Açıq Ölkə Çempionatına yekun vuruldu

Şabran və Xaçmaz rayonlarında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Vergilər Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidmətinin təşkilati dəstəyi ilə keçirilən səmti müəyyən etmə idman növü üzrə növbəti Açıq Ölkə Çempionatına yekun vurulmuşdur. İki gün davam yarışda nazirlik, idarə, təşkilat, güc strukturları, klub və federasiyaları, şirkətlər, idman cəmiyyətləri və ali təhsil müəssisələri daxil olmaqla ümumilikdə 200-dən çox idmançı orta və uzun məsafə üzrə mübarizə apardı. Belə ki, Qalaaltı meşə zolağında təşkil edilmiş orta məsafədə K21 kateqoriyasında Latviyalı Delins Kaspars bütün rəqiblərini geridə qoyaraq finiş xəttinə birinci çatmışdır. Türkiyəli idmançı Cevdet Coşkun (AOSK) və Sergey Telegin (DİK) müvafiq olaraq ikinci və üçüncü yerləri tutmuşlar. Orta məsafədə olduğu kimi uzun məsafədə də Delins Kaspars (Latviya) fəxri kürsünün ən yüksək zirvəsinə yiyələnmişdir. Fövqəladə Hallar Nazirliyinin idmançısı Hüseynzadə Mirzə ikinci, Cevdet Coşkun (AOSK) isə üçüncü olmuşdur. Q21 kateqoriyasında orta məsafədə Neftçi klubunun idmançısı, dəflərlə ölkə çempionu Nataliya Əliyeva qızıl medala sahib olmuşdur. Qalibdən bir neçə dəqiqə geridə qalan Anna Kamayeva (İrbis İK) gümüş, Verdiyeva Sevda (FHN) isə bürünc medal qazanmışdır. Həmin kateqoriyada uzun məsafədə Nataliya Əliyeva bütün nəzarət məntəqələrində qeyd olunaraq yenə də fəxri kürsünün ən yüksək zirvəsində yer almış, Maşkova Olqa (DİK) və Anna Kamayeva (İrbis İK) isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutmuşlar.
İki günün nəticəsinə uyğun olaraq isə komanda hesabında Neftçi klubu bütün rəqiblərini geridə qoyaraq yarışın kubokunu qazanmışdır. Xüsusi Dövlət Mühafizə Xidmətinin komandası ikinci, Dağçılıq İdman Klubu isə üçüncü olmuşdur.
Sonda qalib və mükafatçılara medal, diplom və qiymətli hədiyyələr təqdim edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31