olunur. Belə ki, bundan əvvəl də Trump çıxış edərək meksikalılara və miqrantlara nifrət etdiyini ifadə etmiş və buna görə də qınaq obyektinə çevrilmişdi. Bu dəfə isə Trump verilişə telefonla bağlanıb və mübahisə doğuracaq bir çox ifadə işlədib. Verilişin aparıcısı Trumpa sual verərək İngiltərədə İŞİD-də döyüşməyə gedənlərin pasportlarının ləğv edilməsi və bəzi məscidlərin bağlaması qərarına necə münasibət bəslədiyini soruşub. O, Trumpa prezident olacağı təqdirdə bu cür addımlar atıb-atmayacağını soruşub. Trump isə belə cavab verib: "Bunu heç şübhəsiz ki, mən də edərdim. Bunun çox yaxşı bir addım olduğunu düşünürəm." Daha sonra jurnalist Trumpa ABŞ konstitusiyasının düşüncə və din sərbəstliyindən bəhs edən 1-ci maddəsini xatırladıb. Trump isə: "Daha onu bilmirəm. Mən hələ ki, ABŞ-da heç bir məscidin bağlandığını eşitməmişəm. Lakin bu qərar məsciddən-məscidə dəyişə bilər".

Müsəlmanlar ciddi reaksiya verdi

ABŞ-ın müsəlman vətəndaşlarının hüquqlarını qoruyan ən böyük təşkilatı Amerika İslam Əlaqələri Şurası (AİƏŞ) sözcüsü İbrahim Huper Donald Trumpun dilə gətirdiyi sözlərlə bağlı açıqlama verib: "Adı prezidentliyə namizədlər arasında ilk sırada olan bir Respublikaçı namizədin konstitusiyanın 1-ci maddəsini pozacağını dilə gətirməsi çox çirkin bir davranışdır". AİƏŞ-nin Dövlət İşləri Dairəsi müdiri Robert Makkov da məsələyə münasibət bildirib. Onun sözlərinə görə, Trumpun ABŞ məscidlərini bağlayacağı ilə bağlı fikir ortaya atması həm ABŞ konstitusiyasına, həm də xalqın din azadlığı prinsiplərinə tamamilə zidd addımdır. Nyu York Ərəb-Amerika Birliyinin idarəçisi Linda Sarsor isə Trumpun bu hərəkətini çox təhlükəli bir addım kimi dəyərləndirib.

Qeyd edək ki, Respublikaçı Partiyasının daha bir üzvü Ben Carson da çıxış edərək: "Bir müsəlmanın ABŞ prezidenti olmamalıdır" - demişdi. Bu çıxış ölkədəki bəzi seqmentlər tərəfindən qınaq obyektini çevrilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31