Rəsulzadə Bələdiyyəsi şəhid ailəsini ziyarət etdi
Azərbaycanın igid oğullarından biri Sahib Hüseynovun anadan olmasının 45, şəhidliyinin 22 illiyi ilə əlaqədar bu gün Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, M.Ə.Rəsulzadə Bələdiyyəsinin bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları şəhidin ailəsini ziyarət ediblər.
14 İyul 2016 18:34 SosialAzərbaycanın igid oğullarından biri Sahib Hüseynovun anadan olmasının 45, şəhidliyinin 22 illiyi ilə əlaqədar bu gün Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, M.Ə.Rəsulzadə Bələdiyyəsinin bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları şəhidin ailəsini ziyarət ediblər. Şəhidin xatirəsini yad edərək, Sahib Hüseynovun timsalında Azərbaycan ordusunun döyüşlərdə göstərdiyi sücaəti, qəhrəmanlığı fəxarət hissi ilə vurğulayıblar. Şəhidin yaxınları bildiriblər ki, M.Ə.Rəsulzadə qəsəbəsinin sakini, şəhid Sahib Hüseynovun bu gün həm doğum, həm də anım günüdür. Sahib Allahverdi oğlu Hüseynov 1971-ci ildə iyulun 14-də anadan olub. Binəqədi rayonunda 115 saylı tam orta məktəbini bitirdikdən sonra Polşada hərbi xidmətdə olub. Əsgərlikdən döndükdən sonra ermənilərin azərbaycanlılara qarşı amansız münasibətinə, torpaqlarımızı işğalına dözə bilməyərək birbaşa ön cəbhəyə gedib. Cəbhə yoldaşları ilə birlikdə Vətən uğrunda mənfur düşmənə qarşı 3 il vuruşub. 1994-cü il iyulun 14-də Tovuzun Ağdam kəndində Qaraqaya zirvəsində gedən döyüşlərdə Sahib Hüseynov igidlik göstərərək zirvənin düşmənin əlinə keçməsinə imkan verməyib, təkbaşına ermənilərə qarşı döyüşüb və qəhrəmancasına şəhid olub. İndi həmin Qaraqaya zirvəsində, Sahib Hüseynovun şəhid olduğu məkanda xatirə lövhəsi yer alıb. 24 iyun 2010-cu ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə Sahib Hüseynov "Hərbi xidmətlərə görə" medalına layiq görülüb. Şəhidin yaxınları dövlət başçısı İlham Əliyevə şəhid ailələrini daim diqqətdə saxladığına, səmimi münasibətə görə təşəkkür etdilər.