İctimai fəaliyyətin əsasları. Hansı fəaliyyət ictimai məzmunludur

"ARDIC" Hərəkatının "Arça" Düşüncə Mərkəzinin təqdimatında

İctimai fəaliyyət cəmiyyət üzərində qərarlaşan, cəmiyyətin əsaslarını, məğzini, qayəsini  özündə əks etdirən  aktlardan, hərəkətlərdən, hadisələrdən ibarət olan fenomendir, gerçəklikdir.  İctimai fəaliyət ictimai ruhun təzahürüdür, ifadə olunmasıdır. İctimai mənəviyyatın qorunmasına, sağlam mühitin formalaşmasına  və dəyərlərin saxlanılmasına və dəyərlərdən maksimum faydalanmağa  hədəflənir. İctimai fəaliyyət şəxsiyyətin formlaşmasına, cəmiyyətin statusunun, onun inkişaf səviyyəsinin ölçülməsinə söykənən aktlar məcmusudur. Şəxsin cəmiyyətdə nüfuzunun qorunub saxlanılmasına və şəxsiyyətin təkmilləşməsinə söykənir.  İctimai fəaliyyətin məqsədi tərəqqidir, çiçəklənmədir, sosial rifahdır, inkişafdır. Dövlətlə cəmiyyət arasında mədəni, siyasi və iqtisadi, eləcə də digər sahələrin  bağlılıq baxımından tənzimlənməsini təmin edən aktlar cəmidir. İctimai fəaliyyətin başlıca qayəsini mənəviyyat təşkil edir. Bu fəaliyyət maddi qazanclardan ictimai ruhun zənginləşməsi məqsədilə əlverişli istifadəni nəzərdə tutur. Maddi vəsaitlərin ictimai maraqlar üçün məsrəf olunması şərtlərini özündə cəmləşdirir. İctimai fəaliyyət bütün sahələrdə qabaqcıl şəxslərin, aparıcı mütəxəssislərin, peşə sahiblərinin avanqard fikirlərini və düşüncələrini, ideya və təşəbbüslərini özündə əks etdirən  aklar məcmusudur.  Öndə olmaq, avanqard qüvvəni təşkil etmək, cəmiyyətə təsir göstərmək başlıca  şərtdir. Maarifləndirici addımlar atmaq, sosial birliklər, icmalar formalaşdırmaq əsasdır. İctimai fəaliyyəti koordinasiya etmək, axarlara yönləndirmək, fəaliyyəti trendə çevirmək başlıca vəzifə və öhdəlikdir. İctimai fəaliyyətin başlıca qayəsi önə çıxmaqdan ibarətdir. Tərəqqiyə yönələn axarlar, cərəyanlar təşkil etməkdir.  İctimai fəaliyyət dövlət və özəl fəaliyyətin dəyərləndirilməsini və baxışları, təhlilləri özündə ifadə edir. Hadisələrə qiymət vermək, eybəcərlikləri aşkarlamaq, neqativliklərlə mübarizə aparmaq başlıca hədəfdir. Zəruri və tələb olunan şərtdir, xidmətləri özündə ifadə edən əsasdır.  İctimai fəaliyyət monitorinqlər həyəta keçirmək, müşahidələr aparmaq, rəy sorğuları təşkil etmək, fikirlər öyrənmək,  qiymətlər müəyyən etmək, düşüncələr formalaşdırmaq, mülahizələr irəli sürmək, müəyyən layihələr tərtib etmək və reallaşdırmaq   funksiyasını özündə ehtiva edir.  İctimai fəaliyyətin məqsədi sosial-ictimai maraqları tənzimləməkdən, qayğı göstərməkdən və problemləri qabartmaqdan ibarətdir.

Birləşmələr, birliklər maraq sahələri üzrə formalaşır. Fəaliyyətləri uzlaşır və uyğunlaşdırılır.  Cəmiyyət özü həm subyektlər, fərdlər, şəxsiyyətlər birliyidir. Bu baxımdan da obyektdir. Maraq sahəsidir. Maraqlar ərazidə, məkanda və struktur obyekləri üzrə  cəmləşir.  İnsan birliyi sosial strukturu təşkil edir. Eləcə də siyasi və mədəni, hərbi və digər sahələr üzrə mövcud olan  birliklər strukturlaşmanı, ictimai komplektləşdirməni  təşkil edir.

Cəmiyyətin müxtəlif təbəqələr və  sahələr üzrə  strukturlaşması mövcuddur. Bu, həm onda iştirak edən şəxslərin status və mövqelərinə bağlıdır, həm də  cəmiyyəti təşkil edən sahələrin təsnifatı ilə əlaqəlidir.  İctimai fəaliyyəti təşkil edən sahələr, vasitələr və istiqamətlər seçimə məruz qalır, təsnif olunur. Qeyd etmək yerinə düşər ki, cəmiyyət özü ictimai mövqeli və statuslu şəxslərin birliyidir. Maarifçilik proseslərinin təşəkkül tapdığı bir məkandır. Maarifçilik prosesləri, yəni biliklərə, elmi mənimsəməyə söykənən  rasional proseslər  cəmiyyətin yetişməsində, ictimai statusunun formalaşmasında böyük rol oynayır.  Cəmiyyət maraq və mənafelərin əks olunduğu müəyyən formalı və məzmunlu bir strukturdur. Sosial kompleksiyadır.  Cəmiyyətdəki yaradıcılıq və quruculuq obyektləri və subyektləri ictimai fəaliyyət üçün mənbə və  mövzu rolunu oynayır.

İctimai fəaliyyət cəmiyyətin oyanmasına əsaslanır, hədəf kimi müəyyən edir.   Dünyagörüşünün təkmilləşməsinə xidmət göstərir. İctimai fəaliyyət proseslərə  öz qiymətini verir və dövlət hakimiyyətinin üzərində sanki bir nəzarət və müşahidə funksiyasını yerinə yetirir. İctimai fəaliyyət dəyərləri qorumaqla bərabər, dəyərlərin əldə saxlanılması məqsədilə ayıq-sayıqlığın mövcudluğunu şərt kimi irəli sürür.  İctimai fəaliyyət dəyərləri öndə saxlamaqdan, əlamətdar hadisələrə çevirməkdən və qeyd etməkdən ibarət olan aktları özündə əks etdirir. 

İctimai fəaliyyət cəmiyyətin, icmanın, xalqın, dövlətin marağını ifadə edən və xidmətlərə söykənən aktlar cəmidir, proseslər məcmusudur. Dövlətin cəmiyyət idarəçiliyinə söykənən və dövlət üçün mənbələr müəyyən edən bir fəaliyyətdir.  İctimai fəaliyyət sərbəst fəaliyyətdir. Dövlət siyasətinin ictimai əsaslarını sərbəst şəkildə müəyyən edir.  Burada maraqlarda azad seçim var.  Adətən kollegiallığı  və fərdi fəaliyyətin əsaslarını özündə ifadə edir. İctimai qurumlarda qərarlar ümumi səs çoxluğu ilə qəbul olunur. İctimai fəaliyyət üzvlərin toplaşdığı məclislərə və digər yığıncaqlara  əsaslanan fəaliyyətdir. Fəaliyyətin xüsusiyyətləri onda açıqlığın, şəffaflığın əsaslarını özündə ifadə etməyi şərtləndirir. Ali və yerli məclislərin fəaliyyəti ictimai və siyasidir. İctimai birliklərin, fondların  fəaliyyətləri ictimai əsaslıdır. İctimai fəaliyyət məzmunca "yumşaq"dır, desək yanılmarıq. İctimaiyyətin meyarları çoxdur. Münasibətlər, əlaqələr,  sahələr, zaman və s. meyarlardır. Bu meyarlar xidmətin əsas obyektləridir. İctimai fəaliyyət təmsilçilik aktlarından ibarət olmaqla dövlət hakimiyyətinin fəaliyyəti ilə insanlar arasında aralıq mövqe tutmağın əsaslarını özündə ehtiva edir.

Lüğətə əsasən, ictimaiyyət ərəb sözüdür, cəmiyyətin qabaqcıl dairələri, qabaqcıl hissəsidir. Elmi ictimaiyyət İctimaiyyətin fikri və s. Qabaqcıl qurumlar öndə olanlardır. Bu yöndə aktiv ictimai fəaliyyət ictimai idarəçilikdir. Rəhbərlikdir, sistemli və sərbəst nizamlamadır. İctimai fəaliyyət cəmiyyətin, dövlətin, hakimiyyətin fəaliyyətinin tədqiq olunmasını və öyrənilməsini, təhlil edilməsini özündə ehtiva edir və hadisələrə qiymət verilməsi əsaslarını özündə prinsip kimi müəyyən edir.  İctimai fəaliyyət haradasa dövlət siyasətinə xalq nəzarəti funksiyasını yerinə yetirən aktlar məcmusudur.

İctimai dairələrə bu kimi qurumları aid etmək olar:

-peşələr, mütəxəssislər birlikləri, bu baxımdan yazıçılar birliyi, şairlər və aşıqlar  məclisi,  memarlar ittifaqı, rəssamlar ittifaqı, kinematoqraflar ittifaqı,  idmançılar birliyi, bu yöndə  futbolçular, voleybolçular  assosiasiyası, digər  idman klubları, federasiyaları,   yaşıllar hərəkatı, müharibə veteranları birliyi, əmək veteranları birliyi, qaçqınlar və məcburi köçkünlər cəmiyyəti, tələbələr və müəllimlər birliyi, azad həmkarlar birlikləri, dənizçilər, aviasiya və dəmiryolçular  klubu, jurnalistlər birliyi, əlillər cəmiyyəti, musiqiçilər birliyi, müəyyən xeyriyyə fondları, həkimlər briqadası,  dini icmalar  və s. Birliklər sahələr üzrə  qruplaşmanı, maraq cəmləşməsini   yaradır.    İcitimai faliyyətin özü demokratiyanın, azad fikirlərin, sərbəst düşüncələrin ifadə olunması üçün şərtləri  əks etdirir. İctimai fəaliyyət daha çox qeyri-kommersiya xarakterlidir və əldə olunan qazanclar xeyriyyəçilik və humanitar fəaliyyətə yönləndirilir.  İctimai fəaliyyətdə müzakirələr, diskussiyalar, debatlar, layihələrin tərtibi bir vasitədir. Qabaqcıl, avanqard, həlledici fikirlər, ideya və təşəbbüslər dəstəklənir. İctimai fəaliyyət forma və məzmununa görə açıqdır. Məqsəd və vəzifələri nizamnamə və əsasnamələrdə açıq şəkildə əks olunur. İctimai fəaliyyətin başlıca məqsədlərindən biri də irsiyyəti qorumaqdan və dəyərləri irsən ötürməkdən və bununla da insanlığı yaşatmaqdan ibarətdir.  İctimaiyyət nümayəndələrinə "söz sahibləri", "nüfuz sahibləri"  adını da vermək olar. Onlar öz fikirləri ilə cəmiyyətin və dövlət hakimiyyətinin diqqətli və ayıq-sayıq olmasına səbəb verirlər.

İctimai fəaliyyətin əsaslarını nəzəri baxımdan bu istiqamətdə  ümuimiləşdirmək olar:

-cəmiyyətin qanuni maraqlarının müdafiə olunması və bu yöndə vəkillik funksiyasının həyata keçirilməsi;

-cəmiyyətin qüsurlarına, şablonlarına, inkişafa, tərəqqiyə əngəl olan maneələrin aradan qaldırılmasına yöənələn fəlaiyyətin təmin edilməsi;

-cəmiyyətdəki eybəcərliklərin, ədalətsizliklərin qınanılması, aradan qaldırılması üçün müvafiq addımların atılması;

-dövlət hakimiyyətinin cəmiyyət və xalq qarşısında məsuliyyət və öhdəliklərinə nəzarətin olunması;

-şəffaflığın təmin olunması və cinayətkarlığa qarşı mübarizənin təşkil olunması;

-adət-ənənələrin qorunması, ayinlərin icra olunmasının təmin edilməsi;

-təbiətin qorunması, ekologiyanın mühafizəsi istiqamətində görülən tədbirlər (məsələn, "Yaşıllar hərəkatı"nın fəaliyyəti);

-flora və fauna mühitinin qorunması, hidro aləmin mühafizəsi istiqamətində olan sosial birliklərin fəaliyyəti;

-elmin və təhsilin inkişafına yönəlmiş maarifləndirici fəaliyyət;

-cəmiyyətə yardım və kömək məqsədilə təşkil olunan xeyriyyəçilik fəaliyyəti;

-himayəçilik və qəyyumluq fəaliyyəti;

-məişət sahələrini əhatə edən fəaliyyət, aidiyatı sahələr üzrə yerli icmaların, birliklərin təşkilini özündə ehtiva edən fəaliyyət;

-xalqın sosial və mədəni həyatının tərkibini, incəliklərini yaşadan və irsən nəsillərə ötürən fəaliyyət;

-cəmiyyətin bütün sahələri üzrə vəziyyəti analiz edən, araşdıran, açıb-ağardan və təqdim edən fəaliyyət;

-tibbi və sağlamlığa yönələn  digər xidmətlərin göstərilməsini  özündə ehtiva edən əvəzsiz fəaliyyət və s.

           İctimai qurumlar və şəxslər öz fəaliyyətlərini media vasitəsilə həyata keçirilər. Təbliğat və təşviqat  fəaliyyətin reallaşma vasitələridir. Həmçinin mühazirələrin, dinləmələrin təşkili də bir üsuldur.

Ümumiyyətlə, maddi maraq güdməyən, maddi qazanclar üçün nəzərdə tutulmayan istənilən qanuni (qanunla qadağan olunmayan)  fəaliyyət ictimai fəaliyyətdir.

İctimai fəaliyyət sipər rolunu oynayır və güclü müdafiə və mühafizə funksiyasını yerinə yetirir. Dövlətin və sakinlərin diqqətini aidiyyatı mövzulara və problemlərə yönləndirir.  Bu kimi fəaliyyət cəmiyyətlə dövlət arasında təmsilçilik funksiyasını yerinə yetirir və tarazlığı bərpa edir.  İctimai fəaliyyət araşdırmaçı, tədqiqatçı funksiyasını yerinə yetirir. Məsələn, jurnalistin araşdırmasını  və elmi tədqiqatı bu aspektlərə aid etmək olar. İctimai fəaliyyət sayəsində problemlərin kökü və baş vermə səbəbləri araşdırılır. Bu fəaliyyət həmçinin sanki bağlayıcı və vasitəçi funksiyanı yerinə yetirir.

Parlamentdə xalqın seçdiyi nümayəndələr xalqı  təmsil edirlər. Bu aspektdə parlament üzvlərini ictimaiyyət nümayəndələri kimi qəbul etmək lazımdır.  Dövlət başçısının özü də ictimai və siyasi statuslu şəxsdir. Çünki xalq birbaşa seçir və eləcə də nümayəndələri vasitəsilə seçimi həyata keçirir.  Bələdiyyə məclisi üzvlərini də bu qəbildən olan şəxslər kimi, yəni ictimaiyyət üzvləri  qeyd etmək olar.  İctimaiyyət nümayəndələri təmsilçilərdir və onların statusunu xalq, seçici müəyyən edir. Bu istiqamətdə dövlət tərəfindən qanunvericilik formalaşdırılır. Parlament fraksiyalarını bu baxımdan siyasi və ictimai qruplar kimi qəbul etmək olar.

Elşən Nəsibov

Siyasətşünas-alim, yazıçı-publisist.

"ARDIC" Hərəkatının təsisçisi, Qərbi Azərbaycan İcmasının üzvü

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31