Azərbaycan və Türkiyə Türk dünyasının əsas nüvəsini təşkil edir- ÖZƏL
10 Aprel 15:47 Siyasət"Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı müxtəlif məsələlər müzakirə olunur və Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərin Kiprdə səfirlik açması bir tərəfdən süveren dövlətin verdiyi qərar kimi qiymətləndirilsə də, digər tərəfdən qardaş Türkiyənin maraqları və uzun illər ərzində Şimali Kipr Türk Cümhuriyyəti uğrunda mübarizə vacib bir məqamı təşkil edir".
Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamasında bildirib. Politoloq qeyd edib ki, Azərbaycan və Türkiyə Türk dünyasının əsas nüvəsini təşkil edir:
"Bu məsələdə Azərbaycanın da mövqeyi kifayət qədər əhəmiyyətlidir. Çünki Şimali Kipr Türk Cümhuriyyəti həm də Türk Dövlətləri Təşkilatının müşahidəçi statusunda Türkmənistan və Macarıstanla birlikdə üzvdür.
Bütün bu məsələləri aydınlaşdırmağa böyük ehtiyac vardır. Məsləhətləşmələr və siyasi dialoq bu kimi problematikalarda önəmlidir və düşünürəm ki, bütün məsələləri həll etmək mümkündür. Azərbaycan və Türkiyə Türk dünyasının əsas nüvəsini təşkil edir və burada bütün dövlətlər arasında həmrəyliyin formalaşması, dövlətlər arasında anlaşma, ticari və iqtisadi enerji, nəqliyyat sahəsində əməkdaşlığın daha da dərinləşməsi bütün dövlətlərin xeyrinədir. Son zamanlar Mərkəzi Asiyada da çox ciddi proseslər gedir. Tacikistan və Qırğızıstan arasında sərhədlərin müəyyənləşməsi ilə bağlı tarixi sənədlər imzalanmışdır. Burada İmaməli Rəhman və Sadır Japarov böyük siyasi iradə nümayiş etdirdilər. Heç bir vasitəçi olmadan razılığın əldə olunması tarixi irəliləyiş kimi qiymətləndirildi. Ümumilikdə, Mərkəzi Asiyaya Avropa İttifaqının da, ABŞ-nin də nüfuzu və maraqları getdikcə artmaqdadır. Bunun nəticəsi olaraq, hazırda baş verən prosesləri qiymətləndirmək olar, amma ümumilikdə qardaş Türkiyənin milli maraqları, hesab edirəm ki, Mərkəzi Asiyada olan bizim qardaşlarımız tərəfindən də diqqətlə nəzərə alınmalıdır".
Zeynəb Mustafazadə