Gürcüstan müxalifəti: “Seçki deyil, xüsusi əməliyyatdır – iştirak edənlər xəyanət edir” – ÖZƏL
13:03 Dünya"Biz seçki istəyirik, amma xəyanətkar rejimin qondarma seçkilər adlandırdığı xüsusi əməliyyatda iştirak etməyəcəyik".
Olaylar.az xəbər verir ki, bu fikirləri "Milli Hərəkat" Partiyasının siyasi katibi Georgi Baramidze bəyan edib.
O bildirib ki, bu cür "xüsusi əməliyyatda" iştirak sadəcə mümkün deyil, bu həm etiraza, həm də milli maraqlara xəyanət olar. "Biz dünən Gürcüstandakı qərbyönlü partiyalarla birgə yaydığımız bəyanatda aydın şəkildə bildirdik ki, yerli seçkilərdə iştirak etməyəcəyik. Biz yeni parlament seçkiləri tələb edirik - bu normaldır. Ancaq rejim hansısa tədbirə 'seçki' adı verdiyinə görə orada iştirak etməyə məcbur deyilik. Bu, xalqın iradəsini 7 aydır qoruyan patriotlara, saxtalaşdırılmış 2024 parlament seçkilərinə etiraz edənlərə xəyanət olar," - deyə Baramidze bildirib.
Onun sözlərinə görə, bu rejimi legitimləşdirmək Konstitusiyaya ziddir və ölkənin NATO və Aİ üzvlüyü perspektivindən imtina anlamına gəlir. "Biz seçkilər istəyirik, amma xüsusi əməliyyatda iştirak etməyəcəyik," - deyə o vurğulayıb.
Qeyd edək ki, dünən səkkiz müxalifət partiyası yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərdə iştirak etməyəcəkləri ilə bağlı birgə bəyanat yayıb. Bu bəyanatdan sonra müxalif siyasətçilər Elene Xoştaria və Gedevan Popxadze parlament binası önündəki aclıq aksiyalarını dayandırıblar.