Azərbaycan–Çin münasibətləri yeni mərhələyə qədəm qoyur – ÖZƏL

"Azərbaycan və Çin arasındakı münasibətlərin dərinləşməsi ölkəmizə olan marağın bariz göstəricisidir. Son dövrlərdə Azərbaycan beynəlxalq sistemdə ən çox maraq göstərilən və əməkdaşlıq edilmək istənilən ən etibarlı tərəfdaşlardan birinə çevrilib. Ölkəmizə olan bu artan maraq rəsmi Pekinin Bakı ilə münasibətlərində də açıq şəkildə hiss olunur".

Bu sözləri son dövrlərdə Azərbaycan-Çin münasibətləri ilə bağlı Olaylar.az-a açıqlamasında Zeynal Əmrəliyev deyib. O bildirib ki, Azərbaycan strateji mövqeyi və tranzit imkanları ilə Çin və Avropa arasında mühüm körpüyə çevrilib:

"Hazırda Çinin "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində Azərbaycanla mühüm tərəfdaşlığı daha da möhkəmləndirilir. Xüsusilə Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra tətbiq etdiyi yüksək gömrük rüsumları və bu çərçivədə aparılan iqtisadi siyasət - bir növ Avropa və Çinə qarşı iqtisadi müharibə - məhz Çin üçün Avropa bazarını daha da önəmli etdi. Bu kontekstdə Azərbaycan Çin və Avropa arasında körpü rolunu oynayan əsas ölkələrdən birinə çevrildi. Bu gün Çin və Avropa arasında yerləşən Azərbaycan, həm enerji resursları baxımından zəngin, həm də tranzit imkanları və əlverişli coğrafi mövqeyinə görə son dərəcə strateji əhəmiyyət daşıyır".

Siyasi şərhçi vurğulayıb ki, Azərbaycanın müstəqil siyasəti Çinlə əməkdaşlığı daha da gücləndirir.

"Rəsmi Bakı müstəqil siyasət yürüdür, öz maraqlarını əsas götürür və heç bir güc mərkəzindən asılı olmadan qərarlar qəbul edir. Bu yanaşma isə Çinlə əməkdaşlıq üçün tamamilə yeni perspektivlər yaradır. Düşünürəm ki, ikitərəfli münasibətlərin inkişafında yaxın dövrdə yeni addımlar atılacaq və Azərbaycan-Çin əməkdaşlığı daha geniş miqyas alacaq. Prezident İlham Əliyevin Çin mediasına verdiyi son müsahibələr, eləcə də Çin mətbuatında Azərbaycanla bağlı önəmli məqalələrin dərc olunması bu əməkdaşlığın artan gücündən xəbər verir".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31