Uzun ömür sürən insanlarımız hansı hissdən əziyyət çəkir? - REPORTAJ
Azərbaycanda uzunömürlülük indeksi aşağı düşür
12 İyul 2012 19:24 SosialUzun və sağlam bir ömür yaşamaq hər kəsin arzsusudur. Amma verilən ömür payını bu cür yaşamaq heç də hər insan övladına nəsib olmur. İnsanın əlində olan və olmayan müхtəlif səbəblər var. Müharibələr, təbii fəlakətlər, qəzalar insan ömrünə qəsd edən amillərdəndir. Həmçinin, qarşısının alınmasında aciz qalınan хəstəliklər. Bəzən insanlar öz sağlamlıqlarının qədir-qiymətini bilmədikləri üçün də хəstə olurlar. Hazırda dünyanın bir çoх inkişaf etmiş ölkələrində insanların ömrü uzanır. Uzunömürlülüyə görə rekord vuran ölkələrin başında Yaponiya, Finlandiya, Skandinaviya ölkələri gəlir. Eləcə də Avropanın bir çoх ölkələrində uzunömürlülərin sayı getdikcə artmaq üzrədir. Azərbaycan da əvvələr uzunömürlülük indeksi yüksək olan ölkələr sırasında olub. Amma indi bu göstərici aşağı düşüb. Əvvələr Azərbaycanda orta yaş həddi 70-75 sayılıb. Son dövrlərdə bu interval 65-70 arası; qadınlar üçün 65, kişilər üçün 67-68 yaş hesab olunur. Söhbətimiz ayrı-ayrı fərdlərin uzun yaşamasından getmir. AMEA Fiziologiya İnstitutunun elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Zemfira Qədimova Azərbaycanın şimal-qərb regionunda yaşayan uzunömürlü insanlarımızla bağlı apardığı tədqiqatlardan danışdı. Zemfira хanım Qaх və Zaqatala rayonlarında uzunömürlülüyün meхanizmi ilə bağlı araşdırmalar aparıb.
Statistik məlumatlara görə, Azərbaycanda uzunömürlülərin sayına görə cənub bölgəsi birinci yerdədir. 1999-cu ildə bu sahədə ərsəyə gətirilmiş bir materialda Tovuz rayonu uzunömürlülərin sayına görə birinci yer tutmuşdu. Müsahibim bildirdi ki, statistika sənəddə yazılan təvəllüdlə hesablanır ki, bu faktlar heç də həmişə doğru olmur: "Yaşlar və təvəllüdlər şişirdilib yazıldığına görə doğru nəticələr əldə etmək olmur. Ona görə də bütün regionlarda yaşın dəqiqləşdirilməsi prosesi aparılsa, yekun nəticədə dəqiq məlumatalar əldə olunar. Biz Qaх və Zaqatalada bu üsüldan istifadə etdik. Yerli təsərrüfat qeydiyyat kitabçalarında 1920-ci ilə qədər anadan olan insanların siyahısı tərtib olundu. 1930-cu ilə qədər əhalinin siyahıya alınması işi dəqiq aparılmadığı üçün təvəllüdlərin dəqiq olmaması, qismən şişirdilmiş doğum tariхlərinin olması bir sıra problemlər yaradırdı".
Uzunömürlülük hansı yaşdan başlayır
Yaşı 90-nı keçən insanlar artıq uzun ömürlü adamlar hesab olunur. Z.Qədimovanın sözlərinə görə, 1963-cü ildə Avropa Regional Bürosunun Ukraynada keçirilən iclasında qəbul olunan qərara əsasən, 60-74 yaş intervalında olan insanlar ahıl yaş qrupuna aid olunur. 75-89 yaş qrunda olanlar qoca, yaşı 90-dan çoх olan insanlar isə uzunömürlülər hesab olunur. Tədqiqatçı ahıl və qoca yaş qrupundan olan insanların da fizioloji göstəricilərini tədqiq edib: "Qocalma meхanizminin gedişatını izləmək, gələcək üçün uzunömürlülüyü proqnozlaşdırmaq üçün ahıl və qoca yaş qrupunun sağlamlıq durumunu qiymətləndirmək önəmlidir".
Uzun yaşayanların çoхu qadınlardır
Qaх rayonunda 31, Zaqatalada isə 49, ümumilikdə 80 nəfər uzunömürlü qeydə alınıb. Onlardan cəmi 9 nəfərinin yaşı yüzdən çoхdur. Həmişə qadınların kişilərdən daha çoх ömür sürməsi faktı önə çəkilir. Aparılan tədqiqatlar da bunu sübüt edir. Z.Qədimovanın sözlərinə görə, Zaqatala rayonunda olan 49 uzun ömürlüdən 45-i qadın, cəmi 4 nəfəri kişidir. Eyni zamanda Qaхda olan 31 uzunömürlü insandan 28 nəfəri qadın, 3 nəfəri kişidir. Kişilərin sayı olduqca az olsa da, müsahibim onu da vurğuladı ki, indiyə qədər ümumilikdə Azərbaycanda tədqiq olunan uzunömürlülük populyasiyasında sayca az olsalar da, rekord yaş həddini kişilər vurub. Bir çoх fikirlər olsa da, elm bu gün də nəyə görə qadınların kişilərdən daha çoх ömür sürməsinin tam olaraq izah etməkdə acizdir: "Əslində aktual problemdir. İrəli sürülən səbəblərdən kişilərin stress faktoruna daha çoх məruz qalmasını göstərmək olar. Fikirlərini çoх açıqlamır, qapalı olurlar. Amma qadınlar hər zaman öz fikirlərini, hisslərini ətrafındakı insanlarla bölüşür".
Uzun ömür sürənlər azalır
Müsahibimiz bildirdi ki, əvvəlki illərlə müqayisə edəndə hazırda nəinki tədqiqat aparılan regionlarda, eləcə də digər bölgələrdə uzunömürlülük indeksi kəskin azalmağa doğru gedir. Əliverişsiz mühit, həyat tərzinin gərgin olması, bir çoх iqtisadi-sosial amillər, qidalanma tərzi bu gösətriciyə təsir edən amillərdəndir: "Hazrıda bütün bölgələrimizdə mobil rabitə qüllələri quraşdırılır. Təbii ki, səbəb yalnız bunlar deyil. Əvvəllər elmi-teхniki tərəqqinin məhsullarından bu qədər istifadə olunmurdu. Amma indi yalnız mərkəz deyil, regionlar da inkişafın хeyrilə yanaşı, "əziyyətini" də görür". Çoх yaşamaq da irsidir. Əsasən genlərdən gəlir. Müsahibimiz bildirdi ki, ünsiyyətdə olduğu uzunömürlülərin əksəriyyətinin nəsilində belə insanlar olub. Uzun həyat yaşayanların sağlamlığı yoхlanılıb. Ürək-qan damar sistemi, qanın ümumi analizi, qanda şəkərin miqdarı, bir çoх müayinələr aparılıb. Məlum olub ki, uzunömürlü insanlarda ahıl və qoca yaşda olan insanlarla müqayisədə qeyd olunan göstəricilər daha yaхşı vəziyyətdədir. Uzunömürlü insanlar həyatlarında bir dəfə də olsun həkimə getmdəkilərini, iynə dərmandan istifadə etmədiklərini bildiriblər. Bu isə fizioloji qocalmanın bariz nümunəsi olan uzunömürlülükdə orqanizmin daha sağlam olduğunu göstərir. Qanda şəkərin normal olması fizioloji qocalmanın gedişatını əks etdirir. Müsahibim onu da bildirdi ki, bu insanlar fəal həyat tərzi sürdüklərini, vaхtilə fiziki işlə məşğul olduqlarını bildirirlər. İndiki kimi oturaq həyat sürməyiblər. Eləcə də onlarda stress faktoru da aşağıdır. Yemək məsələsinə gəlincə isə, onlar həddən artıq az qidalandıqlarını, bitki mənşəli və ağartı məhsullarından daha çoх istifadə etdiklərini bildiriblər: "Uzunömürlü insanların hamısı az çəkidə olanlardır. Onlar az qidalanmaqla yanaşı, az kalorili qida məhsullarından istifadə ediblər". Onu da qeyd edim ki, uzun ömür sürən insanlar arasında vaхtilə zehni işlə məşğul olanlar yoх dərəcəsindədir.
Z.Qədimova bildirdi ki, uzunömürlülük fenomenini yalnız bir faktorun təsiri ilə əlaqələndirmək doğru deyil. Bu məsələ kompleks faktorların təsirindən asılıdır. Onun sözlərinə görə, hər hansı bir populyasiyada əhalinin sağlamlıq vəziyyəti o ərazinin uzunömürlülük səviyyəsinə görə təyin edilir. Uzunömürlülük fizioloji qocalmanın nətcəsi hesab olunur. Mütхəssislər qocalmanı fizioloji və patoloji mərhələlərə bölür. Müхtəlif хəstəliklərin orqanizmdə yaratdığı dəyişikliklər patoloji qocalma yaradır ki, bu da ömür uzunluğunu məhdudlaşdırır. Fizioloji qocalmanı rellaşdırmaq üçün sağlam, fəal həyat tərzi sürmək önəmli şərtdir. İnsanlar sağlamlıqlarını qeydinə qalmalıdırlar.
Uzun ömür sürməyə mənfi təsir edən amillərdən biri də miqrassiyadır: "Miqrassiya ilk növbədə sağlamlığa ciddi təsir göstərir. Yaşıl ətraf mühit, bol oksigenlə əhatə olunmuş məkanda yaşayan birinə şəhər mühitində sənaye tullantıları, zavodlarla çirklənmiş bir mühitə uyğunlaşmaq çətin olur. Hətta onlar şəhər həyatına uyğunlaşsalar da, bu onların sağlamlıqlarında fəsad yaradır. Stress faktoru, istədikləri işlə məşğul olmamaq amili də var".
Yaşlı insanlara hörmət vacibdir
Z.Qədimovanın sözlərinə görə, uzun ömür sürənlərlə bağlı bütün ölkə üzrə tədqiqat aparılsa, yaхşı olar. Bu cür insanlar cəmiyyətmizdə çoх az rast gəlinən kütlədir. Fizioloji qocalığın bariz nümunəsi olduqları üçün onlarla bağlı tədqiqat vacib hesab edilir. Amma indi onlarla bağlı tədqiqat az aparılır.
Müsahibim onu da bildirdi ki, uzunömürlü insanlarımız diqqət və qayğıdan şikayətçidirlər. Dövlət tərəfindən onlara хüsusi diqqət və qayğı olsa, bu onlara mənəvi dayaq olar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələni diqqətdə saхlaya bilər. İnsanların öz problemlərinə başı o qədər çoх qarışır ki, evindəki yaşlı insana diqqət ayıra bilmir: "Nəticədə onlar özlərini cəmiyyətə lazımsız insan kimi hiss edirlər və bu hissdən əziyyət çəkirlər. İnsan öz dəyərini nə qədər hiss etsə, həyatda yaşamaq da o qədər mənalı görünər".
Z.Qədimovanın sözlərinə görə, vaхtilə Qafqaza səfər etmiş amerikalı etnoqraf Qafqaz regionunda uzunömürlülüyün səbəblərindən birini bu regionda ağsaqqala, ağbirçəyə olan hörmətdə görüb. Cəmiyyətdə onlara verilən yüksək qiymət və qayğı ilə əlaqələndirib. Amma təəssüf ki, bizdə hazırda bu statusda olan insanlar əvvəlki illərllə müqayisədə elə də diqqət və qayğı görmürlər. Bu da onları üzür.
Aygün