Türkiyə yeni bir dönəmə qədəm qoyur

Türkiyədə keçirilən parlament seçkiləri arxada qalsa da, özü ilə elə bir nəticələr gətirdi ki, bu qardaş ölkənin sabahına ciddi şəkildə təsir edə biləcək gücdədir. Hakim Ədalət və İnkişaf Partiyası ümumi nəticələrə görə digər rəqiblərini yenə də böyük səs çoxluğu ilə üstələsə də, son 13 ildə ilk dəfə olaraq seçkilərdə təkbaşına iqtidar ola bilmək üçün kifayət edəcək qədər səs toplaya bilmədi. Nəticədə Türkiyədə mümkün ola biləcək koalisiya ssenariləri işə düşməkdədir.

Bəs görəsən bundan sonra Türkiyədə siyasi proseslər necə cərəyan edəcək və kolision hökumət hansı partiyalar arasında qurulacaq. Ümumiyyətlə, 7 iyun seçkilərinin nəticələri gözlənilən idimi?
Siyasi ekspert Vüqar Zifəroğlu deyir ki, 2011-ci il son parlament seçkilərindən sonra Türkiyədə baş verən proseslər AKP-nin xeyrinə deyildi: "Gəzi Parkı olaylarından tutmuş, cümhuriyyət ilkələrinə qarşı yönəlmiş icraatlara (məsələn, türk andının qaldırılması, məşhur bayraq olayları və s.), bu partiyanın siyasi-ideoloji ittifaqını təşkil edən "nur camaatı" ilə "milli düşüncə" tərəfdarlarının qarşıdurmaları, bütün bu faktorlar özünü gec-tez göstərməli idi. Bələdiyyə və ardınca da prezident seçkilərində AKP-nin istədiyi nəticələrə imza atması, partuiyanın siyasi kuluarlarında əslində "təhlükə sovuşdu" fikrini artıq hakim etmişdi. Ancaq son seçkilər belə bir nəticəyə gəlmək üçün hələ çox erkən olduğunu ortaya qoydu.  AKP 40 faizdən bir qədər artıq səs yığmaqla əslində rəqib müxalifət partiyalarından çox öndə olduğunu bir daha sübut etdi. Lakin düşündürücü məqamdır ki, bu səs onun təkbaşına iqtidar olması üçün yetərli deyil. Maraqlı bir bənzətmə aparmaq olar: AKP türk seçmənindən sarı kart aldı və bu hələ qırmızı kart deyil". Ekspert deyir ki, AKP-nin, 10 faizədək səs itirməsi partiyanın, eləcə də Ərdoğanın açıq şəkildə seçki kampaniyasının əsas hədəfi kimi prezident üsul-idarəsi yaratmaq ideyasını göstərməsinin nəticəsidir: "AKP buna qədər "xalqa xidmət", "iqtisadi inkişaf" konsepsiyası üzərində təbliğat aparırdı, son seçkilərdə isə bu xətdən imtina etdi. Bu dəyişikliyə etiraz o qədər açıq oldu ki, HDP 10 faiz səs hədəflədiyi halda 13 faizlə parlamentə daxil oldu. Seçici AKP-ni, hər zaman əlində siyasi təbliğat bayrağı olaraq tutduğu "kürd açılımı" ilə cəzalandırdı. AKP-nin səs yığmamasının başqa bir səbəbi liderlik problemi oldu. AKP-ni bütün qarşıdurmalara rəğmən ən azı son iki  bələdiyyə və prezident seçkilərində qələbə doğru aparan xarizmatik lider Ərdoğan idi. Məhz Ərdoğan təkbaşına qabağa çıxaraq öz partiyasına səs və etimadı təmin edə bilmişdi. AKP faktiki olaraq həmin seçkilərə Ərdoğanın adı ilə qatılırdı. Bu dəfə isə bir qədər fərqli oldu. Seçki kampaniyası, Davudoğlunun liderliyi ilə aparılırdı, necə ki, əslində aparılmalıdır da. Baş nazir və partiya lideri funksiyasını yerinə yetirməli olan Davudoğlu isə seçki marafonu zamanı yanlış taktika seçərək Ərdoğanın kölgəsindən çıxa bilmirdi. Və ya çıxmaq istəmirdi. Lakin bu yamsılama cəmiyyətdə birmənalı qarşılanmadı. Bəzən ikrahla belə qarşılanan bu taktiki gedişin yanlış olduğunu anlayan AKP, prezident olmasına rəğmən təkrar Ərdoğanı qabağa verdi. Və bunun özü də cəmiyyətdə bir o qədər müsbət qarşılanmadı. Əslində bütün bu olanlar bir həqiqəti ortaya qoymuş oldu. Türkiyənin son illərdə yaşadığı iqtisadi inkişafdakı yavaşlamanın fonunda AKP bu gün Ərdoğanla, onun xarizması və liderlik keyfiyyətləri ilə güclüdür və o, olmasa bu partiyanın seçkidən təkbaşına qalib çıxmaq şansı çox aşağıdır". Vüqar Zifəroğlunun sözlərinə görə, başqa, digər bir səbəb isə AKP-nin parlament seçkisinin iki parlaq ulduzuna - MHP və HDP-yə səs uduzmasıdır: "Məhz bu iki partiya iqtidar partiyasından səslər almağa müvəffəq oldular. HDP-nin barajı keçməsi, iqtidar partiyasını lazım olan sayda millət vəkili qazanmaq imkanından məhrum etdi. CHP isə birmənalı şəkildə bu seçkidə də fiaskoya uğradı. Kılıçdaroğlunun 35 faiz hədəfi, 25 faizlik reallıqla qarsilaşdı. İşin ən əsas məsələsi, CHP sol seçicini saxlamaqda acizdir. Sol seçici HDP-yə yönəlməkdədir. İstənilən halda hazırkı nəticələr onu göstərir ki, bu seçkilərin gerçək qalibi məhz MHP və HDP-dir. Məhz MHP 13 ildən sonra ilk dəfə olaraq öz gerçək səslərinə sahiblənərək 17 faizlik nəticəyə imza atdı". Ekspert deyir ki, yeni hökumət kabineti bir neçə variantda reallaşa bilər: "AKP-MHP Koalisiyası: Hazırda üzərində durulmasa belə, reallaşması mümkün olan bir ssenaridir. 276 millət vəkilini təmin edə bilməyən AKP özü üçün bir koalisiya ortağı tapmağa məcburdur. Bu zaman onların MHP-yə üz tutacaqları da ən çox inandırıcı variant hesab oluna bilər. Sağçı olmaları və eləcə də MHP-nin Türk-İslam ideologiyasında din faktoruna önəm verməsi və həmçinin cəmaata hər iki tərəfin neqativ münasibəti bu yaxınlaşmanı mümkün edən münbit amillərdir. Bu zaman baş nazir Davudoğlunun MHP lideri Bahçeli ilə əldə edəcəyi razılaşma son dərəcə əhəmiyyətlidir. Dövlət Bahçeli bunun mümkün olmayacağını açıq şəkildə elan edib. Lakin yaxın 45 gündə MHP-nin mövqeyində dəyişiklik ediləcəyini də ehtimal etmək olar. Hər halda koalisiya variantları arasında bu iki partiyanın ortaqlığı ən optimalıdır. Ölkənin bütünlüyünün təmin edilməsi və unitar xarakterinin saxlanılması qarşılığında (Türkiyə Konstitusiyasının ilk 3 maddəsinin qorunması) AKP ilə ortaqlığa isti yanaşacaq Bahçelinin, başqanlıq məsələsində isə yol gətirilməsi o qədər də asan olmaya bilər. Bu səbəbdən də AKP-MHP koalisiyasının qurulacağı təqdirdə yarı-başqanlıq sisteminin davam edəcəyi və hətta parlamentar sistemin gecləndirilməsinin şahidi ola bilərik. AKP-CHP Koalisiyası: Olduqca çətin görünməsinə rəğmən, belə bir ssenarinin də işə düşməsi nəzəri cəhətdən mümkündür. Hətta bunun alınması üçün Fətullahçı camaatın belə müəyyən mənada dövriyyəyə girməsini istisna etmək olmaz. Belə bir koalisiyanın qurulacağı təqdirdə ictimai təmsilçiliyin 70 faizini əhatə edəcək ki, bu da ciddi rəqəmdir. Nəticədə siyasi qütbləşmələr zəyifləyəcək. Bu həm də Kılıçdaroğluna parlament seçkilərində uğradığı məğlubiyyəti neytrallaşdırmaq imkanları da tanıya bilər. AKP-HDP Koalisiyası:  Bu cür ortaqlıq ilk növbədə AKP-nin güney-doğu bölgəsi ilə bağlı müəyyən güzəştlərə gedə bilməsi ehtimalını ortaya atacaq ki (məsələn, federativ dövlət), bu ciddi narazılıqlara yol aça bilər. Təbii ki, belə bir ortaqlıq həm MHP, həm də hətta CHP-də ciddi milliyyətçi yanaşmaları sürətlə gücləndirəcək ki, bu müəyyən qarşıdurmalara yol aça bilər. Ümumiyyətlə, Türkiyə yeni bir dönəmə qədəm qoyur. Və bu dönəm son dərəcə həssaslığı ilə yadda qalacaq. Əsas olan Türkiyəmizin birliyi və bütünlüyüdür. Bu seçkilərdən sonra ölkədə yeni mərhələ başlayır və qarşıdan gələn 45 gün son dərəcə önəmlidir. 7 iyun seçkiləri sözün həqiqi mənasında yeni bir Türkiyəyə açılan pəncərə oldu".


Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31