Azad Məsiyev: "Azərbaycan Qərbin təsirinə qarşı müstəqil siyasətini qoruyur" – ÖZƏL
10 Aprel 17:24 SiyasətQərb dairələri, müxtəlif dövrlərdə Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün vətəndaş cəmiyyəti institutlarını maliyyələşdirmiş, media vasitəsilə təbliğat aparmış və 2005-ci ildə narıncı inqilab cəhdləri təşkil etmişdir. Hazırda isə Azərbaycan maliyyə sisteminə tam nəzarət edir və xarici qrantlar artıq qeydiyyata alınır.
Maraqlıdır, Qərbin Azərbaycana qarşı qərəzli mövqeyinin səbəbi nədir? Qərb ölkələrinin Azərbaycana qarşı bu cür fəaliyyəti davam edərsə, bu vəziyyətdə ölkəmizin geosiyasi mövqeyi necə inkişaf edə bilər?
Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev Olaylar.az-a açıqlamasında bildirib ki, Azərbaycan xarici siyasətində balanslaşdırıcı yanaşma tətbiq edərək, qonşularla dinc yanaşı yaşama prinsipinə riayət edir və Qərbin maraqlarına alət olmadan müstəqil siyasətini davam etdirir:
"Bildiyiniz kimi, Azərbaycan xarici siyasətində balanslaşdırıcı siyasət həyata keçirməkdədir və bu siyasəti beynəlxalq hüquq normaları ilə tənzimləyir. Xüsusilə də qonşularla dinc yanaşı yaşama prinsipinə riayət edir. Ümumilikdə, Azərbaycan Cənubi Qafqazda aparıcı dövlətdir. Azərbaycan Şərqlə Qərbin qovuşduğu bir məkandadır və Cənubi Qafqazda böyük güclərin savaşı gedir. Qərb koalisiyası ilə Rusiyanın arasında bir mübarizə gedir. Təbii ki, bu proseslərdə Azərbaycan söz sahibidir. Azərbaycan müstəqil siyasətini Qərbin maraqlarına uyğunlaşdırmır. Qərb çalışır ki, Cənubi Qafqazı öz təsirinə salsın və Cənubi Qafqazdan Rusiyanı təcrid etməyə çalışır. Azərbaycanın müstəqil siyasəti Qərbin maraqlarına uyğun deyil, sadəcə Qərb Azərbaycandan bir vasitə kimi, maliyyət olaraq istifadə etmək istəyir. Biz bunu Saakaşvili dövründə Gürcüstanın timsalında gördük. Biz bunu Zelenskinin timsalında, Ukraynada görürük. Biz Paşinyanın simasında, Ermənistanda da müşahidə edirik. Ümumiyyətlə, Qərb, Rusiya sərhədində olan dövlətləri öz təsirinə salmağa çalışır və onları Rusiyanın təcrid edilməsi üçün vasitə olaraq istifadə edir. Azərbaycan isə qonşularla dinc yanaşı yaşama prinsipinə əməl edir və xarici quvvələrin əlində alətə çevrilmir. Prezident İlham Əliyevin apardığı prinsipial siyasət bir daha bunu təsdiqləyir".
Siyasi şərhçi qeyd edib ki, Azərbaycan, xarici fondlardan maliyyələşdirilən QHT-lərin ölkədə stabilliyi pozmasına qarşı çıxır və bu fəaliyyətlərə məhdudiyyət qoyulmasının vacib olduğunu vurğulayır.
"44 günlük Vətən müharibəsindən sonra Azərbaycan tam suveren ərazisini bərpa etdi və müstəqil siyasətini həyata keçirməkdədir. ABŞ və Qərb demokratiya ideyası altında, ayrı-ayrı dövlətlərdə çevriliş edir və bunu birbaşa maliyyələşdirirlər. Biz bu dövlət çöküşlərini "Ərəb baharı"nda da gördük. Biz buna Gürcüstanda, Ukraynada, Ermənistanda şahidik. Eyni zamanda, Belarusiyada da bu demokratiya ideyası altında hakimiyyəti devirib özlərinə uyğun hakimiyyət qurmaq istəyirdilər. Təbii ki, bu baş tutmadı. Ümumilikdə, bu cür çöküşləri ayrı-ayrı fondlar adı altında, ayrı-ayrı QHT-lər adı altında maliyyələşdirir, özlərinin agentura şəbəkəsini formalaşdırırlar. Bu şəbəkə vasitəsilə ictimai rəyi öz xeyrinə yönəldirlər və biz bunu bu yaxınlarda Gürcüstanda baş verən hadisələrin nümunəsində gördük. Ümumiyyətlə, Azərbaycan xarici fondlardan maliyyələşdirilən QHT-lərə birmənalı şəkildə qarşıdır. Çünki bu QHT-lər Azərbaycanda stabilliyi pozmağa, xarici xüsusi xidmət orqanlarının təsirinə düşərək Azərbaycan xalqının və dövlətin maraqlarına yox, onları maliyyələşdirən təşkilatların, fondların maraqlarına xidmət edir. Bu isə Azərbaycan xalqına və dövlətinə birbaşa xəyanətdir və qəbuledilməzdir. Bu baxımdan, xarici fondların Azərbaycanda fəaliyyətinə məhdudiyyət qoyulması Azərbaycanın haqqıdır".
A. Məsiyev əlavə edib ki, Azərbaycan müstəqil siyasətini qorumaq məqsədilə, xarici fondların ölkədəki fəaliyyətini məhdudlaşdırmağı vacib hesab edir.
"Bildiyiniz kimi, Azərbaycanda vaxtilə Soros fondu və Birləşmiş Ştatların beynəlxalq maliyyə korporasiyaları var idi və bunlar Amerikanın və Qərbin maraqlarına xidmət edən fondlardır. Bu fondlar vasitəsilə stabilliyi pozmağa çalışırlar. Ümumiyyətlə, Qərb demokratiya və insan hüquqlarını öz məqsədlərinə çatmaq üçün bir vasitə kimi istifadə edir. Hansı dövlətin siyasi hakimiyyəti Qərbin maraqlarına xidmət edirsə, orada demokratiya və insan hüquqları var, hansı hakimiyyət Qərbin maraqlarına deyil, müstəqil olaraq öz xalqının və dövlətin maraqlarına xidmət edirsə, onları bu dövlətlərdə insan hüquqlarının və demokratiyanın tapdanması, diktatura rejiminin olması barədə ictimaiyyətə məlumat verirlər və öz agentura şəbəkələrini hərəkətə gətirirlər. Beləliklə, dövlətin sarsılması, dövlətin müstəqil siyasət həyata keçirməsi qarşısı alınır. Hesab edirəm ki, xarici xüsusi xidmət orqanlarının nəzarətində olan fondlardan maliyyələşən qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin fəaliyyəti birmənalı şəkildə məhdudlaşdırılmalı və nəzarət edilməlidir. Bu baxımdan, Azərbaycan dövləti prinsipal mövqeyini nümayiş etdirir".
Səidə Ramazanova