Ermənistan sülhdən uzaqlaşaraq tranzit imkanlarını itirir – ÖZƏL

Prezident İlham Əliyev ADA Universitetində keçirilən forumda bildirib ki, Ermənistan Azərbaycanın enerji resursları və nəqliyyat marşrutları üçün tranzit ölkəyə çevrilə bilərdi. Lakin bu fürsəti qaçıraraq iqtisadi gələcəklərini itirdilər və real müstəqilliklərini əngəllədilər. Onlar hələ də "böyük Ermənistan" xülyası ilə yaşayırlar.

Maraqlıdır, Ermənistanın bu tranzit imkanını itirməsi regionda onun siyasi və iqtisadi mövqeyinə necə təsir göstərib və gələcəkdə bu vəziyyəti dəyişmək şansı varmı? 

"Cənab Prezidentin ADA universitetində keçirilən forum çərçivəsində verdiyi mühüm mesajlardan biri də Ermənistanın işğalçılıq ideologiyasının bu ölkəyə vurduğu ağır nəticələrlə bağlı idi"

Politoloq Aytən Qurbanova bu fikirləri Olaylar.az-a açıqlamasında bildirib:

"Prezident çıxışında qeyd etdi ki, Azərbaycanın təşəbbüskarı olduğu bir çox regional layihələrdən kənarda qalan Ermənistan, həmçinin tranzit ölkə olmaq imkanını da itirib. Bu istiqamətdə atılan addımlar isə Ermənistanın iqtisadiyyatına, cəmiyyətin rifahına, dövlətçiliyin qorunmasına və real gələcəyə yönəlik siyasət konsepsiyasının formalaşmasına mənfi təsir göstərib. Eyni zamanda, Ermənistan xarici siyasət konsepsiyasının formalaşdırılması baxımından da bütün mühüm fürsətləri əldən verib".

Politoloq bildirib ki, Ermənistan sülhə dair öhdəliklərə zidd olaraq, təxribatçı və revanşist siyasəti ilə Azərbaycanın təqdim etdiyi imkanları dəyərləndirməkdən yayınır.

"Bu günə qədər Ermənistan, təəssüf ki, Azərbaycanın təqdim etdiyi bütün xoşniyyətli təklifləri və imkanları düzgün qiymətləndirmək potensialında olmadığını sübut edən yanaşmalar sərgiləyib. Sülh danışıqları çərçivəsində bəzən Ermənistanın konstruktiv mövqeyi müşahidə olunsa da, paralel olaraq ölkənin hərbiləşdirilməsi davam edir və sülh prosesinə zərbə vura biləcək təxribatlar həyata keçirilir. Ermənistanın himayədarlarının təşviqi ilə revanşist əhval-ruhiyyənin cəmiyyətdə daim aktiv saxlanılması üçün mövcud hərbi-siyasi hakimiyyət məqsədyönlü addımlar atır. Halbuki götürülmüş öhdəliklər tam əksini - inteqrasiya prosesinin sürətləndirilməsini, revanşizmin aradan qaldırılmasını və cəmiyyətin sülhə hazırlanması istiqamətində tədbirlərin görülməsini nəzərdə tutur".

A. Qurbanova əlavə edib ki, Ermənistan revanşist mövqeyi ilə sülhdən uzaqlaşaraq, inkişaf və inteqrasiya imkanlarını itirir.

"Təəssüf ki, cənab Prezidentin də ifadə etdiyi kimi, Ermənistanın hərbi-siyasi hakimiyyəti bu gün sülh prosesinə hazır deyil və onlar əksinə, yeni bir süni münaqişə ocağının yaradılması və ya vaxt qazanaraq yenidən işğalçılıq ideologiyasını davam etdirmək niyyətindədirlər. Bu prizmadan baxdıqda, artıq Ermənistan vəziyyəti dəyişmək şansını demək olar ki, itirib. Halbuki Azərbaycanın təqdim etdiyi sülh konsepsiyasının əsas mahiyyəti Ermənistanın dövlətçiliyinin qorunması, regional proseslərə inteqrasiyası və normallaşma yolu ilə Cənubi Qafqazda davamlı sülhün təmin edilməsindən ibarətdir. Bu yanaşma bütün əsas prinsipləri özündə ehtiva edir. Lakin Ermənistan hələ də öz mövqeyində qalaraq, işğalçılıq və "böyük Ermənistan" xülyasından əl çəkmir. Təəssüf ki, bu siyasət onu sülh prosesindən uzaqlaşdırır və Azərbaycanın təqdim etdiyi regional inteqrasiya imkanlarından, öz müstəqil xarici siyasətini formalaşdırmaq və suveren dövlət olaraq cəmiyyətin rifahını, iqtisadiyyatını gücləndirmək, təhlükəsizlik arxitekturasını qurmaq imkanlarından da məhrum edir. Belə olan halda, Ermənistan tərəfinin gələcəyə yönəlik konstruktiv addımlar ata biləcəyini gözləmək çətindir".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31