“Xəzər Lənkəran” – “Neftçi” matçı təhlükə altında
18 Noyabr 2015 18:40 İdmanTopaz Premyer Liqasının XIII turunda "Neftçi"ni qəbul edəcək "Xəzər Lənkəran"ın daha bir futbolçusu sıradan çıxıb. Apasport.az saytının məlumatına görə, hücumçu Elnur Cəfərov zədələnib.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının AVRO-2017-nin seçmə mərhələsi çərçivəsində Rusiya ilə dünən keçirdiyi qarşılaşmada zədələnən 18 yaşlı futbolçu 63-cü dəqiqədə əvəzlənməli olmuşdu. Onun "Neftçi" ilə görüşdə iştirakı sual altındadı. Futbolçu zədəsinin ciddi olmadığını bildirsə də, son qərar klubun həkimləri tərəfindən aparılacaq tibbi müayinədən sonra veriləcək.
Zədəsini yenicə sağaldan "Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanov isə hələ də fərdi məşqlərlə kifayətlənir. Lakin digər mərkəz müdafiəçisi Manuel Skarlatake də zədəli olduğundan, baş məşqçi Yunis Hüseynov həftəsonu Rasimin xidmətindən yararlanmağı düşünür.
Yeri gəlmişkən, Lənkəranda dünəndən havalar yenidən sərt keçir. Gecədən yağan yağış hələ də davam edir. Bu səbəbdən komandanın bugünkü məşqinin qapalı meydançada keçirilməsi planlaşdırılır. Yağışın bundan sonra da güclü yağması Lənkəran çayının yenidən daşmasına səbəb ola bilər ki, bu da "Xəzər Lənkəran" - "Neftçi" matçını təhlükə altına atar.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Neftçi" oyunu noyabrın 22-də Lənkəran şəhər stadionunda keçiriləcək.